Fəthullah Gülənin ORT kanalına verdiyi müsahibə

ORT -Orta Asiya Türk respublikaları ilə bağlı fikirlərinizi öyrənə bilərik?

Fəthullah Gülən - Onların çəkdikləri dərdi-qəmi çəkmək, onların sevinci ilə sevinmək bir mənada insanlıq borcudur. Bu anlayış işlənə-işlənə hər kəsin mənimsədiyi bir mövzuya çevrildi. Yəni bu Peyğəmbərimizlə başlamış və bu günə qədər gəlib çatmışdır. Əhməd Yəsəvi kimi şəxsiyyətlər yetişmiş, Mövlana kimi insanlar yetişmiş.. bunlar sizin dünya şöhrətli, məşhur ədib, şairləriniz kimi şəxslərdir.. Yunus Əmrə kimi insanlar yetişmiş, Hacı Bektaş Vəli kimi şəxslər.. və bunlar daim bu anlayışı, bu mövzunu işləmişlər. Bədiüzzaman da son dövrdə yetişən və bu duyğunu, bu anlayışı dilə gətirən insanlardan biridir. Mövlana farsca: “Baza, baza çihesti baza” yəni: “Nə olursan ol, gəl, yetmiş dəfə tövbəni pozsansa da, gəl, hansı dindən olursan ol, yenə gəl” deyir. Bu çox əhəmiyyətli bir məsələdir. Yunus Əmrə: “Varlığı sevəriz Yaradandan ötrü” deyərək bütün varlığa və bəşəriyyətə qarşı sevgisini nümayiş etdirir. “Döyənə əlsiz, söyənə dilsiz” deyir.. döysələr, əl qaldırma, söysələr, sus, qəlbini qırsalar, incimə, deyir.

Bədiüzzamanın səsi fərqlənir: “Məmləkət-məmləkət məni sürgünə göndərənlərə, həbsxanalarda mənə yer hazırlayanlara, məhkəmələrdə məhkum etmək istəyənlərə haqqımı halal edirəm” deyir.

ORT -Bir sual vermək istəyirəm. Sizcə Rusiya və Türkiyənin taleyi bir-birinə bənzəyirmi? Gələcəkdə tale bizi birləşdirə bilərmi?

Fəthullah Gülən –Bir mənada hadisələr bizi qeyd etdiyiniz birliyə sövq edə bilər, digər mənada da qloballaşan dünyada bir araya gəlmək müsbət qarşılanmaya bilər. Ancaq bunu müsbət mənada dəyərləndirmə də hər zaman ehtimal daxilindədir. Şəxsən mən hazırkı Rus hökümətində başda Yeltsin cənabları olmaqla, dialoqa açıq, demokratik havanın əsdiyini görürəm. Bu da həm dünya, həm də Türkiyə ilə inteqrasiya üçün çox vacib amillərdən biridir. Bu varsa, digər şeylər də onun ardınca bir-bir düzələ bilər. Lakin tarixdən qalma yaralar, acı xatirələr ola bilər. Onların yaddaşdan silinməsi üçün zamana ehtiyac var və biz bu istiqamətdə ciddi səy göstərməliyik. Rus höküməti və Rus xalqı çox böyük mərdlik göstərdi, iş imkanları, sərmayə qoyma və könüllülərin məktəb açma məsələsinə kömək etdi. Bu mövzuda nə lazımsa elədilər. Hər halda bundan sonra iş bizə düşür.

ORT -Sizə rəsmi bir mükafat verilsəydi və ya ona layiq olduğunuz deyilsəydi.. məsələn, Nobel mükafatına layiq görülsəydiniz, bunu necə qarşılayardınız, bu mükafatı qəbul edərdiniz?

Fəthullah Gülən-Mənə bir-iki dəfə burada da mükafat verildi. Onu bir az lehimdə-əleyhimdə yaranan ab-havaya görə qəbul elədim, ancaq əslində mən mükafatlıq bir iş görməmişəm. Bu mənə ağır gəlir. Hətta bəzi mükafatlardan uzaq durdum, mənim adıma başqa yoldaşlar aldılar. Məsələn, təhsil mükafatı, xoşgörü mükafatı aldılar, mənə verdilər. Nobel mükafatı isə, mən ola layiq olduğumu düşünmürəm. Onun bir dəyəri, bir qiyməti var. Layiq olmadan belə bir mükafatı almaq mükafata qarşı hörmətsizlik olar.

ORT –Bəs sizin üçün ən dəyərli mükafat nədir?

Fəthullah Gülən -Mən öləndə Allahın məndən razı olması mənim üçün ən böyük mükafatdır.

