“Doğru olduğuna inandığımız fəaliyyətləri hər zaman dəstəklədik”
- Son zamanlar Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğanın sizi və “Hizmət” hərəkatını (“Könüllülər” hərəkatı) hədəfə alan sözləri mütəmadi hal alıb. AKP ilə ittifaqınız başa çatdımı?
- İttifaqlar demokratiya, insan haqları və azadlıqlar ətrafında qurular, siyasi partiyalar və ya namizədlərə görə qurulmaz. 2010-cu ildə Konstitusiya referendumu zamanı Avropa Birliyinə üzvlük şərtlərinə paralel demokratik addımları CXP atsaydı, onları da dəstəkləyəcəyimi demişdim. “Könüllülər” hərəkatı mənsubları da daxil olmaqla, türk xalqı aparılan demokratik islahatlara, ordunun hökumət üzərindəki təzyiqinə son qoyduğuna və Türkiyənin AB-yə daxil olması prosesini sürətləndirdiyinə görə AKP-ni dəstəklədi. Doğru olduğuna inandığımız və demokratik prinsiplərlə eyni paraleldə olan fəaliyyətləri hər zaman dəstəklədik. Bununla yanaşı, yanlış olaraq gördüyümüz və bu prinsiplərə zidd olan istənilən prosesi tənqid etdik.
Dəyərlərimiz və münasibətimiz dəyişmədi. Demokratiyanı müdafiə edənlərdən olmağa davam edəcəyik. Siyasətçilərin keçmişi ilə uzlaşan fəaliyyətləri ilə bağlı qərarları türk xalqı və bitərəf müşahidəçilər verməlidir.
- R. T . Ərdoğan ilə onillik bir ittifaqınız var idi. Liderliyi dövründə sizi ən çox kədərləndirən nə oldu?
- Bir daha dəqiqləşdirək, ittifaqlar dəyərlər və prinsiplər ətrafında qurulur. AKP hakimiyyəti boyunca demokratik islahatları dəstəklədik və antidemokratik addımları tənqid etdik, bunlara qarşı çıxdıq. Məsələn, 2005-ci ildə terror cinayətlərini geniş bir məfhuma çevirən və insan azadlıqlarını təhlükə altına salacaq antiterror qanun layihəsini tənqid etmişdik.
2003-2010-cu illər arasında türk xalqının böyük bir hissəsi demokratik islahatları dəstəklədi. 2010-cu ildə Konstitusiya referendumu zamanı səslərin 58%-nin “hə” olması buna bir sübutdur. Türkiyədə ötən 15 il ərzində iqtisadi və demokratik sahədə xeyli inkişaf müşahidə olundu.
Bu demokratik addımların davam etməsini istərdik. 2010-cu il Konstitusiya dəyişikliklərini “yaxşı, ancaq yetərli deyil” şüarı ilə dəstəkləyən türk xalqı ötən son iki il ərzində inkişafın tərsinə dönməsindən təəssüf hissi duyur. Yeni, mülki və demokratik bir Konstitusiya Türkiyəni AB-nin demokratik dəyərlərinə bağlayacaqdı. Təəssüf ki, hazırda bu məsələ unudulmuş vəziyyətdədir.
- Baş Nazirin hüquq-mühafizə orqanlarında apardığı dəyişiklikləri necə dəyərləndirərdiniz?
- Hüquq-mühafizə orqanlarının rəhbərləri və ya digər hökumət nümayəndələrinin ölkə qanunvericiliyinə zidd istənilən hərəkətinə görə heç kəs onları müdafiə etməz. Sözügedən fəaliyyətlər qanuni yolla istintaqa cəlb olunmalıdır. Yox, əgər bu insanlar qeyri-qanuni bir iş görməyiblərsə, mənsub olduqları quruma zidd bir addım atmayıblarsa, sadəcə, sahib olduqları dünyagörüşlərinə görə təzyiq və ayrı-seçkiliyə məruz qalırsa, bu nə demokratiya, nə qanunvericilik, nə də insan haqları ilə uzlaşır.
Hazırkı hakim partiya keçmişdə, seçkilər ərəfəsində sahib olduqları ideologiya, dünyagörüşlərinə görə vəzifəli şəxslərin təzyiqlərə məruz qalmaları və yerlərinin dəyişdirilməsi kimi mənfi anlayışları aradan qaldıracağına dair söz vermişdi. Çox yox, sadəcə, bir neçə ay bundan əvvəl qəhrəman elan edilən polislərin qışın ortasında yerlərinin dəyişdirilməsi çox ironik bir vəziyyətdir.
