Ticarət
Ticarət, pul və əmtəə dili ilə hər şeyin idarəsi əlində olan Zata ruzi üçün müraciətdir. Bu müraciət mütləq edilməlidir, amma istəklərin həyata keçməsinin Ondan asılı olması da unudulmamalıdır.
Elm və texnologiya nə qədər inkişaf etsə də, gələcəkdə ticarət və onun vəd etdiklərinin rolu indikindən də böyük olacaq. Hətta hökumət və iqtidar onun vəsaiti ilə fəaliyyətini quracaq və onun dəstəyi ilə varlığını davam etdirəcəkdir.
* * *
Hər şeydə olduğu kimi, ticarət və sənətdə də elm və ixtisasın əhəmiyyəti böyük olmaqla yanaşı, xüsusilə, bu iki peşənin usta-şagird əsasına söykəndiyi də əsla unudulmamalıdır.
Kitablarda izah edilən nə qədər məsələlər var ki, mahir bir şagird və çıraqlıqdan gəlmə bir ustanın məharət prizmasından keçmədikdən sonra gözləniləni verməsi qeyri-mümkündür.
* * *
Haram-halal mülahizəsinə bağlı alış-veriş edən bir tacirin iş başında keçirdiyi və keçirəcəyi dəqiqələr ibadət sayılır.
* * *
İş yeri və firmaların təmizlik və nizamı, və ya kirlilik və nizamsızlığı çox vaxt satıcı və iş adamının ruh-halətini əks etdirdiyinə görə, bu xüsusun da, müştəri üzərində mənfi ya da müsbət təsir edəcəyi unudulmamalıdır.
* * *
Hiyləgər tacir, hiyləgər iş adamı, bu davranışları ilə əvvəla Rəbblərinə və vicdanlarına qarşı çıxmış olurlar, sonra da hiylələrinin ortaya çıxması ilə xalq arasındakı etibarlarını itirərək, qazanc üfüqündə itirirlər.
* * *
Ticarətin ruhu düzgünlük, əminlik, dövrün idrakı, müştəriyə qarşı fövqəladə nəzakətli və tərbiyəli davranmaqdır. Bu xüsusların birində qüsur edən ticarətin ruhunu əldən salmış, başqa sözlə də, öz qazanc yollarını tıxamış olar.
* * *
Tacirlər, sənətkarlar şirin dilli, gülərüzlü, olduqca təvazökar, sözlərində sabit və əsla usanmaz, yorulmaz olmalıdırlar. Hər bir peşə sahibi üçün çox əhəmiyyətli olan bu xüsuslar, xalqla münasibətdə olmaları və onların mənfəət və zərərləri ilə əlaqədar olmaları etibarilə, bu iki sinif üçün daha da əhəmiyyətlidir.
* * *
İş yerlərini adət ediləndən hər gün bir saat əvvəl açıb bir saat sonra bağlayanların, ayları otuz beş, illəri də dördyüz iyirmi günə çatar. Təbii, mövcud imkanlar daxilində eyni iş yerlərində həqiqi vəzifəyə də laqeyd olmamaq şərti ilə...
- tarixində yaradılmışdır.