Bəzi müasir anlayışlar və aktual mövzular haqqında fikir və düşüncələri ilə Fəthullah Gülən
Fəthullah Gülən bir aksiyon insanı, elm xadimi, nəfs tərbiyəçisi və müəllim olmaqla yanaşı, eyni zamanda yüksək intellektə malik insandır. Geniş əhatədə yazan Fəthullah Gülən müxtəlif vaxtlarda dövrümüzdə ən çox müzakirə edilən və ən aktual mövzularda da fikir və düşüncələrini irəli sürmüşdür. Bu hissədə onun elm (Elm məfhumu ilə eyni zamanda modern elmi də nəzərdə tuturuq), texnologiya və bir neçə əsrin ən çox müzakirə obyekti olan din-elm münasibətinə, bundan əlavə, insana, insan haqlarına, humanizmə, qadın və qadın hüquqlarına baxışı, bunlarla yanaşı, dövlət, demokratiya, siyasət, terror və ədalətli cəmiyyət mövzuları ilə bağlı düşüncələrinə də toxunacağıq.
Elm, texnologiya və din-elm münasibəti
Fəthullah Gülənin ən çox toxunduğu mövzulardan biri də elm, texnologiya və din-elm münasibətidir.
Elm Nədir?
Gülənin düşüncəsində: “Bu dünya insanın mütaliəsinə verilmiş bir kitab, tamaşasına açılmış sərgi və nəhayət, müdaxilə etmə hüququ ilə bizlərə həvalə edilmiş bir əmanətdir. İnsanın bu əmanət qarşısında vəzifəsi isə “bu kitabı oxuyub görünəni və gizli olanı dərk edərək nəticə çıxarmaq; bu sirli sərgini tədqiq edib ehtiva və ifadə etdiyi mənaları dəyərləndirmək və bu əmanəti bugünkü-sabahkı insanların istifadə edə biləcəyi şəkildə işlətmək gücü və ya istəyidir.” Məhz “varlıq və insan arasındakı bu münasibətə, onun kəşfinə və idrakına elm” deyirik. (Sızıntı, aprel 1996)
Elm və insan
Fəthullah Gülən elmin əhəmiyyətinə, xüsusilə, bir aspektdən diqqət yetirir. Ona görə, elm insanı digər varlıqlardan fərqləndirən və onlardan üstün edən əhəmiyyətli faktordur. Çünki insan elm vasitəsilə mələkləri geridə qoymuş və xilafət vəzifəsi ilə şərəfləndirilmişdir ki, bununla o, təbiətə müəyyən ölçüdə, onu qurmaq, abad etmək istiqamətində müdaxilə edə bilər.
Allah mələklər də daxil olmaqla yaratdığı varlıqlar arasından heç kimə vermədiyi bir şeyi, yəni bütün əşyaların və varlıqların adlarını, onlara ad qoyma, başqa sözlə, onları tanıma, onlardan istifadə etmə və öyrənmə qabiliyyətini də insana bəxş etmiş və onu bu özəlliyi ilə bütün varlıqlardan üstün etmişdir. Qurani-Kərimdə ilk insan olaraq Adəmə (ə.s.) adların və onların ifadə etdiyi əşyaların öyrədilməsi şəklində göstərilən bu hadisə Həzrəti Adəmdə (əleyhissalam) xülasə halında olmuşdur. Daha sonralar hər bir peyğəmbərin missiyası çərçivəsində fəsil-fəsil açılmış, Allah elm adamlarının araşdırmalarını mükafatlandırmış, bunun sayəsində hər bir fəsil əldə edilən kəşf və ixtiralarla geniş və daha dərin səviyyəyə çatmışdır. Həzrəti Adəmə xülasə şəklində verilən, sonrakı peyğəmbərlərlə fəsil-fəsil açılan məlumat və onu mənimsəmə qabiliyyəti son peyğəmbər Həzrəti Məhəmməddə (s.ə.s.) bütün təfsilatı ilə öz əksini tapmışdır. Beləliklə, elmin və onun bəhrəsi olan texnikanın böyük səviyyədə inkişafı bu son Peyğəmbərdən sonra gerçəkləşmiş və gerçəkləşəcəkdir. Bu reallıq İslamın ilk 5 əsrində olduğu və gələcəkdə də olacağı kimi, istər Allah yolunda müsəlmanların əli ilə gerçəkləşsin, istərsə də müsəlmanlardan faydalanmaqla elmə vaqif olan Qərblilərin əli ilə, fərqi yoxdur. İstənilən halda peyğəmbərliyindən qiyamətə qədər kainatın damarlarında axan bütün bərəkət son Nəbiyə aiddir. (Prizma, 1/199-200)
Fəthullah Gülən elm-insan münasibəti baxımından bir məqamı da vurğulayır: Heyvanlar yaşamaq üçün lazımi məlumatlarla təchiz olunur və beləcə dünyaya göndərilir. Amma bunun müqabilində və ya əksinə olaraq insan heç nə bilmədən dünyaya göndərilir və elə bir varlıqdır ki, yalnız öyrənmə, ibadət və dua ilə kamillik zirvəsinə çata bilər. (Sızıntı, iyul 1979)
Elmin vacib şərtləri
Fəthullah Gülənə görə, elmin öz həqiqi funksiyalarını yerinə yetirməsi və həqiqətən elm ola bilməsi, başqa sözlə, məlumatın insanlara faydalı olaraq elmə çevrilməsi hər şeydən əvvəl “elmi düşüncənin ruhu və əsası sayılan insan şəxsiyyətinin və xarakterinin həqiqət eşqinə söykənməsi ilə” mümkündür. “Bu da görülən işlərdə bir hərislik, mənfəət düşüncəsi və dünya sevgisinin olmamasından asılıdır. Həqiqət eşqinin bir adı, bir ünvanı da hər hansı bir mənfəət güdmədən varlıq və əşyanı seyr edib tanımaq, tanıyıb dəyərləndirməkdir ki, bu ünvanı əldə edənlər bütün zirvələri fəth edər. Əksinə, mənfəət düşüncəsi içində həqiqət eşqi inkişaf etmədiyi kimi, elmi düşüncə də həyata keçə bilməz, çünki belə yanlış amallar uğrunda aparılan mübarizə haqqa qarşı mübarizədir və əlbəttə, bu mübarizənin qurbanı da elmdir, insanlıqdır. (Sızıntı, aprel 1996)
İkinci; təəssübkeşlik, ifratçılıq, fanatizm, xüsusən ideoloji qərəzlilik elmin və onun digər vacib şərti olan elmi zehniyyətin qarşısında duran ən böyük maneələrdən biridir. Bunların mövcud olduğu bir cəmiyyətdə həqiqət eşqi, elm eşqi, elm əxlaqı və düşüncəsindən danışmaq qeyri-mümkündür. Belə bir cəmiyyətdə insan ruhu əzilər, düşüncə cılızlaşar və insani dəyərlərə hörmət aradan qalxar.