- Hərəkata mənsub pedaqoqların şagirdlərini polis və ədliyyədə karyera qurmaları üçün cəsarətləndirmələrinin səbəbi nədir?
- Əvvəlcə, sualda bir düzəliş edək. Mən ancaq şəxsi çıxışlarım barədə danışa bilərəm və bu fikirlərim ümumi olaraq türk xalqını əhatə edir. Mən həmişə cəmiyyət üçün sağlam təməllər atmağın və fərdlər yetişdirməyin ən düzgün yolunun təhsil olduğuna inanmışam. Hər sosial problem fərddən başlayır və bu tip problemlər fərd səviyyəsində həll ola bilər. Fərd laqeyd münasibətə məruz qaldıqda sistematik olaraq siyasi həllər də uğursuzluğa düçar olmağa məhkumdur. Bu səbəbdən mən həmişə təhsilin tərəfdarı olmuşam.
Ona görə də mənimlə həmrəy olanlar yataqxanalar, hazırlıq kursları, özəl məktəblər və ödənişsiz təhsil mərkəzləri qururlar. Bu qurumlar cəmiyyətin geniş kütlələrini keyfiyyətli təhsillə təmin edirlər. Hansı ki, bu səviyyədə təhsil əvvəllər çox az insana nəsib olurdu.
Türk xalqını cəmiyyətin bütün hissələrində və ölkənin bütün qurumlarında təmsil olunmasını təşviq etdim. Çünki bu qurumların cəmiyyətdəki müxtəlifliyi özündə ehtiva etməsi çox vacibdir. Ancaq şagirdlərin və ailələrin seçimlərində bir çox amillər rol oynayır. Buraya iş fürsətləri və yüksək vəzifələrə sahib olmaq istəkləri də daxildir. Mənim çıxışlarımın, əsərlərimin həmin ailələr üçün bir amil olaraq nə qədər təsirli olduğundan isə tam əmin deyiləm.
“Könüllülər” hərəkatı tərəfindən açılan müəssisələrə gəldikdə, buradan məzun olan şagirdlərin ixtisas seçimlərindən tam məlumatlı deyiləm. Ancaq düşündüyünüzün əksinə, şagirdlərin adıçəkilən sahələrdə çalışmaq istəmələrinə səbəb kimi, onların oxuduqları təhsil ocaqlarına görə məruz qaldıqları ayrı-seçkiliyi göstərə bilərik.
- Hökumət hərbi çevrilişdə günahlandırılan hərbçilər haqqında çıxarılan məhkəmə qərarlarına yenidən baxmaq niyyətindədir. Tərəfdarlarınıza qarşı yeni bir ittifaqın qurulacağına dair bir narahatlıq hiss edirsinizmi? Buna qarşı bir strategiyanız varmı?
- Qanuni yolla, yeni dəlillər əsasında və ya təhqiqatda baş verən yanlışlıqlara görə yenidən mühakimə olunma bəşəri insan haqqıdır. Yeni dəlillər ortaya çıxsa və ya hüquqi prosesin qüsurlu olduğu məlum olduğu təqdirdə yenidən mühakimə olunma qanuni bir haqdır. Heç kim günahsız bir insanın haqsız olaraq cəzalandırılmasını istəməz.
Ancaq məqsəd minlərlə məhkəmə qərarlarının tamamilə ləğv edilməsidirsə, bu, ədliyyə sisteminə olan inamın sarsılmasına və son on ildə əldə olunan demokratik dəyərlərin itirilməsinə gətirib çıxarar. Belə bir addımı 2010-cu il referendumuna səs vermiş insanlara açıqlamaq çox çətin olar.
Bu həm də sözügedən məhkəmə proseslərini bir qələbə kimi təqdim edən, proseslərdə iştirak edən prokuror və hakimləri alqışlayan hazırkı hakim partiyanın rəhbərləri üçün də bir ironiyaya çevrilər.
