Fəthullah Gülənin aksiyonunda tolerantlıq və dialoq
Haqqında müxtəlif şərhlər verilən Fəthullah Gülənin tolerantlıq və dialoq hərəkatına iki prizmadan baxmaq lazımdır; bunlardan biri həm Türk cəmiyyətinə, həm bütün dünyaya yönəlmiş tolerantlıq və dialoq, digəri isə yenə Türk cəmiyyəti daxilində, həm də bütün dünyadakı din mənsubları arasında tolerantlıq və dialoq fəaliyyətləridir.
Türk cəmiyyəti və qlobal səviyyədə tolerantlıq və dialoq
Fəthullah Gülənin əmin-amanlığı, rahatlığı pozulmuş Türk cəmiyyəti içindəki dialoq və tolerantlıq çağırışını layiqincə qiymətləndirə bilmək üçün əvvəlcə Türk toplum əsaslarına yaxın tarixi ölçüləri nəzərdən keçirmək lazımdır.
a. "Parçalanmış Bir Kristal"
Türkiyə Osmanlı dövlətinin əsrlərlə sürən süqut dövrünün ardınca 1923-cü ildə bir milli dövlət kimi meydana çıxdı. Lakin Qərbə daha çox meyil edən Osmanlı modernizminin davamı mahiyyətindəki Cümhuriyyət modernizmi Türk cəmiyyətini zaman keçdikcə böyüyəcək qütbləşmənin içinə atdı. Bir qütbdə seçilmişlər sinfi, digər tərəfdə xalq kütlələri yerləşirdi. Bu iki tərəf arasında uçurum açıq-aydın özünü büruzə verirdi. Bir tərəfin xüsusilə dinə mənfi münasibət bəsləməsi və qarşı tərəfə yuxarıdan-aşağı baxması aradakı uçurumun ən başlıca səbəb idi. İş o həddə çatmışdır ki, Sərbəst Firqə cərəyanına daxil olan Fəthi Okyar İzmirə gəldiyi zaman on minlərlə insan küçələrə, yollara səpələnmiş, izdiham içində 10 yaşlı bir uşaq ayaqlar altında qalaraq həyatını itirmiş, uşağın cəsədini qucağına alan atası Fəthi Okyara: "Qurtar bizi! Bu, ilk qurbanımız olsun!"– deyərək hayqırmışdı. Hadisəni nəql edən Şövkət Sürəyya Aydəmir soruşurdu: "Xalq kimdən qurtulmağı gözləyirdi? Ölkə 6-7 il əvvəl qurtulmamışdımı?"
Bir tərəfdən bu şəkildə çox kiçik bir azlıq seçilmişlər ittifaqı olan piramidanın təpəsində oturarkən, digər tərəfdən dövlətin tamamilə və qapalı milliyyətçi xarakteri səbəbi ilə ölkədəki etnik və məzhəb fərqlilikləri də problem kimi istismar və spekulyasiya üçün hazır vəziyyətə gətirilmişdi. Məlum olduğu kimi, Cümhuriyyət idarəetmə sistemi böyük ölçüdə keçmişi rədd edərək iqtidara gəlmiş və başlanğıcda tamamilə milliyyətçi müstəviyə oturmuşdu. Halbuki, böyük güclərin etnik fərqliliklərlə oyunlar oynadığı bir vaxtda sistem bütün vətəndaşlarını qucaqlamalı idi, lakin onun ifrat milliyyətçi xarakter nümayiş etdirməsi düzgün görünməyə bilərdi. Fəqət bunu tarixi, iqtisadi və sosial tərəflərindən təcrid edib əsas prinsip kimi yanaşaraq ölkədə əsl birləşdirici amilləri bir kənara atıb problemlərin köklərinə enə bilməmək qanayan yaraları sarımadan və bu yaralar önləyici tədbirlərlə vaxt keçdikcə sağalır kimi görünsə də onları potensial olaraq mühafizə etməkdən başqa heç nə edə bilməzdi. Beləliklə də, bu yaralar olduğu kimi qaldı və etnik problemlər cənubi-şərqi Anadoluda 20 ilə yaxın davam edən PKK terroru şəklində dəhşətli səviyyələrə çatdı.
Sistemin bəhs edilən xarakteri, zaman-zaman irtica adı altında səmimi dindarları da incidəcək şəkildə dinə mənfi münasibət və bir də iqtisadi çətinliklərlə birləşincə ölkədə qütbləşmələrə gətirib çıxardı. Bu qütbləşmələr çoxpartiyalı sistemə keçməklə birlikdə siyasi arenanı da zəbt etdi və ideoloji libasa bürünüb partiyadakı səlahiyyətlilərin uzlaşmaz mövqeyi sayəsində daha da böyüdü. Onlardan qaynaqlanan və xarici dəstəyə də açıq anarxiya bir çox gəncin potensial gücünün və ölkə qaynaqlarının hədər getməsinə səbəb oldu. Bütün bu ziddiyyətlərin səbəbləri çox dərinlərdə yatırdı və tək çarə təhsil, mədəniyyət, iqtisadiyyat, ölkə üçün faydalı insan yetişdirmə kimi sahələrdə axtarılmalı idi. Halbuki, idarəçilər bu mövzularda lazım olan tədbirləri həyata keçirmədikləri üçün ordu öz istədiyi şəkildə müdaxilələr etdi. Türkiyədə hər 10 ildə bir sanki ənənə halına gələn bu müdaxilələrin müvəqqəti faydaları olsa da, bu hadisələrin ordunun etibarını azaltmaqla yanaşı, sosial çatları dərinləşdirməsi də inkaredilməz bir faktdır.
Bütün bu mənfiliklərlə eyni ölçüdə, üzdə çox görünməsə də 1980-ci ildən əvvəl Maraş və Çorum hadisələrində yaşandığı kimi, hər an üzə çıxıb bütün ölkəyə təsir edəcək bir potensialda olan başqa bir problem isə Sünni-Ələvi fərqliliyi idi. Kökləri tarixin dərinliklərinə dayanan bu fərqliliklər, xüsusilə, İrandakı Səfəvilər dövləti tərəfindən Türkiyədə daim istismar edilməklə daha da dərinləşdirilmiş, Cəlali üsyanlarında mühüm rol oynamış, bu üsyanların yatırılması və Səfəvi dövlətinin sona çatması ilə qismən gizlənmiş, lakin öz varlığını qoruyub saxlamışdır.