Üçüncü, varlıq davamlı bir hərəkət və bu hərəkətlə birlikdə, ‒ təbii ki, Darvinçi anlayışa görə deyil – daimi təkamül axını içindədir. Bu aləmdə cansızlar dayanmadan həyat aləminə qaçar; həyat şüur və idraka doğru yollanar; qaranlıq-işıq növbələşməsi daim dövr edər və hər şey bir-biri ilə əlaqədə mərifət üfqünü təşkil edər. İnsanın da müqavimət və əzmini səfərbər edərək, fəqət digər varlıqlardan fərqli olaraq şüur və iradə ilə özünü belə bir axının qoynuna atıb gələcəyə axması lazımdır. Bu, elmdə, düşüncədə, təfəkkürdə daim yenilənmə və yenilikçi ruhunu qazanmaq deməkdir. Ancaq belə bir ruhla həqiqi elm əldə etmək olar və məhz o elm ondan gözlənilən funksiyaları yerinə yetirə bilər. (Sızıntı, may 1996)
Elmin məqsədi və əhəmiyyəti
Gülən elmin əhəmiyyəti və məqsəd ilə bağlı bu tezisləri dilə gətirir:
“Bəşər övladı üçün həqiqi həyat elm və mərifətlə mümkün olacaqdır, buna görə də öyrənib öyrətməyə laqeyd yanaşanlar həyatda olsalar da, ölü sayılırlar. Çünki insanın yaradılış qayəsi görüb bilmək və öyrəndiklərini başqalarına bildirməkdən ibarətdir.
Bir insanın təmkinli və səbatlı qərarları onun ağıl və məntiqlə münasibətinin səviyyəsi ilə ölçülür. Ağıl və məntiq isə elm və mərifətlə aydınlığa qovuşur və kamilləşir.
Bir insanın insanlığı öyrənib öyrətmək və başqalarının düşüncə və yolunu işıqlandırmaqla müəyyən olur və ortaya çıxır. Bilmədiyi halda öyrənməyi düşünməyən, öyrəndikləri ilə özünü yeniləyib başqalarına da nümunə olmayanlar zahirən insan görünsələr də, əslində nə olduqları düşündürücüdür.
Elm və mərifətlə əldə edilən mövqe və rütbə başqa yollarla əldə edilən mövqelərdən daha yüksək və daha uzunömürlüdür. Çünki elm öz sahibini bu dünyada çirkinliklərdən uzaq və fəzilətli, o biri aləmdə də ürfanı ilə aydınlatdığı məqamların tamaşasına daldırar, məst və bəxtiyar edər.
Elm öyrənməkdə məqsəd biliyin insan övladına mürşid və rəhbər olması və öyrənilən şeylərlə kamilliyə gedən yolların işıqlandırılmasıdır. Çünki ruha aşılanmayan elm onun sahibinin belində yük, insanı ülvi hədəflərə aparmayan mərifət də özünü aldatmaqdır.
Hər şəxsin qədir və qiyməti qazandığı elmin ehtiva və zənginliyindən asılıdır. Elmdən sırf dedi-qodu vasitəsi kimi istifadə edənin qiymət və dəyəri o qədər, ondan əşya və hadisələri tanımada meyar kimi istifadə edib məkanın ən qaranlıq guşələrinə qədər işıq saçan və ürfanı ilə qanadlanıb “metafizik” həqiqətlərlə qucaqlaşan insanların dəyəri də o qədərdir... (Ölçü veya Yoldakı Işıklar, 22-24)
Elmin obyekti və fəaliyyət metodu
Fəthullah Gülən elmə, xüsusilə, onun təcrübi (empirik) sahəsinə hörmətlə yanaşan sözün əsl mənasında bir realistdir. Aşağıda da toxunacağımız kimi, o, sadəcə bu sahəyə xas olan və sadəcə bu sahədə əldə edilənləri elm qəbul etməməklə yanaşı, bu sahənin özünəxas xüsusiyyətlərinə də, şübhəsiz ki, vaqifdir və bunu təqdir edir. Əslində, bu sahəni həqiqi mənada təqdir, yəni onu öz sərhədləri ilə, həqiqi mahiyyəti ilə dərk etmək müxtəif elm anlayışlarına (epistemiologiya) və hər şeyi bu sahəyə bağlayan, bu sahə xaricində elm qəbul etməyən “elmi düşüncəyə” qapılmanın da başlıca çarəsidir.