Həmin bu məhkəmə proseslərinin etibarsız sayılması və ədliyyə sistemindəki müəyyən bir qrupa aid edilməsi siyasi liderlərin on il ərzində söylədikləri ilə tam bir ziddiyyət təşkil edir. Burada bir qeyri-səmimilik var. KCK, PKK təşkilatlarının törətdiyi terror hadisələrində Milli Kəşfiyyat İdarəsi (MİT) üzvlərinin iştirakı ilə əlaqədar MİT müşavirinin ifadəsini almağa çalışan prokurorun qarşısı yeni qanun qəbul edilərək alındı. Yeni qanuna əsasən, müşavirin ifadəsinin alınması üçün Baş Nazirin icazəsi olmalıdır.
Əgər bu qərar tətbiq olunsa, son on ildə aparılmış bütün demokratik islahatlara zərbə olmuş olar. Demokratik qurumlar üzərindəki ordunun təsirini qaldırmaq adına atılan bütün addımlarda dramatik bir geri dönüş olar. Türk tarixində yarım əsr ərzində seçki yolu ilə seçilmiş dörd hökumət hərbi çevriliş yolu ilə devrilib.
- Hökumət, siyasi mövqeləri Ərdoğanla üst-üstə düşmədiyi üçün Koçdan Doğana kimi, bir çox iş dünyası hədəfə çevrildi, vergi cərimələri ilə vuruldu. Son hadisələrin fonunda “Hizmət” tərəfdarlarının sahib olduqları şirkətləri hədəfə alan bir təhlükə görürsünüzmü?
- Hazırlanan xəbərlərə baxdığımda bəhs etdiyiniz məsələnin təhlükədən həqiqətə çevrildiyini görürəm. “Koza qrup”, “İstikbal qrup” və “Bank Asya” müxtəlif qeyri-ənənəvi yoxlamalara, cərimələrə, qadağalara məruz qaldı. “Bank Asya”dan çəkilən külli miqdarda vəsait iqtidaryönlü partiyaların apardığı qaralama kampaniyası nəticəsində baş verdi.
- Prezident Abdullah Gül mühafizəkarlardan liberallara və “Hizmət” hərəkatına kimi bir çox tərəfləri bir araya gətirə biləcək mülayim bir lider kimi görünür. A. Gül rəhbərliyində bir AKP-ni dəstəkləyərdiniz, yoxsa onun bir Prezident olaraq ölkəyə daha çox kömək edəcəyini düşünürsünüz? R. Ərdoğanla müqayisədə A. Gülün mövqeyini daha müsbət görürsünüzmü?
- Həmişə bütün siyasi partiyalarla eyni yaxınlığı göstərməyə çalışmışıq. Bir qeyri-hökumət təşkilatı olaraq, heç bir zaman tək bir partiyanı və ya namizədi dəstəkləmədik. Ancaq “Hizmət” hərəkatına mənsub insanlar fərdi şəkildə, azad iradə ilə şəxsi düşüncə və dəyərlərinə daha yaxın bildiklərini dəstəklədilər.
A. Gül bizim Prezidentimizdir. Onun adının yer aldığı gələcəkdəki ssenarilərlə bağlı proqnozlar vermək düzgün olmaz.
- Mediadakı tərəfdarlarınız son həftələr CXP ilə bağlı daha müsbət mövqe nümayiş etdirir. Seçkilər ərəfəsində CXP və “Hizmət” arasında bir ittifaq ola biləcəyinə inanırsınızmı?
- Təkrar olsa da, bir daha deyim, biz hər hansı bir siyasi partiya və ya namizədlə heç vaxt ittifaq qurmamışıq. Dəstəyimiz və ya tənqidimiz həmişə dəyərlər ətrafında olur. Bu tip bir ittifaq gələcəkdə də olmayacaq. Bir qeyri-hökumət təşkilatı olaraq, cəmiyyətdə hər kəsə açıq olmağımız çox vacibdir. Dəyərlərimiz açıq və konkretdir. Demokratiya, bəşəri insan haqları, insan azadlıqları, şəffaf və hesab verməyi bacaran hökumətlər dəyərlərimizin arasındadır.
İmkanlar təqdim olunanda “Hizmət” mənsubları digər vətəndaşlar kimi şəxsi dəyərləri çərçivəsində qərarlarını verəcəklər. Təməl dəyərləri eyni olan insanların seçimləri eyni cizgidə ola bilər.
- tarixində yaradılmışdır.