Cümhuriyyət dövründə, xüsusilə Dersim üsyanı Ələvi vətəndaşlarımızla yeni rejimin münasibətlərinə təsir etdi. 1968-1980-ci illər arasındakı anarxiyanın bir qanadını təşkil edən sol hərəkatlar, hələ də fəaliyyətlərinə davam edən bəzi sol terror təşkilatları, əgər Maraş və Çorumda baş verən kütləvi hadisələr və 1993-cü il Sivas Madımak Oteli hadisəsi diqqətlə araşdırılsa, bu işdə maraqlı güclərin Türkiyədə istismar üçün münbit zəmin kimi Sünni-Ələvi fərqliliyini problemə çevirməyə çalışdığını və məsələnin həssaslığını görmək mümkün olar.
Qısa təsvir etməyə çalışdığımız bu mühitə, əsasən 1990-cı ildən sonra dünyəvilik-antidünyəvilik və hərbi dünyəvilik-antidünyəvilik ziddiyyətləri də əlavə olundu. Sovet İttifaqının dağılmasından sonra bəzi beynəlxalq güclər tərəfindən İslamın sanki qarşı qütbdə yerləşdirilməsi ilə bu ziddiyyət, bəzi xarici qüvvələr və onların ölkə daxilindəki əlaltıları tərəfindən də dəstək görüncə, ölkə yeni bir münaqişə atmosferinə girdi. İctimaiyyətin ən azı bəzi təbəqələrində bu münaqişəni alovlandırmaq istəyən qüvvələr tərəfindən təşkil edildiyi zənn olunan kimi tərəfindən törədildiyi məlum olmayan təxribatlar və bunlara bəhanə olaraq təşkil edilən mitinqlər, nümayişlər bu atmosferi daha da alovlandırdı. Qısaca, 1980-ci illərin sonunda taleyin Türkiyəyə qızıl sinidə təqdim etdiyi fürsətlər daxildəki siyasi çəkişmələrə, şəxsi kin və hiddətlərə, daxili hesablaşmalara, əliəyriliklərə, idarəetmədəki və idarəetmə strukturundakı çatlara, qabardılmasına çalışılan Sünni-Ələvilik, dünyəvi-antidünyəvilik kimi gərginliklərə, əsl səbəbkarı bilinməyən cinayətlərə, baş örtüyü kimi çox asan həll edilə bilən məsələlərə və PKK terroruna qurban verilərək hədər edildi. Sovet Sisteminin dağılmasından sonra yeni yaranmış suveren Orta Asiya Respublikaları ilə hər sahədə qurulacaq əməkdaşlıq, Türkiyəni daxilən güclü və dünya səviyyəsində hər Türk vətəndaşının başını ucaldacaq bir ölkə səviyyəsinə yüksəldə biləcəyi halda, əqrəb birdən tərsinə döndü. Bu ölkələrlə iqtisadi əməkdaşlıqlar da qurulmadı. Regional ölkələrlə münasibtlərimiz də gərginləşdi. Xarici münasibətlərdə yeni seçimlər ortaya çıxdı.
b. Tolerantlıq və Dialoqun Təməlləri
Beləliklə, ictimai həyatımızın bu cür parça-parça olduğu və dövlətlə xalqın, xüsusilə, İslamın barışığına ən çox ehtiyac olduğu bir vaxtda Fəthullah Gülən insanlara "hər kəsi inanc, həyat tərzi, irq, rəng, dil, məslək, sərvət, status, mövqe ayrı-seçkiliyi etmədən öz mövqeyində, öz fikir, dünyagörüşü, yaşayış tərzində" qəbul etmək və buna hörmət göstərməklə bütün cəmiyyət təbəqələri arasında dialoq qurulması mövzusunda çox geniş kontekstli bir çağırışla səsləndi. Bu çağırış 1994-cü ildə meydana çıxsa da, əslində onun bütün həyatında və neçə illik fəaliyyətində (yazı, söhbətlərində) eyni mövzunu görmək mümkündür. Məsələn, o, ilk dəfə 1986-cı ildə 4 cilddə nəşr edilmiş "Ölçü və ya yoldakı işıqlar" adlı kitabında belə deyir:
"Dünyanı düzəltməyə çalışanlar əvvəlcə özlərini düzəltməlidirlər. Bəli, əvvəlcə içlərini kindən, nifrətdən, qısqanclıqdan, çöllərini də hər cür uyğun olmayan davranışlardan təmizləməlidirlər ki, ətraflarına nümunə ola bilsinlər.
İnsanları aydınlatma yolunda yürüyənlər, onların səadətləri uğrunda daim ora-bura qaçanlar, həyatın müxtəlif uçurumlarında onlara əl uzadanlar özlərini dərk etmiş elə ali ruhlu insandırlar ki, bunlar yaşadıqları cəmiyyətin qoruyucu mələkləri kimi cəmiyyəti sarsıdan müsibətlərlə mübarizə aparır, fırtınalara sinə gərir, yanğınların üzərinə gedir və gözlənilən sarsıntılar qarşısında daim diqqətlə keşik çəkirlər.
Gələcəyin nurlu və məsud dünyasını ancaq məhəbbətlə yoğrulmuş sevgi qəhrəmanları quracaqdır. Dodaqlarında məhəbbətdən təbəssüm, könülləri sevgi ilə zəngin, baxışları insani duyğularla dolu, hamıya və hər şeyə şəfqətlə baxan, doğub-batan günəşdən, yanıb-sönən ulduzlardan hər zaman məhəbbət mesajları alan sevgi qəhrəmanları..." (Ölçü veya Yoldakı Işıklar 2/108–110; yeni nəşr 202, 219)
Fəthullah Gülənin, xüsusilə "Tolerantlıq" başlığı altında yazdığı və əvvəllər də sitat gətirdiyimiz fikirlər üslub və ifadəsi ilə başdan-ayağa sevgi və tolerantlıqla dolu olub, özünü başqalarına həsr etmiş bir qəlbin səsidir:
- "Aç hər kəsə aça bildiyin qədər sinəni, ümmanlar kimi olsun!" İnancla gəril və insana sevgi duy! Qalmasın hiss etmədiyin və əl uzatmadığın bir hüznlü könül!..
- Yaxşıları yaxşılıqları ilə alqışla, inanmış qəlblərə alicənab ol! İnkarçılara qarşı elə yumşaq davran ki, kinləri, nifrətləri əriyib getsin və sən nəfəslərində daima Məsih kimi ol!..
- Pisliklərə yaxşılıqlarla qarşılıq ver; qaba, kobud hərəkətlərə fikir vermə! Hər kəs davranışları ilə xarakterini göstərir. Sən sevgi və yumşaqlıq yolunu seç və harada necə davranacaqlarını bilməyənlərə qarşı alicənab ol!..