ORT -Bildiyim qədər həyatınızla bəzi xüsusi məqamlar var. Tək yaşayırsınız, dünya malınız yoxdur və s... Siz bunları əldə etmək üçün vaxt sərf etməkdən çəkinirsiniz və ya başqa səbəb var?

Fəthullah Gülən -Tək yaşayıram. Bəlkə də, bir dövrdə bunu aradan qaldırmaq üçün kifayət qədər imkanım yox idi. Sonra da artıq iyirmi beş il oldu, ciddi mənada naxoşluğum var, şəkər xəstəsiyəm, təzyiqim var, hətta məndə daxili iltihab da var. Bu xəstəliklər məni çox məşğul edir, demək olar ki, başqa şeylərlə məşğul olmağa vaxtım qalmır. İkincisi də, maddi imkanımın buna bəs eləməməsidir, imkanım olmadığı üçün bax belə mehmanxanalarda qalıram. Əvvəllərdə ana-atamın yanında qalırdım. Nə bir evə ehtiyac hiss elədim, nə də daldalanacaq bir yerə. “Onsuz da təkəm” deyib belə ömür sürürəm. Buna görə də bir evim olsun deyə təkid etmirəm.

Üçüncüsü də, bəzi insanlar mənə inanır, etimad edir, güvənirlər. Məsləhət verirsiniz, gedib sərmayə qoyurlar, məsləhət verirsiniz, gedib məktəb açırlar.. əgər mənim elə imkanlarım olsaydı, “o, zənginlərlə oturub-durur” deyərdilər. Halbuki mən onların ehtiramına, etmadına hörmət eləməliyəm. Yoldaşlarımın qəlblərini qazanmaq üçün çalışdım, dünya malını qazanmağa imkan tapa bilmədim və yoldaşlarımın qəlblərini qazanma uğrunda dünya malından vaz keçdim.

ORT -Çox gözəl ifadə elədiniz. Bir Rus atalar sözü var: İnsan həyatda ya bir ağac əkməli, ya bir ev tikməli, ya da bir uşağı olmalıdır. Türk dilində buna bənzər bir söz varmı?

Fəthullah Gülən–Türk dilində də buna bənzər sözlər var, dinimizdə də var. Məsələn Peyğəmbərimiz buyurur: “Qiyamətə az qalmış əlinizdə bir fidan varsa, onu əkin, qoy qiyamət qopsun”. Və yenə buyurur: “Evlənin, uşaqlarınız olsun. Sizin çoxluğunuzla fəxr edərəm”. İnsanın xoşbəxtliyi üçün yaxşı bir həyat yoldaşı və ev mühümdür. Zənnimcə, bunlar insan təbiəti ilə bağlı məsələlər olduğu üçün bütün dinlərdə var.

ORT -Sizcə insan necə yaşamalı və ya sizə görə insanın həyatı necə olmalıdır?

Fəthullah Gülən -Bu çox geniş məsələdir və geniş müzakirə olunası mövzudur. Məncə, insan əvvəla inanclı olmalıdır. Çünki insanda iman istedadı var, bunu işlətmək lazımdır. İnsan mütləq inanmalıdır. Çünki inam insan ruhunu cənnətə çevirir. Nə olur-olsun insan qətiyyən ümidsizliyə, bədbinliyə düşməməlidir.

ORT -Bildiyimiz kimi insanlar yaşlandıqca onlara yeni-yeni ilhamlar gəlir. Sizin ilk ilhamınız, sizə ilk açılan həqiqət nədir?

Fəthullah Gülən –Hal-hazırda bunu tam olaraq bilmirəm, bəlkə də həyatımda ən mühüm şey dinin zəruriliyini və sevginin insanlar üçün çox vacib, həyati əhəmiyyət kəsb etdiyinə inanmağımdır.

ORT -Fransız yazar Labri deyir ki, ən yaxşı idarəçi, ən yaxşı dövlət xadimi filosofdur. Sizcə, bu düzdürmü?

Fəthullah Gülən-Fəlsəfədən fəlsəfəyə fərq var. Müxtəlif fəlsəfi cərəyanlar var. İnsan həqiqətinə hər yöndən yanaşan, dərk edən, şərh edən fəlsəfə ilə razıyam. Ancaq insanın bir yönünü, əks etdirən məsələn, insane yalnız pozitivizm nöqteyi-nəzərdən yanaşan və ya yalnız rasionalizm cəhətdən ya da yalnız naturalizm, realizm yönündən yanaşan fəlsəfə istiqamətləri birtərəflidir, insanın bəzi yönlərinə laqeyd yanaşır, dolayısilə bu fəlsəfi görüşlər doğru deyildir. Fəlsəfə insanın düşüncəsini, təfəkkürünü təmsil edir. Müsəlmanlıqda bu mənada fəlsəfə “kəlam” elmi ilə əvəz edilmişdir. Bir mənada bəzi həqiqətləri sübut edən elmdir. Müsəlmanlar bu elmlə, fəlsəfə ilə də məşğul olmuşlar. Lakin bu mütləq mənada fəlsəfə deyil. İnsanı fiziki, metafiziki, ruhi, cismani, fikri, gələcəyi bir bütöv kimi götürən fəlsəfə.