Gülənə görə, təcrübi elm duyğu orqanlarımızla qavranılan şeylərlə məşğul olur və bunun xaricindəki həqiqətləri də təcrübələrlə əldə edilən nəticələr əsasında izah etməyə çalışır. Duyğularla təsbit edilməmiş, doğruluğu təsdiqlənməmiş bilgilərə isə –həqiqət olması elmi metodlarla müəyyən edilənədək – bünyəsində yer ayırmaz və barəsində hökm verməz. Məsələn: Gözlə gördüyümüz şeylərin xüsusiyyətləri bir yana, heç kim onların sabit bir həqiqət olmasına şübhə etməz. Buna bənzər, qulaqlarımızla eşitdiyimiz, toxunaraq hiss etdiyimiz və digər duyğu orqanlarımızın sahələrinə girən əşyalar üçün də eyni şeyləri düşünə bilərik. Duyğu orqanlarımızla varlığını hiss edə bilmədiyimiz maqnetik və elektronik sahələrin mövcudluğunu isə kompas və bu kimi alətlərlə təsbit etməyə çalışırıq. Elm bu gün sahib olduğu texnologiya və vasitələrlə ancaq bu qədərini təsbit edə bilir, elektrik, maqnit və cazibə qüvvəsi kimi sahələrin xaricinə çıxa bilmir.
Gülən təcrübi elmlər sahəsində çalışan bir alimin üsuluna görə araşdırma aparmasını onun elmin mahiyyətinə hörməti kimi dəyərləndirir. Ona görə, “Elmlə məşğul oluram” deyərək isbat olunmamış fərziyyələrlə elm yuvalarını məşğul etmək, bu fərziyyələri isbatlanmış kimi elm adı ilə təqdim etmək, hətta onlar üzərində inanc formalaşdırmaq həm kütlələri aldatmaq, həm də elmin izzəti ilə oynamaq deməkdir. (Sızıntı, iyul 1984)
Elmin qaynaqları və səbəbi
Təcrübi (empirik) elmlərin məhdudluğunu qəbul edən Fəthullah Gülən elmin və onun obyektinin bunlardan ibarət olmadığını da bildirir, elmin qaynaqlarını yalnız duyğu orqanlarında və təcrübələrdə görmür. O, məsələyə İslami perspektivdən yanaşır və beləliklə, “elmin səbəbləri və ya qaynaqları üçdür”, – deyir. Birincisi, qədimdən “havvası-səlimə” adlanan, funksiyalarını nöqsansız yerinə yetirən duyğu orqanlarıdır. Duyğu orqanlarının yanılması mümkündür.
Elmin səbəblərindən digəri sağlam (səlim) ağıldır. Kor rasionalizm ağılı elmin və həqiqətin yeganə mənbəyi, əsası saysa da, insanların sayı qədər bir-birindən fərqli “ağıllar”ın olması, bir məsələ barəsində bəzən insanların sayı qədər fərqli “həqiqətlər” irəli sürülməsi, ağılın hiss, həvəs, nəfsani istəklər, ideologiya, inanc kimi bir çox faktorların təsirinə məruz qalması, bundan əlavə, ağılın inkişafa da, geriləməyə də meyilli olması inkaredilməz faktlardır. Bu halda, qiyməti nə qədər olur olsun, ağılı elmin yeganə qaynağı saymaq başqa bir yanlışlıqdır. İslam alimləri ağılı elmin səbəbləri və ya qaynaqlarından biri kimi göstərərkən “ağıl o ağıl ola” və ya “sağlam (səlim) ağıl”, yəni “göstərdiyimiz faktorların təsirində olmayan ağıl” qeydini vermişlər ki, şübhəsiz, Gülən də eyni fikirdədir. O, sağlam ağıla “hər hansı bir şeyə qərəzli yanaşmayan, əşyanı saf və olduğu kimi dərk edib dəyərləndirə bilən ağıl” şəklində tərif verir.
Fəthullah Gülən fəlsəfi mənada rasionalist olmasa da, ağıla böyük önəm verir. Ağıl onun ifadəsi ilə “maddədən mücərrəd, amma maddəyə bitişik bir cövhər, metafizikanın fizika içindəki şüası, ruhun ən vacib fakültələrindən biri, haqla batili bir-birindən ayırma qabiliyyətini ehtiva edən insan mahiyyətinin ən kəskin nurudur”.
Gülən ağıla “insanın bir mənada düşünməsi, dərk etməsi, anlaması və onu çirkin əməllərdən çəkindirib yaxşılıqlara istiqamətləndirməsi baxımından ruhun nəzarət gücü” olaraq da yanaşır. İslamda Kəlam elmi dinin üsuluna (Dinin təməl əsasları) aid məsələləri daha çox ağılla əsaslandırır. O, həmçinin “mükəlləfiyyətin əsası, təfəkkürün təməl ünsürü, mühakimənin ilk cövhəri, Yaradanın bəşər övladına verdiyi insanı heyvandan ayıran, ayırıb həqiqi insanlıq qapısına aparan müstəsna hədiyyəsi”dir.