- Sevgini sevib düşmənçiliyə düşmən olmaq inancla döyünən hər qəlbin ən gözəl xüsusiyyətidir. Hamıya nifrət etmək isə ya qəlbini şeytana satmaq, ya da dəlilik əlamətidir. Sən insanı sev, insanlığa heyran ol!..
- Diqqətli olmalı, bir dəfə də olsa, nəfsin hakimliyinə düşməməlisən, çünki ona (nəfsə) görə səndən başqa hamı günahkar, hər fərd bəxtsizdir. Bu isə, ən doğru sözlünün bəyanında deyildiyi kimi, həmin şəxsin həlakı deməkdir. Sən nəfsinə qarşı olduqca sərt, başqalarına qarşı da mülayimlərdən mülayim ol!..
- Başqalarını sənə sevdirən və onları sənin nəzərində sevimli göstərən davranış və hərəkətlərə diqqət elə! Unutma ki, eyni şeylər sənin də sevilib bəyənilmənə səbəb ola bilər.
- Haqqın sənə qarşı davranışını meyar götürüb xalqa qarşı elə davranmalısan. O zaman xalq içində Haqla bərabər olar, hər iki tənhalığın dəhşətindən də qurtularsan." (Ölçü veya Yoldakı Işıklar 1/35-38; yeni nəşr: 107-108)
Fəthullah Gülən ilk gündən bəri cəmiyyətdə davamlı tolerantlıq (və ya xoşgörü) və dialoq, başqalarını özündən üstün tutma və özünün ifadəsi ilə "yaşatmaq üçün yaşama sevdasından vaz keçmə" üzərində dayanmış və bu çox əhəmiyyətli xüsusiyyətləri sağlam bir sosial həyatın dəyişməz əsasları olaraq görmüşdür. Bundan başqa, onun İslam anlayışı və aksiyon düşüncəsindən bəhs edərkən təmas edildiyi kimi, sevgi, mərhəmət, insanın dəyəri və insana hörmət, təvazökarlıq, yaxşılıq etmə düşüncəsi kimi mövzular və xarakterlər yenə onun həssaslıqla yanaşdığı mövzulardan olmuşdur. Bu baxımdan yuxarıda ifadə edildiyi kimi, Gülənin 1994-cü ilin ortalarında başlatdığı tolerantlıq və dialoq hərəkatı və bu kontekstdə çağırışları xeyli vaxtdır ərz etməyə çalışdığı bir fikri cəmiyyətə təqdim etməsi kimi qəbul edilməlidir və elədir.
c. Fəaliyyətlər və Mülahizələr
Fəthullah Gülən tərəfindən səsləndirilən və bəzi jurnalistlərin birlikdə qurduğu "Qazeteçiler və Yazarlar Vakfı" tərəfindən cəmiyyətin bütün təbəqələrinə yayılan tolerantlıq və dialoq çağırışı iki dünya müharibəsində məğlub edilmiş Almaniyanın qısa vaxtda dünya nəhəngi olması və II Dünya müharibəsindəki məğlubiyyətindən heç 20 il keçməmiş bizdən işçi cəlb etməsi, eyni müharibənin digər məğlub olmuş dövləti Yaponiyanın başqa bir dünya nəhənginə çevrilməsi faktları ilə müqayisədə dünyada adı çəkilməz vəziyyətə düşən və 75 ildə şübhəsiz gözəl şeylər həyata keçirilsə də, daha çox şüarlara, bayramlara səhnə olan Türkiyə üçün həqiqətən çox önəmli idi. Bu baxımdan, Gülənin "mədəniyyətlər toqqışmasının" danışıldığı, bəlkə də, planlaşdırıldığı bir dövrdə başladaraq bütün dünyaya yayılmasını arzuladığı bu tolerantlıq və dialoq çağırışı Türk cəmiyyətinin çox az qismi istisna olmaqla, demək olar ki, bütün təbəqələri tərəfindən səmimi qarşılandı. Elə oldu ki, bir vaxtlar sol cərəyanlar içində fəaliyyət göstərən, hətta anarxiyaya da qarışmış insanlardan bir çoxu ya bu dialoq fəaliyyətlərində özlərinə yer tutdular, ya da ona açıq və gizli şəkildə dəstək vedilər. Aralarında: "Artıq başa düşdük ki, din tiryək deyilmiş. Tam əksinə, insanları bir-birinə bağlayan betonmuş o!" – deyə yazanlar; "Bizə illərlə İslam dini öyrədilmədiyi üçün İslamı yox hesab etmişik. Bu mövzuda illərlə cəhalətə sürüklənmişik. Bu mövzuda illərdə cəhalətə məruz buraxılmışıq," – sözləri ilə, bir an üçün də olsa, ziyalı məsuliyyətinin vicdana söykənən ciddi bir nümunəsini sərgiləyənlər; "Toplum olaraq uzun illər böyunca düşmən cəbhələr halında bir-birimizlə münaqişə etdik. Bəlkə, əsl mənada vuruşmadıq, amma aramızda sülh də olmadı. Əslində – Ortada sülh axtarırdıq.. Ərafda qalmağa da razı deyildik; Cənnət üçün darıxmışdıq," – deyə fikir irəli sürənlər daxili asayış üçün ümid toxumu kimi görünürdü.
