Bu Qədər Comərdlik Axirəti Gərək Edir

Möhtac olduğumuz şeylər Cənabi-Haqqın lütf seyri içində gəlməzsə, dünyaları versək, onların heç birini də əldə edə bilmərik.

Harun ər-Rəsidlə qarşılaşan bir Allah dostu ona belə bir sual verir:

- Harun! Əgər bircə stəkan suya möhtac olsaydın, onu əldə edə bilmək üçün bütün səltənətini verərdinmi?

- Bəli.

- Yaxşı, bu suyu içsən, amma sonra bayıra çıxara bilməsən, bu dərddən xilas olmaq üçün bütün səltənətini verərdinmi?

-Bəli.

Buna cavab olaraq arif insan bunları deyir:

- Budur, ey Harun! Sənin bütün sərvət və səltənətin bir stəkan sudan ibarətdir!..

Biz də bu bir stəkan sudan alaq, çünki hər an möhtac olduğumuz hava da daxil olmaqla bütün nemətləri qapımızda hazır şəkildə alırıq.

Hər mövsüm Cənabi-Haqqın lütf və ehsanı ilə ayrı-ayrı, min cür meyvələr əmələ gəlir. Bunun əksini düsünərsək, bütün dünyanı versək, nəinki o meyvələri, heç onların bir çəyirdəyini də əldə edə bilmərik. Beləcə, dünyada Cənabi-Haqqın belə bir əliaçıqlığını və cömərdliyini görürük.

Zavallı insan, kəramat və möcüzə axtarırsan? Halbuki, ətrafımızda baş verən cürbəcür hadisələrin hamısı xarüqüladə şəkildə əmələ gəlir.

Cömərdliyə baxın ki, günəş və ay insana iki müti xidmətçi kimi qulluq edir: hərarəti ilə başımızı oxşamaqla yanaşı, ehtiyacımız olan meyvə, səbzə və toxumlarının yetişməsini də öz öhdəsinə götürür. Əgər bütün bu cömərdliklər müvəqqəti və fani, mehmanxana vəzifəsini görən dünyaya məxsus olsaydı və davam etməsəydi, hər nemət sonradan bizi düşündürən və qarabaqara arxamızca gəzən ölümün qorxusundan bir stəkan zəhər olub bizə iztirab verəcəkdi. Çünki istifadə etdiyimiz hər nemət bizə, haçansa bütün nemətlərdən məhrum olacağımızı xatırladır.

Bundan daha qorxuncu da əbədi yoxluğu unuda bilməməyimizdədir. Halbuki, bu böyüklükdə cömərdliyə sahib olan bir Zat bizə verdiyi bu qədər nemətləri daddırdıqdan sonra əlimizdən almaz. Bəlkə o neməti davam etdirər və əbədiləşdirər. O zaman, bu müvəqqəti dünyada cömərdliyi bu qədər cilvələnən Zatın, bir də əbədi və tükənməyən bir aləmi vardır ki, burada nümunə kimi gördüyümüz comərdliklər orada həmişəlik, əbədi olaraq davam edəcəkdir. Yoxsa, onun bu qədər comərdliyi, tam əks təsir göstərər ki, bu da onun Zati-Üluhiyyəti ilə bir araya sığmaz. O, belə çirkinliklərdən uzaq və müqəddəsdir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.