Fəthullah Gülənin ağılı cövhər (yəni substansiya) olaraq qəbul etməsi ilə yanaşı, onun ağıla yanaşması Quran aspektində daha çox məntiqə əsaslanır. Yəni Gülənin Qurana əsaslanan düşüncəsində ağıl öz-özlüyündə sabit bir fakültədən çox bir fəaliyyətdir, beləliklə, o, fəal ağıldan danışır. Bu çərçivədə, məsələn, Allaha şərik qoşmaq məntiqə uyğun deyil, Tövhid (Allahın birliyi) bütün şöbələri ilə məntiqə əsaslanır. Bu mənada Quran və İslam hər məsələsini ağıla kökləyir, ağılla isbat edir və heç bir müddəası ağıla zidd deyildir. Quranın bəyanlarında, İslamın hökmlərində hər hansı əqli, qəlbi, hissi və ruhi boşluğa yer verilməmişdir. Əksinə, İslam sağlam düşüncənin, qaydaya uyğun mühakimənin, nizamlı məntiqin səsi-nəfəsi olmuş və qarşı tərəfin bütün qeyri-məntiqi iddialarını, demoqogiyasını, dialektikasını susdurmuş, onlarla mübarizəni zəfərlə başa vurmuşdur. (Yeni Ümit, iyul-sentyabr 1999)
Bütün bunlara baxmayaraq, ağıl təkbaşına, təklikdə həqiqətin mənbəyi, əsası olmadığı kimi, insanı mütləq doğruya da apara bilməz. Onun sağlam ağıl olmasında hər cür qərəzli yanaşmadan və mənfəət düşüncəsindən uzaq olmaqla yanaşı, doğru, sağlam yolda fəaliyyət göstərməsi də şərtdir. Yəni ağıl fəaliyyətində bir yol göstəriciyə möhtacdır. Bu yol göstərici ona lazımi funksiyalarını yerinə yetirməkdə doğru ölçülər verəcək və getdiyi yollarda önünü işıqlandıracaqdır. Məhz bu yol göstərici İslam terminologiyasında “mütəvatir xəbər”dir ki, bu da elmin üçüncü və ən önəmli, ən dəqiq mənbəyidir.
“Mütəvatir xəbər”i iki kateqoriyada mütaliə etmək olar. Birincisi, yalanda ittifaq etmələri mümkün olmayan insanların verdiyi xəbərdir. Məsələn, Amerikaya getməsək də, onun varlığından şübhə etmirik, çünki ora ilə əlaqəli xəbərləri tam etibarlı mənbələrdən alırıq. İkinci növ “mütəvatir xəbər” isə vəhydir, yəni bir mənada Qurandır.
Vəhyin elmin əsaslarından biri kimi qəbul edilməməsi hər şeydən əvvəl elmin sərhədlərini hissi təcrübə və müşahidələrlə məhdudlaşdırır. Halbuki, bu sərhədlərin kənarında elə geniş bir varlıq aləmi vardır ki, bu aləmin elmdən kənar tutulması elmi, bir növ ya nadanlığını etiraf etmə, ya da aqnostik olmaqla qarşı-qarşıya qoyur. Elm bu sahəni inkar edə bilməz, çünki inkarda bir hökm olduğu üçün bu halda elm inkar etdiyi sahənin yoxluğunu isbat etmək məcburiyyətində qalacaqdır. Buna görə də, ateizm kimi mələk, cin, şeytan kimi mahiyyət və mövcudluğu metafizik və ya həm fizika, həm metazifika ilə əlaqəli varlıqların mövcudluğunu qəbul etməmək elmilik və məntiqilik deyil, sadəcə doqmatizmdir. Bunun əksinə, Allahı və mələk, cin, şeytan kimi varlıqların mövcudluğunu qəbul etmək isə materialist elmin iddiasının tam tərsinə, kortəbii bir inanc, yəni doqmatizm deyil, tamamilə elmi davranışdır. Çünki bu varlıqların mövcudiyyətinin qəbul edilməsində hər cəhətdən elmi və sağlam kriteriyalar var. Bunların başında isə bu sahənin mütəxəssisləri, vəhy və ilhamla birlikdə, vəhy gəldiyini söyləyən və heç vaxt yalan danışmamış 100000-dən çox peyğəmbər, bundan əlavə, qəlbinə ilhamlar gələn milyonlarla övliya dayanır ki, onların da həyatında yalan adlı bir şeyə rast gəlinməmişdir. Bunun xaricində insan vicdanı, vicdani və ruhi-mənəvi təcrübələr bu varlıqlarla görüşən, danışan saysız-hesabsız insan da onların varlığının digər bir dəlildir.