Bunlarla yanaşı, dövlət başçısından tutmuş küçədəki vətəndaşa, media mənsublarından siyasətçiyə və sənət adamlarına qədər, demək olar ki, hər kəs ölkədə hiss edilən daxili sülhə öz töhfəsini verirdi. Daxili əmin-amanlıq və ictimai uzlaşma niyyəti ilə təşkil edilən gecələr, mükafat mərasimləri və iftarlar, məsələn:
- Qazeteçiler və Yazarlar Vakfı"nın 1994-cü il iyun ayının sonunda "Dədəman" otelində təşkil etdiyi tanışlıq konfransında;
- 11 fevral 1995-ci ildə İstanbulda "Polad Renessans" otelində;
- 26 fevral 1995-ci ildə "Böyük Ankara" otelində;
- 27 yanvar 1996-cı ildə "Hilton" otelində verilən iftar yeməkləri;
- 30 sentyabr 1996-cı ildə Lütfi Kırdar Beynəlxalq İdman və Sərgi Sarayında təşkil edilən "Xoşbəxt Gələcək üçün əl-ələ" konfransı;
- 4 yanvar 1996-cı ildə Çırağan Sarayında tərtib edilən "Tolerantlıq"mükafatları və
- 25 dekabr 1997-ci ildə "Hilton" otelində təşkil edilən "Beynəlxalq Uzlaşma Təşviq" mükafatları mərasimləri;
- Bunlarla yanaşı, 19 sentyabr 1995-ci ildə Bosniya üçün təşkil edilən xeyriyyə futbol oyunu;
- 27 dekabr 1996-cı il maliyyə tərəfini və sponsorluğunu "Qazeteçiler və Yazarlar Vakfı"nın üzərinə götürdüyü "İtlər adası" filminin təqdimat gecəsi;
- "Mədəniyyətlərarası Dialoq" toplantısı;
3 fevral 1998-ci ildə "The Plaza Cevahir" otelində bayramlaşma münasibəti ilə edilən çıxışlar və müzakirələrdə ifadə edilənlər sadəcə təqdir və bunlara könüldən qatılmaq demək idi. Onu da qeyd etmək lazımdır ki, o dövrün dövlət başçısı Süleyman Dəmirəl 28 fevral hadisələrinin ən qızğın günlərində, xüsusilə, bəzi mərkəzlərin təzyiqlərinə baxmayaraq, iştirak etdiyi "Milli Uzlaşma Təşviq Mükafatları" mərasimində etdiyi çıxışda bunları deyirdi:
"Dünyanın böhranlarla çalxalandığı bir vaxtda birlik, bərabərlik, qardaşlıq, asayiş bizim vətəndaşlarımızın sahib çıxdığı ən önəmli məsələlərdir. Xalqımız sözdə deyil, əməldə də bunu sübut etdi. Aramıza təfriqə salmayın. Sizi bir-birinizə qarşı gətirmək istəyənlər olarsa, əhəmiyyət verməyin. Hansı inancdan, hansı etnik kökdən gəlmənizdən asılı olmayaraq, hər biriniz bu ulu millətin fərdisiniz. Səmimi şəkildə bir-birimizlə qucaqlaşaq. Bu istiqamətdəki fəaliyyətləri təqdirlə qarşıladım. İstərdik ki, bu mərasimi Türkiyədə hamı izləyə bilsin. Bu ölkə bizə əmanətdir. Biz bu əmanəti bizdən sonra gələcək nəsillərə çatdıracağıq. Vətəndaşlarımız bunu dərk edəcəklər. Müsəlmanlıq sülh dinidir və sülhü tövsiyə edir. Sülh şəraitində yaşamağı bacarmaq bizim nəsillərimizin vəzifəsidir. Mən Türk dövlətini, millətin birliyini, bütövlüyünü təmsil edirəm. Bu axşam olduğu kimi, Türk millətinin birliyini, asayişini gücləndirəcək bütün fəaliyyətlərə dəstək verəcəyəm." (Milliyyət, 26 mart 1997)
Bu konfranslar Türk cəmiyyətinin hər təbəqəsinin təmsilçilərini bir araya gətirdi. Dövlət başçısından baş nazirə, nazirlərə, millət vəkillərinə, bələdiyyə baçşılarına, siyasi partiya təmsilçilərinə və bürokratlara; Vatikan İstanbul təmsilçisi və Fənər Rum Patriki ilə Yəhudi Camaatı sinaqoq rəhbəri, Yəhudi Camaatı rəhbəri və görkəmli xadimlərindən Süryani və Erməni Katolik Camaatları patriklərinə və təmsilçilərinə və xarici ölkələrdən gəlmiş vəzifəlilərə, hər sahədən olan elm adamlarına, jurnalistlərə, yazıçı və sənətçilərə, iş adamlarından ticarət sahiblərinə qədər cəmiyyətin bütün təbəqələrindən çox sayda insan bu konfransların bir, bir neçə və ya əksəriyyətində iştirak etdi. İstər bu toplantılarda, istərsə də daha sonra qəzet səhifələrində müşahidələrini və duyğularını ifadə edən iştirakçıların əksəriyyəti eyni tolerantlıq, dialoq və ictimai sülh kimi dəyərləri dilə gətirdilər. Məsələn, Fənər Rum Patriki Bartolomeos "Sülh, asayiş, sevgi istiqamətlərində ciddi addımlar atan vəqfin qurucularını və üzvlərini" təbrik edir, "Fəthullah Gülənin hər kəs üçün sülhün, tolerantlığın bütün ölkə liderləri və insanlıq üçün mötəbər dəyərlərin bir timsalı" olduğunu deyirdi. (Zaman, 1 oktyabr 1996)
Vatikan İstanbul təmsilçisi Georges Maroviç istər müsəlman, istər xristian, istərsə də yəhudi olsun - cəmiyyətin hər qrupundan olan insanları eyni nöqtədə birləşdirən faktorun Fəthullah Gülənin qəlbindəki sevgi və onun tək silahının Allah sevgisi olduğunu, onun dünya üçün böyük örnək təşkil etdiyini bildirirdi (Ergün, 270). Yazıçı və film prodüseri Xalid Rəfiq duyğularını:"Könlümüz ilin hər gününün bayram olmasını arzulayır. Ölkəmizin və bölgəmizin üzərində müharibə ab-havası hakim olduğu bir zamanda biz bu gün tamamilə başqa atmosfer içindəyik. Bu birliyimizi davam etdirək!" – şəklində ifadə edir. Jurnalist Rza Zelyut "Artıq keçmişdən qalma və başqa ölkələrdən idxal edilən sağ-sol qütbləşmələrindən" qurtulmağın zəruriliyini, insanların dünəninə baxaraq, şablon düşüncələrlə bu gününü məhkum etməməli olduğunun zəruriliyini vurğulayır və vəqfin fəaliyyətlərinə könüldən dəstək verirdi. Müğənni Yılmaz Morgül vəqfin müxtəlif dünyagörüşlü insanları bir araya gətirməsini Türkiyə üçün çox əhəmiyyətli bir hadisə olaraq qiymətləndirir və bu fəaliyyəti alqışlayır (Zaman, 29 yanvar 1997), Orxan Gəncəbay ifa etdiyi son musiqisində etnik və məzhəb fərqliliklərinin ayrılığa səbəb olduğunu irəli sürənləri qınayıb isnanları birliyə çağırırdı. (Zaman, 2 oktyabr 1996)
Milli qəzetdən Şükrü Qənbər Türkiyənin dialoqsuzluğun kor quyusunda uzun müddət yaşadığı üçün fərqli sıxıntılara məruz qaldığını vurğulayır (8 yanvar 1996), universitet müəllimi və Cəm Vəqfi başçısı professor İzzəddin Doğan isə fərqliliklərdən qorxmamağın çox mühüm olduğunu vurğulayaraq "Qazeteçiler və Yazarlar Vakfı"nı fərqli görüş və məzhəbdəki insanları bir araya gətirdiyi üçün təqdir və təbrik edirdi (Zaman, 29 yanvar 1997).
