Peyğəmbərimizdə etibarlılıq

Peyğəmbərimizdə etibarlılıq

Peyğəmbərimiz, əvvəla, Allahdan gələn bəyanlara əmindir, etibarlıdır. Onun əmanətə zərrə qədər xəyanətini düşünmək mümkün deyil. Sonra bütün məxluqata qarşı əmindir. Hər kəs Ona etimad edir. Çünki əvvəlcə O, hər kəsə etibarını göstərmiş, insanların etibar və güvənini qazanmışdır. Daha sonra da bizə əminlik və etibarın nə qədər gərəkli olduğunu anlatmış və bizi ona inandırmışdır. İstəsəniz, indi də bu məqamlardan ardıcıllıqla bəhs edək:

a. Risalət vəzifəsində etibarlılığı

Allah (c.c.) Rəsulunu əmanətə riayət edən bir insan kimi seçmiş, O da bunun həyəcanını ömrü boyu yaşamışdır. Belə ki, vəhy gələndə "birdən bir sözü unudaram" deyə həyəcanlanır və Cəbrail (ə.) sözləri bitirməmiş deyilənləri hifz etmək üçün dayanmadan təkrar edirdi. Hətta bu məsələdə o qədər həssaslıq göstərirdi ki, bir gün Allah-Təala Ona belə buyuracaqdı:

لَا تُحَرِّكْ بِهِ لِسَانَكَ لِتَعْجَلَ بِهِ * إِنَّ عَلَيْنَا جَمْعَهُ وَقُرْآنَهُ * فَإِذَا قَرَأْنَاهُ فَاتَّبِعْ قُرْآنَهُ * ثُمَّ إِنَّ عَلَيْنَا بَيَانَهُ
"(Ya Peyğəmbər! Cəbrail sənə Quran oxuduğu zaman) onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə! Çünki onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir. Biz onu (Cəbrailin dili ilə) oxut­duğumuz zaman oxunmasını diqqətlə dinlə. Sonra onu (sənə) bə­yan etmək də Bizə aiddir!" (Qiyamət surəsi, 75/16-19)

Quran Ona bir əmanət kimi verilmişdi. O da bu qüdsi əmanətə riayət etməməkdən qorxur və tir-tir titrəyirdi. Buna görə də Allah (c.c.) Onu təsəlli edir və əmanətdə etibarlı edəcəyinə təminat verirdi.

Allah Rəsulu ömrünü həyəcan içində keçirdi, əmanətə riayətə ciddi cəhd göstərdi və bu yükün bütün ağırlığını çiynində hiss etdi. Ona görə də Vida həccində − ümməti ilə vidalaşdığı həcdə günəş qüruba doğru əyilərkən həyat günəşinin də qürubuna çox qalmadığını bilən Rəsulullah sədaqətli əshabına o dərin məsuliyyətini bir daha hiss etdirmiş və uca səslə: "Yaxında sizdən mənim haqqımda soruşacaqlar". Yəni "ondan əvvəl mən soruşuram: vəzifəmi yerinə yetirdimmi?" – demişdi. Orada olanların hamısı bir ağızdan hayqıraraq yeri-göyü titrətmişdilər: "Bəli, Sən vəzifəni layiqincə və qüsursuz yerinə yetirdin!" Bu sözləri eşidən İki Cahan Sərvəri əllərini qaldırıb: "Allahım, şahid ol!" – demişdi.[1]

Bəli, əmanətə riayət, əmanətdə əminlik birbaşa Allahda başlamış, Cəbrailə keçmiş və Allah Rəsulunda aram etmiş, daha sonra da ümmətə keçmişdi və Vida həccində ümmətin şahidliyi ilə yenidən Allaha dönmüşdü.