İkinci, vəhyin elmin qaynaqlarından biri kimi qəbul edilməməsi bütün ilahi kitabların və peyğəmbərlərin sözlərini rədd etmək, insanlığın ən doğru sözlüləri və hər cəhətdən ən mükəmməlləri olan, həyatlarında heç bir maddi, dünyəvi qayə güdməmiş 100000-dən çox peyğəmbəri – haşa – insanların ən yalançıları və saxtakarları olaraq günahlandırmaq və insanlıq tarixində ilk gündən bəri onlara inanan və ardınca gedən, yüz minlərlə elm adamını, milyonlarla övliya və milyonlarla kamil insanı, yəni milyardlarla insanı yalana, saxtakarlığa və yalançılığa tabe olmaqda ittiham etmək nəticəsini də doğuracaqdır. Qaldı ki, Quranda və hədislərdə elmin inkişafına paralel olaraq gerçəkləşən o qədər elmi həqiqət, gələcəklə bağlı, vaxtı çatınca təsdiqlənən o qədər xəbər var ki, heç kim bunları inkara cəsarət edə bilməz. (Prizma, 2/55-59)
İslam: Elmi düşüncə və tədqiqatın zəmanətçisi
Fəthullah Gülən: “Quranla gələn bu din, yəni İslam bütünlüklə mükəmməl və ideal məfkurə sisteminin adıdır və bu sistemin əsası imandır, məhəbbətdir, sevgidir, Allah rizasını axtarma yoludur,” – deyir, İslamın hər zaman yenilik tərəfdarı və hüdudsuzluğa, sonsuzluğa açıq təkamülə meyilli olduğunu qeyd edir. Onun qənaətincə, İslam elmi düşüncə və araşdırmanı sonuna qədər təşviq edir, etmiş və bir vaxtlar tarixin elmlərdən qaynaqlanan ən şərəfli elm və məna mədəniyyətini qurmuşdur. Buna baxmayaraq, daha sonralar İslama qarşı lazımi vəfa və bağlılığın göstərilməməsi müsəlmanlarda elm eşqini söndürmüş, onların qol-qanadını qırıb iradələrini iflic etmiş, sonrakı əsrlərdə də məğlubiyyət və əsarətlərinə yol açmışdır. (Sızıntı, aprel 1996)
Elm və din münasibəti
Fəthullah Gülən dinə, elmə, insana, əşya və hadisələrə küll halında yanaşır, insanı ayrı-ayrılıqda yalnız bədəndən, ruhdan və ağıldan ibarət bir varlıq olaraq görmür. Məhz buna görə də davamlı ağıl-qəlb birliyi, hərtərəfli insan yetişdirmək zərurəti və bu məqsədlə mədrəsə-təkyə-məktəb üçlüyü üzərində necə dayanırsa, din-elm bərabərliyinə də eyni həssaslıqla yanaşır. Onun fikrincə, “son bir-iki əsrdən bəri pozitivist və materialist nəzəriyyələr elm və düşüncə həyatını tamamilə təzyiq, təsir altında saxladı və buna görə də kainat və hadisələr tək bir tipə əsaslanmaqla müəyyən bir anlayış çərçivəsində şərh edildi; həqiqətə aparan yollar daraldıldı, hər şey maddə və təbiətlə əlaqələndirildi, metafizik (mənəvi, ilahi, ruhi) mülahizələr tamamilə kənarlaşdırıldı.” Bu əsrlərdə elm dindən qoparıldı; elmin təsdiqindən keçən hər şeyə həqiqət gözü ilə baxıldı və əksinə din sadəcə təqlidə dayanan doqmalar toplusuna çevrildi, bəzi insanların mənəvi rahatlığı və bəzi əxlaqi prinsiplər naminə bir vicdan məsələsi səviyyəsinə endirildi. Bunun nəticəsində, xüsusilə, Avropanı mənasız, izahsız, idrak və bəsirətdən məhrum halda kor-koranə təqlid edən Türkiyə kimi, bəzi müsəlman ölkələrində “həqiqət eşqinin yerini fantastik mülahizələr, araşdırma əxlaqının yerini də şablonçuluq tutdu və bütöv bir düşüncə həyatı müasir doqmatizmin əsarəti altına düşdü. Nəticədə həqiqi elm düşüncəsi iflasa uğradı; insanın ağlı və fikri öz ruhu ilə zidd vəziyyətə gətirildi və insan ruhu bu dalbadal təbəddülatlar nəticəsində öz mahiyyəti ilə əlaqədar həqiqətlərə qarşı əcnəbiləşdirildi.” (“Tarih Boyunca İlim ve Din”, “Bir Başka Açıdan İlim ve Din” (heyət) kitabına giriş)
A. Elm və dinin tərifi
Elm və din münasibətinə tarixi və həqiqi mənada belə bir giriş verən Fəthullah Gülən mövzunu bir az da açmaq məqsədilə elm və dinin tərifinə keçir. O, elmin tərifini bu dəfə elm-din münasibəti çərçivəsində təhlil edir: “Elm düşüncə həyatının xarici tərəfini və xarici səviyyəsini təşkil edir. Onun mövzusunu böyük miqyasda əşya və hadisələrin dəzgahında hasil olan fərdi bilgiləri sistemləşdirmə, müəyyən qaydalarla nəzarət altına alma şəklində izah etmək olar. Mövzuya bir az da fəlsəfi üslubla yanaşsaq, elm bir mənada subyektlə obyekt arasındakı daxili münasibətin ifadəsidir. Başqa sözlə, o, duyğu orqanlarının qavrama sahəsinə daxil olan və təcrübə edilən şeyləri öz predmetinə çevirən sistemdir”.