Vəqfin tolerantlıq və dialoq mövzusunda həyata keçirdiyi fəaliyyətlərə qatılan bir çox insan, məsələn, TEMA Vəqfi rəhbəri Xeyrəddin Qaraca, professor Nur Vergin, daha sonra bir cinayətə qurban gedən Yəhudi iş adamı Üzeyir Qarih, TBMM sabiq deputatı Həsən Qorxmazcan, sabiq mədəniyyət naziri İsmayıl Qəhrəman və professor Toxtamış Atəş, hər zaman müsbət duyğu, təqdir və təbriklərini dilə gətirirdilər. Bir müddət millət vəkili olmuş Yəhudi iş adamlarından Jak Kamhi isə öz düşüncələrini belə dilə gətirirdi:
"Ümumiyyətlə, mən Fəthullah Gülən xocadan başqa şey gözləməzdim. O, əcdadlarına yaraşan şəkildə, onların yolunu davam etdirir. Türklər əsrlər boyunca bütün insanlara sevgi və ehtiram göstərmişlər. Nə din müharibələri, nə təzyiq, əksinə getdikləri yerlərdə insanları azadlıqlarına qovuşdurmuşlar. Bu yaxınlarda Macarıstana getdim. Həmişə Türkləri tərifləyirlər. Rumıniyaya getdim, yenə sevgi ilə qarşılayırlar. Fəthullah Gülən xocanın "tolerantlıq" fəaliyyətini xeyli vaxtdır izləyirəm və bunu alqışlayıram... Onu da əlavə edim ki, əgər əcdadlarım o tolerantlığı Osmanlıdan və Türkiyədən görməsə idi, mən bu gün həyatda olmazdım." (Zaman, 11 mart 1998)
d. Sünni-Ələvi Sülhü və Uzlaşması
Fəthullah Gülənin dialoq və uzlaşma çağırışının bir tərəfini onun eyni məqsəd ətrafında qabaqcıl Türk dövlət xadimləri və siyasi partiya rəhbərləri ilə apardığı görüşlər təşkil edirsə, digər tərəfini də tarixi hadisələrin də təsir etdiyi Sünni-Ələvi gərginliyini aradan qaldırma cəhdləri təşkil edir.
Eyyub Canın Fəthullah Gülənlə apardığı reportajdan hazırladığı Üfüq Turunda Gülən: "Bizim (Sünnilərin) yonulub düzəldilməli cəhətlərimiz olduğu kimi, onların da (Ələvilərin) bəzi cəhətlərinin yonulması, şəkilləndirilməsi lazımdır. Ələvilik haqqında xüsusi araşdırmalar aparan tanıdığımız insanlar var. Onların mütaliələrinə baxanda Ələviliyin, həqiqətən, ayrı bir zənginlik olduğu ortaya çıxır. Məncə, o mədəniyyət Sünnilik düşüncəsi ilə kənara atılmamalı, dəyərləndirilməlidir," – deyir və əks təqdirdə, yaxın tariximizdə baş verən bəzi problemlərə toxunur. Artıq keçmişdən və problemlərdən danışmağın mənasız olduğunu vurğulayan Gülən Sünnilərin və Ələvilərin bir-birinin daxili dünyalarına və ruhi dərinliklərinə enmələrinin vacibliyindən bəhs edir, daha yaxın, möhkəm və sağlam təmas və anlaşma, uzlaşma üçün də daha çox şifahi mədəniyyətə söykənən Ələviliyin məcmu halına gətirilərək elmilik qazanması, bunun üçün də Cəm evlərinə, bundan başqa, xalqın davamlı toplandıqları yerlərə, oxuma salonlarına, təhsil mərkəzlərinə Hacı Bektaş, Yunis Əmrə və Niyazi Misri kimi Şiələr tərəfindən rəhbər qəbul edilən şəxslərin əsərlərinin ortaya qoyulması təklifini verir. Fəthullah Gülən daha da irəli gedərək İzmir Narlıdərədə tanış olduğu Ələvi dədəsinə birlikdə məktəb açma və həmçinin yan-yana məscid və Cəm evi qurma təklifini verirdi.
Gülən Şiəliyə "Əməl, davranış və düşüncədə Həzrəti Əlinin davamçısı olmaq və bundan əlavə, Həzrəti Əlinin (r.a.) digər səhabələrdən nisbətən üstün tərəflərini ön plana çəkib ona tabe olmaq" kimi tərif verir, Anadoluda bəzi Türk boylarının Həzrəti Əlinin (r.a.) qəhrəmanlığına və mərdliyinə məftun olmaları ilə "yaşadıqları bölgələrin sosial-mədəni şəraitinin" onlarda Ələviliyə tərəfdar olma düşüncəsini doğurduğunu və mövzunun psixo-sosioloji aspektdə təhlil edilməsi ilə bu həqiqətin meydana çıxacağını söyləyirdi. Bundan başqa, Həzrəti Əli və Əhli-Beytə söykənən Ələvilik anlayışı ilə heç bir Sünninin problemi olamayacağına diqqəti cəlb edirdi.
Fəthullah Gülən bəzi ideoloji radikal qrupların və bunları yönləndirənlərin daim Sünni-Ələvi toqquşmasında maraqlı olduqlarını vurğulayaraq Türk millətinin Sünnisi ilə, Ələvisi ilə birləşmiş bir cəmiyyət olduğunu qeyd edir, son vaxtlarda orada-burada törədilən hadisələrin kökündə bəzi məqsədlərin olduğuunu bildirirdi. 1994-cü ildə Ələvilərin daha çox məskunlaşdığı İstanbul Qaziosmanpaşadakı çayxanaya hücumu "çirkin bir təcavüz olaraq" qeyd edən və "nifrətlə qarşıladığını" dilə gətirən Gülən ölkə və cəmiyyət əleyhinə formalaşdırılmağa çalışılan Sünni-Ələvi toqquşması və bu toqquşma ilə nəyəsə nail olmaq istəyən güclərin varlığını da istisna etmir.