ORT -Bizim verilişimizin adı "Sabahınız xeyir"dir. Siz günü necə qarşılayırsınız. Yəni günün yaxşı keçməsi üçün nə edirsiniz? Yəni bizim insanlarımıza nəyi tövsiyə edərdiniz?

Fəthullah Gülən -Cəmiyyətdən cəmiyyətə, mədəniyyətdən mədəniyyətə təbii ki, fərq var. Millət olaraq səhər erkən qalxar, bir az dəstəmaz həyəcanı ilə, namazın ruhani həzzi ilə Allaha yönələrik. Bu inancımızın, mədəniyyətimizin ruhudur. Bu baxımdan günümüz inancla yoğrulub. Ümumi olaraq da bunu demək olar: Məsələn xeyirxahlıq edəcəyinə inanmaq, qəlbi gözəl şeylərlə süsləməyə çalışmaq, ümidlə oyanmaq, gözəl şeylərlə qarşılaşacağına inanmaq, edəcəyi işlərdə qətiyyətli olmaq və görəcəyi işlərə qənaətlə yanaşmaq. Zənnimcə, günü yaxşı keçirmək üçün çox mühüm əsaslardır.

ORT -Bildiyimiz qədər ilə sizin bir muzeyiniz var. Bir mənada həmin muzey sizin həyatınızı əks etdirir. Mümkünsə onu görə bilərikmi?

Fəthullah Gülən -Əstəğfürullah, elə də böyük bir muzey sayılmaz. Mənə hədiyyə edilən ərməğanlar var. Onlar şəxsimə aid olmasın deyə təkrar millətə qaytarıram. Hədiyyələr gəldikcə onları bu şkafın bir küncə qoyuram. Buna bənzər balaca bir muzey də İzmirdə var, bir otağı muzey eləyiblər. Burada qaldığım müddətdə hədiyyə edilən şeyləri də şkaflara qoydum və kiçik bir muzey meydana gəldi. İkisi birləşdirilsə, bəlkə, böyük bir muzey ola bilər. Ancaq bir neçə yerdə olduğu üçün gözəgəlimli bir şey deyil. Buradakını da görə bilərsiniz. İzmirdəki daha böyükdür. Gələn dəfə gələndə oranı da görə bilərsiniz.

ORT –Bir sualım da var: Rusiyaya gəlmək istəyirsinizmi? Və ya gəlsəniz, orada kiminlə görüşmək istərdiniz?

Fəthullah Gülən –Həmişə arzum, istəyim oldu, ancaq birdən oradakı fəaliyyətlərə zərər verərəm deyə əndişə etdim. Çünki istəməyənlər, həzm edə bilməyənlər də var, burada da var. Ora­da da var mütləq. Bu kimi şeylərə səbəb olmamaq üçün “gəlməmək daha faydalıdır” deyə düşünürəm. Moskva idarəçiləri məni tanıyarlarmı, görüşmək istəyərlərmi, bil­m­irəm. Yoldaşlarımız Təhsil nümayəndələri ilə görüşdülər. Hərhalda onlara danı­şıb­lar, bəl­kə­ də tanıyırlar, bir də Moskva Bələdiyyə Başçısı ilə Moskvadakı məktəbin açılışı mü­na­si­bəti ilə görüşüblər, zənnimcə. Bu münasibətlə bir tanışlıq var. Bu baxımdan hər halda əvvəl­cə bizi tanıyan insanlarla görüşmək istəyərdim.

ORT -Siz gəlin, biz sizi qarşılayarıq.

Fəthullah Gülən-İnşallah.

ORT -Mən gününüzü necə tənzimlədiyinizi bilmirəm, ancaq zənnimcə hər dəqiqəniz nizamlanmışdır. Əgər icazə versəniz, sizi yeriyərkən, insanlarla görüşərkən çəkmək istəyirik.

Fəthullah Gülən-Əstəğfürullah. Məncə, heç bir qəbahəti yoxdur. Mənim nə qeyri-adi yerişim, nə də görünüşüm var.

ORT -Siz bizə fikir verməyin, o, bizim işimizdir. Çox təşəkkürlər, çox məmnun olduq.

06.05.1998
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.