Fəthullah Gülən elmin tərifindən sonra, əvvəlcə Qərbin dinə yanaşma tərzinə toxunur və bəzi qabaqcıl Qərb antropoloq, sosioloq və filosoflarının dinə verdiyi tərifləri göstərir, sonra da onları çox qısa və əsaslı şəkildə tənqid edir. Daha sonra Fəthullah Gülən göstərir ki, bu təriflər kimi, Dürkheymdən Rudolf Ottoya qədər yüzlərlə sosioloq, şərqşünas, din tarixçiləri və elm xadimlərinin tərif, tənqid və təfsirləri, hər hansı səmavi və qeyri-səmavi din haqqında (İslam istisna) nəsə ifadə etsə də, demək olar ki, onların hamısı İslam dini üçün natamam və qüsurludur. Bunun ardınca İslamın dinə baxışını açıqlayır: İslam prizmasından din ağıl sahiblərinə yaradılış qayəsini bildirən, onları öz sərbəst iradələri ilə Allah Rəsulunun irşad çərçivəsi içində bu gün və sabah etibarilə doğru yola, qurtuluşa və kamilliyə sövq edən; həmçinin, onların maddi-mənəvi ehtiyaclarını ödəyəcəyini vəd edən ilahi qanunlar toplusudur. Ümumbəşəri bir din olan İslam əsrlər boyu həm fərdi, həm də cəmiyyəti tam şəkildə əhatə etmiş və insan həyatını hər cəhətdən kainatın ruhu ilə nizamlayaraq nəzarət altına almışdır. Kitab və Sünnət bu məzmunun ən böyük təminatçısı və ən güclü zəmanətçisidir. Bununla yanaşı daim Allah-kainat-insan orbitində dövr edən aktiv mömin düşüncəsi dar görünən bəzi sahələrdə təsəvvüredilməz genişliyə malikdir və hər hansı bir elmi, fikri boşluğa yer verməyəcək qədər də zəngin qaynaq sayıla bilər. (həmin əsər)
B. Dində ali ünsürlər
Gülən daha sonra digər dinlər kimi, İslamın da ali amallara malik olduğunu vurğulayır. Onun fikrincə, İslam dini sadəcə mücərrəd bir qənaət, bir düşüncə tərzi və bir üslub deyildir, o, bunları ehtiva etməklə yanaşı, geniş bir duyğu, iradəli bir davranış, sistemli bir hərəkət və davamlı bir muhasibə (özünü sorğu-suala çəkmə) nizamıdır. Əslində, dinə mücərrəd bir elm və bir fəlsəfə kimi yanaşmaq böyük yanlışlıqdır. Və təbii ki, dini elmin və fəlsəfənin himayəsinə vermək, dinin dəyərini onların zəmanəti ilə ölçmək, onu elm və fəlsəfə çərçivəsində düzgün qəbul etmək, tənqid etmək, sorğu-suala çəkmək də qətiyyən doğru deyildir. Dinə aid həqiqətlər əgər məntiq prinsiplərinə, təcrübə və müşahidəyə görə təsbit ediləcəksə, onda dinin ilahi və səmavi olmasının heç bir mənası qalmaz. Dolayısilə, din duyğular, ağıl və təcrübə kimi elmin səbəbləri ilə müəyyən ölçüdə münasibətdə olsa da, onların məhsulu deyildir. Dinin qavranılmasında, təmsil edilməsində və yaşanmasında ağıl, məntiq və mühakimənin əhəmiyyəti mübahisə olunmazdır. Amma onun ağıl, məntiq və mühakimədən üstün bəzi tərəfləri var ki, bu sahə dinin ən mühüm dərinliklərindən birini təşkil edir. Elm kimi din də hər mövzuda ağıl, məntiq və mühakimədən istifadə edir, lakin deduksiya metodu səmavidir; ilk olaraq Allaha inanmağa və dolayısilə, digər iman şərtlərini qəbul etməyə əsaslanır. İmanda, şübhəsiz ki, araşdırmanın, ağıl, məntiq və mühakimənin yeri vardır, amma bunlar kifayət etmir. İmanda ağıl, məntiq və mühakimə qədər qəlb, vicdan, ruh, sağlam hiss və ilham da vacibdir. Bundan başqa, dini şəxsən yaşamaq, ibadətlər yolu ilə qazanılan daxili təcrübə və müşahidə, dinin təməli ilə əlqədar və ağılın aciz qaldığı qeybi−duyğularfövqü həqiqətlərə və varlıq sahəsinə çatmaqda ən önəmli vasitələrdir və bunlarla əldə edilən həqiqətlər elmin səbəbləri olan ağıl, məntiq və təcrübə ilə qazanılan gerçəklərdən heç də az obyektiv deyildir. Bu cəhətdən də din həmişə ağılı, fikri, müşahidəni, təcrübəni təqdir edir, lakin bunları özünün əsl mənbəyi və əsası saymır.
C. İslamda din-elm münasibəti
Fəthullah Gülən qədim dinlərdə, Xristianlıqda və Yəhudilikdə, həmçinin orta əsrlər Avropasında və müasir Avropada din-elm münasibətini şərh edir və sözü İslamdakı din-elm münasibətinə gətirir. O, öncə bunu vurğulayır: “İslamiyyət bütün ictimai, iqtisadi, siyasi, mədəni müəssisələri, geniş və ümumbəşəri dünyagörüşü ilə insanlara vəd etdiyi, təsis etdiyi nəzəri və praktik əsasları ilə vicdanların qəbul etdiyi və edəcəyi, ağılların dərk etdiyi, mühakimənin təsdiqlədiyi, Allah-varlıq-insan həqiqətinin ruhlarda həkk olunduğu, bir mərifət məqamına yetişdiyi; hissəni bütöv halına gətirən, hər şeyin tövhidə bağlanıldığı, yəni vahidə, eyni qaynağa və birliyə əsaslandığı, nisbətlərin, dəyər və heysiyyət ölçülərinin qorunduğu, insanın ruhundakı əbədiyyət arzularına görə və qəlbinin əməlləri ölçüsündə sonsuz bir aləmə istiqamətləndirildiyi, ağıl, qəlb, ruh və bədənin kəsişmə nöqtəsində hədəfi əbədi səadət olan bir Allah yoludur”.