Gülən Türkiyədəki Sünni-Ələvi ayrı-seçkiliyinin və Ələvilərlə fərqli davranıldığı təsəvvürünün Avropa birliyinə gedən yolda Türkiyəyə zərər verəcəyini də nəzərə çatdırırdı. (Sönməz, 152–157)
e. Ümid və Narahatçılıq
Fəthullah Gülən dalğa-dalğa dünyaya yayılacağına ümid etdiyi tolerantlıq və dialoq hərəkatını ictimai səviyyədə səsləndirərkən, şübhəsiz, bəzi həqiqətlərdən də xəbərdar idi. Türk cəmiyyəti içində lap başdan münaqişə ilə qidalanan və buna görə uzlaşma, dialoq, ictimai sülhün bərqərar olmasını istəməyən daxili və xarici qüvvələrin, mənfəət qruplarının olduğunu bilirdi. Ona görə də, qeyd edilən gecələrdə etdiyi söhbətlərdə bir tərəfdən ümidlərini səsləndirir, digər tərəfdən də narahatçılığını dilə gətirir və sanki iştirakçıları və bütün cəmiyyəti diqqətli olmağa çağırırdı:
- Önümüzdəki illər sevgi və xoşgörü illəri olacaq. Hamıya sevgi ilə bağrımızı açacaq və dünyanın daha çox möhtac olduğu bir şeyi həyata keçirəcəyik. Lakin bir narahatlığım var. Bəzi marjinal qruplar zəifliklərini çığırıb-bağırmaqla, özlərində gücün var olduğunu hiss etdirməyə çalışaraq cəmiyyətin əmin-amanlığını pozmaqda davam edəcəkdir. Bundan sonra tolerantliğa tələ qurmağa çalışacaqlar. Və belə çıxır ki, bizi bundan sonra daha ağır sınaqlar gözləyir. Millətimiz bir-birinə dözməklə bu ağır imtahandan üzüağ çıxacaq, bütün gücümüzü ortaya qoymağa çalışacağıq." Gəlsə cəlalından cəfa; Yaxud camalından vəfa; İkisi də cana səfa; Lütfün də xoş, qəhrin də xoş" – deyəcək, "döyənə əlsiz, söyənə dilsiz" olacaq və hər şeyi incimədən, sevgi ilə, şəfqətlə qucaqlayacaq, gələcəyə bir-birimizi sevərək addımlayacağıq. (Ergün, 242 )
Gülən başqa bir söhbətində yenə buna bənzər duyğuları dilə gətirirdi:
"Bir-birimizlə yola getmədik. Bir-birimizi öz aramızda qəbul edə bilmədik və nəticədə öz birliyimizi, öz cənnətimizi itirdik. Və bu günə qədər itirdiklərimizi əldə etməyimiz bir–birimizi qəbul etməkdən asılıdır. İnsanlığın bu gün ən çox ehtiyac duyduğu şey budur.
Gördük ki, cəmiyyətimiz həqiqətən dialoqa, uzlaşmağa uyğundur. Uzlaşma yolunda atılan addımlar bizi ilahi əxlaqa apardı. Allah öz əxlaqından bəhs edərkən: "Qulum Mənə yeriyərək gələrsə, Mən ona qaça-qaça gedərəm," – buyurur. Bu dialoq daxilində kimə tərəf addım atsaq, o, bizə doğru qaça-qaça gəlir. Anlayışlı insanlar olaraq Həzrəti Yaqubun həsrət və hicranını, Kərbəla şəhidi Həzrəti Hüseynin kədərini öz içində hiss edən cəmiyyətimizin bütün təbəqələri ilə bir-birini qucaqlayacağı, media və ziyalılarımızın buna rəhbərlik edəcəyi günləri; idarəçilərimizin də üslublarını təzədən gözdən keçirib düşüncə və qarşılıqlı münasibətlərində tolerantlığı və uzlaşmanı əsas götürəcəklərini gözləyir və gələcək üçün "anlayışla əl-ələ" deyirik. Deyirik ki, gələcəyimiz uğrunda qanlı planlar hazırlayıb Türkiyəni qan gölünə çevirməyi düşünənlər varsa, bu planların reallaşmasına imkan verilməsin. (Ergün, 250)
Gülən bir digər söhbətində isə xoşgörü və dialoqun kökünün İslamın təməlində olduğuinu bildirir və deyirdi:
"Xoşgörünü həqiqi mənası ilə, ölçüləri ilə başqa yerlərdə axtarmaq bihudədir. Xarakterimiz olan xoşgörü Mövlananın, Yunis Əmrənin düçüncəsi... Əgər biz İslam dinindəki, Allah Rəsulu Həbibullahın sözlərindəki incəliyi qavraya bilsək, dinimizin təməlinin nədən ibarət olduğunu anlaya bilərik. Düşünürəm ki, məhvərindən çıxmış dünya başını sağa-sola vurduqdan sonra həqiqəti anlayacaq. Yaxın gələcəyimizin kin, nifrət, şiddət, ədavət üzərində deyil, sevgi və sülh üstündə qurulacağını Allahdan diləyirik. (Ergün, 254)
f. Birləşmə Nöqtələri
Fəthullah Gülənin xoşgörü və dialoq çağırışına ölkə daxilində iki təbəqə reaksiya verdi. Bunlardan biri, Türkiyənnin daxili əmin-amanlığını istəməyən və ölkənin daim münaqişə içində qalmasını öz mənfəətləri və gələcəkləri etibarilə daha faydalı görən qrup idi. Bu təbəqə kimi, Gülənin dialoq və tolerantlıq çağırışına "sinif" prizmasından baxaraq qarşı çıxan başqaları isə, Fəthullah Gülənin İslam içindən nəşət etmiş və məscid imamlığından yetişmiş insan olmasını həzm edə bilmirdilər. Gülənin səslənişinə əks reaksiya verən digər ikinci təbəqə xoşgörü və dialoqun müsəlmanlara göstərilmədiyini və müsəlman olmayanlara bu şəkildə güzəştə gedildiyini iddia edən, marjinal, radikal sayıla biləcək bəzi müsəlman qruplar idi. Halbuki, Fəthullah Gülən illər boyu bu qruplar arasında müəyyən qədər tanınırdı, onu tənqid edənlərin onsuz da əvvəllər ona simpatiyası olmamışdı. Heç vaxt siyasi fəaliyyət göstərməməsi və İslam ilə siyasəti birlikdə aparmağa çalışanlara siyasi sahədə dəstək verməməsi, bundan başqa, din, ölkə və insanlıq adına bəzilərinin düşüncələrinə qatılmaması bu antipatiyanın ən əsas səbəbi idi. Bu cür reaksiyalarda qısqanclıq kimi daha neçə belə nəfsi faktorların olub-olmadığını bilən və bu mövzuda öz hökmünü verəcək olan da yalnız Allahdır.