Quran “Oxu!” əmri ilə başlamış və hələ oxunacaq hər hansı bir şeyin olmadığı vaxtlarda zehinlərin üzünü kainata çevirmişdir. Başqa sözlə, İslam bir bina ilə onu və onun necə xidmət edəcəyini göstərən kataloq kimi, kainatı Allahın qüdrət və iradə sifətlərini əks etdirən yaradılmış bir kitab, Quranı isə insanın zehninə və qəlbinə metafizik aləmlərin və həqiqətlərin qapılarını açan və onu Allaha aparan ‒ vəhy edilmiş bir kitab olaraq qəbul etmiş və insanları düşünməyə, araşdırmağa, mühakiməyə və tədqiq etməyə çağırmışdır və çağırır. Bundan başqa, Quranın təmas etdiyi bir çox elmi həqiqətlərin müəyyən qismi zaman keçdikcə isbatlanmış, bir qismi də araşdırma gözləyir. Quran bunları “tövhid, peyğəmbərlik, ölümdən sonra dirilmə (həşir), ibadət və ədalət” kimi öz əsl məqsədlərinə dəlil olaraq zikr edir və sonra da ağıl, mühakimə, bəsirət və humanizm sahiblərini onları araşdırmağa çağırır.
Bəli, Quran hər yerdə ağılları həqiqətə aparan yol tutmuş, hər hadisə qarşısında düşüncəni hərəkətə gətirmiş, ağılın önündəki bütün maneələri aradan qaldırmış, təqdim etdiyi yolgöstərici (rəhbər) həqiqətlər və düsturlarla sanki ona sərhədsiz hərəkət imkanı bəxş etmişdir. Quran insana varlığın həqiqətini kəşf etmək kimi neçə-neçə gerçəkləri göstərmiş, ona daima ali məqsədə xidməti tövsiyə etmişdir.
Bəzi dinlərin hazırkı vəziyyətinin təfsir və şərhləri ilə elm arasında hər hansı bir ziddiyyətin mövcudluğundan bəhs edilsə də, belə bir vəziyyətin Quran və Sünnətə əsaslanan İslama aid edilməsi qeyri-mümkündür. İslam heç vaxt ağılı, mühakiməni fəaliyyətdən uzaqlaşdırmamış, tam əksinə, ağıla ibrət, təfəkkür, tədbir, ictihad və inşa (qurmaq, abad etmək) etmək məsuliyyətləri yükləmiş, ona vəhyin işığı altında bütün duyğu orqanları ilə birlikdə özünün qüdrət naxışını hörmək vəzifəsini vermişdir.. Bu baxımdan, Osmanlı dövlətinin zəiflədiyi dövrdə təbii elmlərin tədrisi mədrəsə proqramından çıxarılsa da, heç vaxt xüsusilə də, Avropada olduğu kimi din-elm toqquşması baş verməmişdir. Baş verməsi də mümkün deyildir, çünki:
“Hər şeydən əvvəl, İslam dini Kitab və Sünnət kimi qaynaqları ilə ağıl, məntiq, mühakimə və azad düşüncəyə öz prinsipləri ölçüsündə sərbəstlik vermiş və insanı hər fürsətdə varlıq və hadisələri təhlil etməyə təşviq etmişdir.
İslamiyyət öz təbiətinə uyğun olaraq təfəkkür, tədəbbürə (tədbirli olma, diqqətlə düşünmə, ağılı işlətmə və araşdırma) və təəmmülə (bir məsələ üzərində ciddi dayanmaq) aşıqdır. Buna görə də İslamın gətirəcəyi yeni şərhlərlə zaman, nə də ehtiyac və zərurətlər – əslində bunlar onun təməl prinsipləri baxımından bir qisim hökmlərə əsas qəbul edilmişdir – onun geniş çərçivəsini aşındıra bilməmişdir, əksinə, bunlar təbii regenerasiyadakı təşəkkül, inkişaf və genişləmə kimi həmişə onunla ahəng içində olmuş və naxış olub ətrafını bəzəmişdir.
İslamın təbliğatçısı və təmsilçisi olan o böyük Şəxs (sallalahu əleyhi və səlləm) hikmət və həqiqətə möminin itmiş əşyası kimi baxmış və harada tapılsa, dəyərləndirilməsini tövsiyə etmişdir.
Bəşər tarixi boyunca din və elm toqquşması kimi təqdim edilənlər əslində dini dərk etməmiş din xadimləri ilə elmdən bixəbər elm adamları arasında cərəyan edən toqquşmadır. İslamiyyətdə isə heç vaxt kahinlər və rahiblər sinfi olmamışdı ki, elm xadimləri ilə dindarlar arasındakı fikir ziddiyyəti və ya mənfəət mübarizəsi belə bir toqquşmaya gətirib çıxarsın.
İslam öz ruhunun əsas faktorları sayılan elm, düşüncə, mühakimə kimi həyat əhəmiyyətli ünsürlərlə daima sıx ünsiyyətdə olmuşdur ki, onlarla toqquşması qətiyyən mümkün deyildir, çünki belə bir toqquşma onun öz-özü ilə təzad təşkil etməsi deməkdir. Bəli, varlığın əsası elm olduğu kimi, planı, proqramı, təşəkkülü də həmişə elmi əsaslar üzərində cərəyan edir. Belə ki, Quran varlığın əzəli tərcümanı, izahlı bəyanı və aydın lisanıdır və məhz buna görə də onun əşya və hadisələrlə ziddiyyət təşkil etməsi qeyri-mümkündür.
Buna görədir ki, təməldə İslamın başqa dinlərlə müqayisəsi qeyri-mümkün olduğu kimi, İslam dininin elmlə, düşüncə ilə və elm adamları ilə mübarizəsindən də danışmaq qeyri-mümkündür. Dünən və bu gün irəli sürülmüş bəzi uğursuz bəyanlar ya məsələnin mahiyyətini araşdırmadan ortaya atılan kəmsavad düşüncələr, ya da Allah, peyğəmbər və din düşmənçiliyi etmək məqsədilə uydurulmuş bəhanələrdir.” (həmin əsər)
İslamı elm və texnikaya aid məsələlərlə anlatmaq
F.Gülənin fikrincə, elm imana ən bariz vəsilə olmalıdır, amma o, inkara alət edilir. O, bəzi İslam və Quran həqiqətlərini anlatmaq və isbat etmək üçün elmə müraciət edilməsində heç bir maneə görmür. Hətta elmə müraciətin zəruri olduğunu vurğulayır. Çünki bu əsr elm və texnika əsridir və elm gələcəkdə də söz sahibi və hakim mövqedə olacaqdır. İslam və bütün şöbələri ilə elmin mövzusunu təşkil edən kainat həqiqətləri eyni gerçəyin müxtəlif şəkillərdə ifadəsi olduğu üçün, bəlkə də, bu gün və gələcəkdə islami həqiqətləri elmin dili ilə anlatmaq daha doğru olacaqdır. İslamın heç bir ünsürü elmə zidd deyildir. Əgər hər hansı bir ziddiyyətin olması iddia edilirsə, onda bu, ya elmin hələlik o mövzuda son sözünü deməməsindən və həqiqəti ortaya çıxara bilməməsindən irəli gəlir, ya da İslamın o mövzudakı hökmü tam dərk edilməmişdir.
Fəthullah Gülən sözügedən mövzuda səhvlərə yol verilməsini və təhriflər edilməsini nəzərə alıb bu məqamları vurğulayır:
Quran fizika, kimya, biologiya, astronomiya kimi elm kitabı deyildir.
Quranın əsas məqsədi, daha öncə qeyd edildiyi kimi, iman əsaslarını, ibadət və həqiqətləri beyinlərə və qəlblərə yerləşdirmək və insanların doğru istiqamətdə irşadına nail olmaqdır.
Qurani-Kərim, xüsusilə, müasir elmlərin əhatə etdiyi məsələlərdən yeri gəldikcə, “mötərizə içində” və öz əsas məfkurəsini zehin və qəlblərə yerləşdirmək üçün sadəcə bir dəlil kimi istifadə edir. Bunlardan istifadə edərkən nazil olmasının ilk günündən qiyamətə qədər hamıya, hər təbəqəyə xitab edən din olaraq hamının başa düşə biləcəyi, bununla yanaşı, hamını da qane olacağı üsluba üstünlük verir.
Qurani-Kərim bu cür yaradılışa aid məsələləri dəlil kimi istifadə etdiyi üçün və insanlar əksəriyyət etibarilə avam olduğu üçün avamın düşüncəsinə, hislərinə və müşahidələrinə hörmətlə yanaşır və onu fikri qarışıqlığa salmır.
Bunlara baxmayaraq, Qurani-Kərimdə elmin mövzuları ilə bağlı bütün ifadələr doğrudur. Lakin bu ifadələrdəki məna və məqsədlər həmişə olmasa da, çox vaxt izaha, şərhə açıq üslubdadır. Buna görə, o, elmə, araşdırmağa və tədqiqata qapı açar, hətta bunu təşviq mahiyyətindədir.
Elm nəzəriyyələr məcmusudur. Ortaya atdığı bir nəzəriyyənin yanlışlığı isbat olunarsa, o zaman başqa bir nəzəriyyə irəli sürər. Bu da araşdırmalara şərait, imkan hazırlayır. Dolayısilə, gözümüzün önündəki insan kimi bir varlığı tamamilə öyrənməsi, dərk etməsi qeyri-mümkün kimi görünən elmin araşdırma və müşahidə sahəsinə birbaşa daxil olmayan xüsuslarla bağlı irəli sürdüyü nəzəriyyələrin doğru olması düşünülə bilməz. Buna görə, elmin bəzi kəşf və məlumatlarına əsaslanmaqla əsla Quran ayələrinə etiraz edilməməlidir. Ortada ziddiyyət görünərsə, zaman-zaman meydana gələcək inkişafları gözləməli, heç olmasa, Allah-Təalanın Qurani-Kərimdə buyurduğu həqiqətə, bu həqiqət hələlik tam mənası ilə ortaya çıxarılmamış olsa da, iman gətirilməlidir.
- tarixində yaradılmışdır.