Fəthullah Gülən başlanğıcdan hər hansı müsəlman qrupun, xüsusilə, birbaşa İslama istiqamətlənmiş fəaliyyətlər mövzusunda onların əleyhinə heç bir təşəbbüsə əl atmadı. Müsəlman qruplar arasında dialoq, sülh və qardaşlıq kontekstində fikirlərini zaman-zaman gizli-açıq dilə gətirdiyi kimi, bu mövzudakı bütün düşüncələrini neçə illər öncə, 1979-cu ildə professor İbrahim Cananın"Sülh Xətti" adlı kitabına yazdığı "Birləşmə Nöqtələri" başlıqlı ön sözdə də dilə gətirmişdir.
Qeyd edilən məqalənin ilk sətirlərində: "Doğrusu, ittifaq və ayrılıq mövzusu dövrümüzdə əhəmiyyətini qoruyub saxlayan ən aktual mövzulardan biridir. O, hər dövrdə əhəmiyyətini saxlasa belə, yeni bir dünyaya görə hazırlanmağın çox vacib olduğu bir zamanda ciddiyyəti getdikcə artan və bütün ictimai məsələlərin önünə keçən bir mövzuya çevrilmişdir. Çox rahat söyləyə bilərəm ki, dirilişimiz üçün ixtilaf və ayrılıqdan daha böyük bir təhlükə təsəvvür etmək mümkün deyildir," – deyərək cəmiyyətdə birliyin əhəmiyyətinə, ayrılıqların zərərinə diqqəti yönəldən Fəthullah Gülən, xüsusilə, müsəlmanlar və Müsəlman qruplar arasındakı, ümümiyyətlə isə, ölkə daxilində ayrılıqların (ziddiyyətlərin) səbəbləri kimi bunları göstərməkdədir:
- "Cəmiyyətin elmi-fikri quruluşu etibarilə dar, qəlbi-ruhi həyatı etibarilə kasıb, rəhbərləri etibarilə sahibsiz və acınacaqlı halda olması;
- Bu şəraitin doğurduğu mənfi təəssübkeşlik;
- Nəfsə məhəbbətin ifadəsi olan "mənmərkəzçilik"; səbəbləri hədəf və məqsədlərin yerinə qoyma kimi gizli şirk;
- "Mənim əlimlə olmadıqdan sonra, başqalarının verəcəyi xeyiri də, o xeyirin səbəblərini də istəmirəm" kimi bir haqbilməzlik;
- Doğruluğu yalnız özünə tabe olmada görüb, başqa hər kəsi kafir, dəlalət əhli və günahkar görmək kimi özbaşınalıq və təəssübkeşlik;
- Bəzi böyük insanların maddi-mənəvi (vəzifə və şöhrətpərəstlik kimi) duyğularından istifadə edib, onların qarşı qruplarla rəqabətə sövq edilməsi;
- İslam naminə həyata keçirilən fəaliyyətlərdə müqabil xidmət qruplarını məhv etmə düşüncəsi ilə hərəkət edilməsi;
- Elm və fəzilətin səmərəsinin (bəhrəsinin) əldə ediləcəyi yer və zaman daha çox, uzaq gələcək sayılan axirət olduğu halda, bunların kiçik cəhd və əməllər arxasında və bu dünyada gözlənilməsi;
- Millətə xidmət edənlərin öz məsləklərinin sevgisi ilə yaşamaları bir düstur olduğu halda, bunun yerinə, başqalarına qarşı düşmənçiliklə məşğul olub tevfiqi İlahinin – (uğur qazanmaq üçün şərt olan İlahi yardımın) önəmli bir səbəbinin itirilməsi;
- Bu nəfsani amillərlə yanaşı, müsəlmanlar arasında ayrılığa səbəb olan digər faktorlara da diqqəti cəlb edir və bunları belə sıralayır:
- "Uzun müddət din yolunda xidmət edilməməsi, sonra bu vəzifənin fərqli fərdlər və camaatlar tərəfindən icra edilməsi və üstəlik bu fərd və camaatlara sözünü keçirəcək bir rəhbər və yol göstərənin olmaması, nəticədə də hər qrupun ayrı yol tutması;
- Bu qruplardan hər birinin onlara yol göstərən rəhbər və liderlərinə mücəddid (səhih hədisə görə, hər əsrin başlanğıcında dini həqiqətləri dövrün ehtiyaclarına uyğun öyrətmək üçün göndərilən böyük alim və Peyğəmbər (s.ə.s.) varisi olan şəxs) nəzəri ilə baxması. Gülən hər bir Müsəlman qrupun öz rəhbərinə mücəddid nəzəri ilə baxmasını bir tərəfdən normal qarşılasa da, düşüncə və dəyərləndirməsi zəif olan insanların əlində bu cəhətin ayrılıq səbəbi olduğunu və olacağını düşünür.
- Qiyamət fitnəsi qarşısında fərd üçün də, cəmiyyət üçün də xilaskar kimi qəbul edilən Mehdilik inancı. Gülən fərd olaraq Mehdi haqqında xəyal edilən böyüklüyün və rəhbərini Mehdi olaraq qəbul edən camaatdakı mənfi dini təəssübkeşliyin ayrılıq səbəbi olacağını düşünür.
- İxtilafların xaricdən və qrupların daxilnə sızan bəzi xarici ünsürlər tərəfindən alovlandırılması; məzhəb, təriqət və xarakter fərqlərinin körükləndirilməsi; etnik ab-havanın qıcıqlandırılması;
- Səmimi və davamlı olaraq dinə xidmət edənlərin təsirinin qarşısını almaq üçün ona qarşı həmin heyət içindən və ya kənardan yeni qruplar çıxarıb daxili münaqişələr meydana gətirməklə bu hərəkatın yox edilməsi;
- Bunlara əlavə olaraq, bizim insanlarımızın mənəvi boşluğa məruz qalması, kütlələrin bəzi fantastik düşüncə və sistemlərə bağlanaraq mənəvi həyatdan çox-çox uzaqlaşdırılması."
Fəthullah Gülən, xüsusilə, İslama xidmət edən Müsəlman qrupları arasındakı birliyin əhəmiyyətini, həm İslam naminə, həm də Türkiyənn bütövlüyü üçün əvəzedilməz bir şərt olaraq görməklə yanaşı, birləşdirmə həvarisi kimi, münasibət qurulan hər şəxsə "Gəlin, birləşək" deməyin münasib olmayan təklif olduğunu bildirir. Əsasən, öz anlayışına dəvət ədası içində ifadə edilən bu təklifin tamamilə hörmətsizlik olduğunu vurğulayan Gülən, belə bir davranışın ən haqpərəst insanlarda belə qrup tərəfkeşliyinə təhrikdən başqa heç bir fayda verməyəcəyini vurğulayır. Buna bənzər "Müəyyən bir qrupa qarşı birləşmə və ya düşmənçilik duyğuları ilə bir araya gəlmələr, hücum etmiş və ya edilmiş olma düşüncəsi ilə toplanmalar, hissi birləşmələrin müvəqqəti dalğalanmalarından ibarətdir," – deyən Gülən uzlaşmanın hər şeydən əvvəl ağıl və məntiq məsələsi olduğunu qeyd edir.
Gülənə görə, qruplaşma hissi insanın fitrətində mövcuddur və fərqli düşüncə və anlayış fərqli yaradılışın nəticəsidir. Ancaq yaradılışdakı və kainatdakı ahəng və intizamı bəşər övladı öz iradəsi ilə təmin etmək məcburiyyətindədir. Makroaləmdə məcburiyyət (determinizm), insanlıq aləmində isə "normal şərait" çərçivəsində iradilik hökm sürür. İlkin yaradılış Allahın lütfü olsa da, sonrakı hər ehsan müəyyən bir səbəbə bağlanmışdır. Buna görə, ictimai birlik və bərabərlik üçün ilk şərt insanların vicdanlarının səsini dinləməsi və könüllərdə alicənablıq və insanlıq sevgisinin formalaşmasıdır. Bu da elm və ürfanın, dialoq və xoşgörünün yayılması ilə mümkün ola bilər.
Gülən bu ilk şərtdən sonra sağlam bir birlik naminə bu məqamları vurğulayır:
- "Təməl əsaslarla bağlı olmayan fərqli düşüncələr normal qəbul edilməli və millət fərdlərinə, müxtəlif qrup və toplumların fərqli təbəqələri arasında heç olmasa, bir əcnəbiyə göstərilən süni nəzakət qədər nəzakət və hörmət göstərilməlidir.
- Başqalarını küfr və dəlalət (yolundan azma, sapqınlıq) içində görmək, ya da günahkar saymaq həm mənasız, həm də təhlükəli anlayışdır. Hər kəs, hər qrup öz dəsti-xəttini izah etmə, tanıtma və tövsiyə etmə ilə məşğul olmalı, onun məhəbbəti ilə yaşamalı, digər qruplara düşmən münasibət bəsləməməli, əksinə, onları qardaş bilib fəzilət və uğurlarını təqdir etməli və tənqidlərində insanları incitməməlidir. Hətta özünün etibar qazanmasını başqalarının gözardı edilməsi və alçaldılmasında da axtarmamalıdır.
- Xüsusilə, ictimai baxımdan bir xətası minlərlə insana zərər verən rəhbər və liderlər başqalarını küfr və azğınlıqda ittiham etməkdən son dərəcə uzaq olmalıdır.
- Sevgimiz və nifrətimiz də Allah üçün olmalıdır. Nəfsani hərəkətlərə son qoyulmalı; fərqli düşüncə və fərqli anlayışlar düşmənçilik səbəbi deyil, əksinə, zənginlik vəsiləsi kimi dəyərləndirilməlidir.
- Düşmənlərə qarşı ayıq olmaq və onların oyunlarına aldanmamaq lazımdır.
- Kin və nifrətin bu günə qədər hər hansı bir problemi həll etmədiyi bir daha nəzərdən keçirilməli, mədəni insanlar üzərində qələbə çalmağın ancaq razı salma yolu ilə mümkün olacağı yaddan çıxarılmamalıdır.
- Başqalarının bu yolda göstərdiyi xidmətlər alqışlanmalı, onların rəhbər və böyüklərinə qarşı hörmət göstərilməlidir.
- Bir mömin olaraq kainata qardaşlıq beşiyi nəzəri ilə baxaraq hər varlıqla ünsiyyət qurma yolları araşdırılmalı və iman əhlinə qarşı daim xoş münasibət göstərilməli və dostluq münasibətlərinə açıq olmalıdır."
Gülənin bu düşüncələri heç vaxt dəyişməmişdir. O, "28 Fevral" hadisələri dövründə İslam ilə siyasəti birgə təhlil etmək istəyən qruplara qarşı müəyyən məsafədə dayanmışdır. Bunun səbəblərini və əsl mahiyyətini müzakirə etmədən əminliklə deyə bilərik ki, Gülən lap əvvəldən mövcud şəraitdə İslama əsaslanan və ya onu əsas məqsəd bilən hər hansı siyasi islami fəaliyyətin qeyri-mümükünlüyü düşüncəsində olmuşdur. Hətta buna zidd gedənlərə xəbərdarlıq edərək əks nəticə əldə edəcəklərini bildirmişdir. Amma bütün bunlara rəğmən, meydana gələn yeni şəraitdə siyasi cərəyanlardan fərqliliyini ortaya qoymaq məcburiyyətini hiss etmişdir. İkinci, şahid olduğum hadisələrdən çıxardığım nəticə budur: Gülənin digər müsəlman qruplara keçmişdən bəri göstərdiyi yaxınlıq, ümümiyyətlə, cavabsız qalmışdır. Şəxsən iştirak etdiyim bir söhbətdə ondan soruşulan "Bəzi müsəlmanları ziyarət edirik. Üzdə yaxşı davranırlar, lakin biz ayrıldıqdan sonra başqa cür danışdıqılarını eşidirik. Bu məsələ ilə bağlı necə davranmağımızı tövsiyə edirsiniz?" sualına belə cavab vermişdi: "Müsəlman müsəlmana həmişə yaxşı davranmalıdır, o, buna mükəlləfdir. Əgər fərqli davranış görsəniz, əvvəlcə ziyarət niyyətinizi yoxlayın. "Müsəlman qardaşımız ziyarət edilməlidir" deyə, yoxsa onları idarə etmək üçün ziyarətlərinə gedirsiniz? İkincisi, onlar üçün dua edirsinizmi? Mən bütün Müsəlman qruplar və liderlərə, hətta onların bütün əcdadlarına daim dua edirəm. Üçüncü, Rəsulullahın hədislərində "Mənə pislik edənə necə davranım?" sualına bu pis davranışın neçə dəfə edilməsindən asılı olmayaraq hər dəfə "Yaxşılıq et" cavabından başqa heç nə oxumadım. Sizin vəzifəniz həmişə yaxşılıq etməkdir".
- tarixində yaradılmışdır.