Ən mötəbər hədis kitablarının nəql etdiyinə görə, Aişə anamız (r.a.) Allah Rəsulunun əmanətə riayət düşüncəsi ilə bağlı belə buyurur: "Əgər Allah Rəsulu nazil olan ayələrdən hər hansı birini − fərz edək − gizləyəsi olsaydı, şübhəsiz, bu ayəni[2] gizləyərdi:وَإِذْ تَقُولُ لِلَّذِي أَنْعَمَ اللّٰهُ عَلَيْهِ وَأَنْعَمْتَ عَلَيْهِ أَمْسِكْ عَلَيْكَ زَوْجَكَ وَاتَّقِ اللّٰهَ وَتُخْفِي فِي نَفْسِكَ مَا اللّٰهُ مُبْدِيهِ وَتَخْشَى النَّاسَ وَاللّٰهُ أَحَقُّ أَنْ تَخْشَاهُ [3] Bu ayə bir hadisə ilə əlaqədar nazil olmuşdu: "Allah Rəsulu yanında böyütdüyü, daha sonra da övladlığa götürdüyü və köləlikdən azad etdiyi Zeyd b. Harisəni bibisinin qızı Zeynəb binti Cahşla evləndirmişdi. Ancaq onların ailəsi hüzurlu deyildi. Zeynəb anamız (r.a.) sırf Allah Rəsulunun əmrindən çıxmamaq üçün bu nikahı qəbul etmişdi. Könülsüz ailə qurduğu üçün də ərinə qarşı lazımi hörmət və ehtiramı göstərmirdi. Allah onun Zeyddən bo­şanıb əzvaci-tahiratdan[4] biri olmasını çoxdan murad buyurmuşdu. Ancaq o günəcən hökm sürən ərəb adətinə görə, övladlığa götürülənlər doğma övlad hesab olunurdu. Başqa sözlə, övladlığa götürülən şəxsin həyat yoldaşı övladlığa götürənin gəlini sayılırdı. Daha əvvəl anası Zeynəbi Allah Rəsuluna təklif etmişdi, ancaq Rəsulullah qəbul etməmişdi. İndi bu nikahı birbaşa Allah (c.c.) əmr edirdi. Zeynəblə izdivac İki Cahan Sərvərinə, həqiqətən, çox ağır gəlmişdi. Amma nə etmək olardı, əmr yuxarıdan idi.

Ona görə də Aişə anamız (r.a.) bu məsələ haqda deyir: "Əgər Allah Rəsulu gələn vəhydən hər hansı bir ayəni gizləyəsi olsaydı, bu izdivacla bağlı ayələri gizləyərdi". Ancaq O, vəhy kimi müqəddəs bir əmanətə riayətdə olduqca həssas idi. Onun ən kiçik bir məsələni belə gizlətməsi mümkün deyildi. Ayədə məalən belə deyilir:

"(Ya Peyğəmbər!) Xatırla ki, bir zaman Allahın (İslam dininə yönəltməklə) nemət verdiyi və sənin də yaxşılıq etdiyin şəxsə (Zeyd ibn Harisəyə): "Zövcəni (Zeynəb bint Cəhşi) saxla (boşama), Allahdan qorx!" – deyir, Allahın aşkar etdiyi şeyi (Zeynəbin boşanacağı təqdirdə onu almağın haqda sənə nazil olan vəhyi) ürəyində gizli saxlayır və adamlardan (onların Peyğəmbər oğulluğunun boşadığı övrətlə evlənir", – deyəcəklərindən) çəkinirdin. Halbuki əslində qorxmağa ən çox layiq Allahdır". (Əhzab surəsi, 33/37)

Bəli, əgər bir ayə gizləsəydi, məhz bunu gizlədərdi, lakin O, əmanətə etibarlı idi və əsla heç bir şeyi gizləməzdi.

Onun əminlik düşüncəsinə dair bir hadisə: Bədirdə kafirlər əsir alınmışdı. Allah Rəsulu Həzrət Əbu Bəkir və Həzrət Ömərlə məsləhətləşdi. Həzrət Əbu Bəkir (r.a.) əsirləri fidyə alıb azad etməyi təklif etdi. Həzrət Ömər (r.a.) isə hamısının qılıncdan keçirilməsinə tərəfdar idi. Hətta o, hər kəsin öz yaxını tərəfindən öldürülməsini təklif etdi. Allah Rəsulu (s.a.s.) Həzrət Əbu Bəkrin rəyinə meyil edərək əsirləri fidyə əvəzində azadlığa buraxdı. İndi hadisənin ardını Həzrət Ömərdən dinləyək:

"Ertəsi gün Allah Rəsulunun hüzuruna getdim, Rəsulullah Həzrət Əbu Bəkirlə birlikdə ağlayırdı. Bəli, ikisi də başını aşağı əyib hıçqıra-hıçqıra göz yaşı tökürdü. Səbəbini soruşdum, lakin heç birinin mənə cavab verməyə taqəti qalmamışdı. Təkid etdim: "Nə olar söyləyin, ağlanası bir şey varsa, mən də sizinlə birlikdə ağlayım", – dedim. Nəhayət, Allah Rəsulu ağlaya-ağlaya bir az əvvəl bu ayənin nazil olduğunu söylədi. Allah (c.c.) buyururdu:

مَا كَانَ لِنَبِيٍّ أَنْ يَكُونَ لَهُ أَسْرَى حَتَّى يُثْخِنَ فِي اْلأَرْضِ تُرِيدُونَ عَرَضَ الدُّنْيَا وَاللّٰهُ يُرِيدُ اْلآخِرَةَ وَاللّٰهُ عَزِيزٌ حَكِيمٌ
"Yer üzündə ağırlığınızı qoyub (küfrün belini qırana) qədər heç bir peyğəmbərə əsir saxlaması yaraşmaz. Siz fani dünya malını istəyirsiniz, halbuki Allah (sizin üçün əbədi olan) axirəti istəyir. Allah Əzizdir, Hakimdir". (Ənfal surəsi, 8/67)

Əgər Allah Rəsulu – fərz edək ki – hər hansı bir ayəni gizlətməli olsaydı, hər halda ikinci olaraq bu ayəni gizlədərdi. Lakin Allah Rəsulu vəhy əmanətinə etibarlı insan idi. Biz hər iki ayəni irəlidə Peyğəmbərimizin ismətini izah edərkən təkrar nəzərdən keçirəcək və o mövzuya aid tərəflərini də təfsilatı ilə ərz etməyə çalışacağıq.

b. Bütün varlığa etibarlı olması

Ruhu etibarlılıq, əminlik vəsfi ilə yoğrulmuş Rəsulullah pey­ğəm­bərlik vəzifəsində Rəbbindən gələn vəhy əmanətinə ciddi və həssas riayət etdiyi kimi bütün varlığa da əminlik, etibar saçırdı:

Bir gün etikafda olanda Safiyyə anamız (r.a.) Ona baş çəkməyə gəlmişdi. Bir az oturandan sonra da öz otağına getmək üçün icazə istədi. Allah Rəsulu də xanımını yola salmaq üçün onunla birlikdə çölə çıxdı və bir neçə addım getmişdilər ki, bir-iki səhabə onların yanından sürətlə uzaqlaşdılar. İki Cahan Sərvəri dərhal onları dayandırdı, sonra da Safiyyə anamızın üzünü açaraq: "Baxın, bu mənim xanımım Safiyyədir" – dedi. Elə bil səhabələrin üstünə qaynar su tökdülər. "Allah qorusun, ya Rəsulullah! Sənin haqqında heç pis düşünməkmi olar?!" – dedilər. An­caq Allah Rəsulu hər davranışı kimi, bu davranışı ilə də bir dərs vermək istəyirdi. Buyurdu: "Şeytan daim insanın qan damarlarında gəzib-dolaşır."[5] Şeytan insanın bu qədər yaxınındadırsa, demək, istənilən vaxt onun beyninə şübhə toxumları səpə bilər. Əgər mində, hətta milyonda bir ehtimal da olsa, insanın ağlına "Görəsən Allah Rəsulunun yanındakı qadın kim idi?" şəklində bir şübhə və tərəddüd gəlsə, Allah qorusun, o düşüncə həmin şəxsin əbədi həyatını məhv edib iman nurunu söndürər. Elə buna görə də O şəfqət abidəsi uca Nəbi vəziyyətə dərhal müdaxilə edərək həm öz əminliyini göstərir, həm də əshabının imanını qorumuş olurdu.

Bəli, O, etibar və əminliyə bu qədər əhəmiyyət verirdi. Təsadüfi deyil ki, peyğəmbərlik gəlməmişdən əvvəl Əmin adını almışdı.[6] İslamiyyətin zühuru ilə amansız düşmənə çevrilənlər belə Onu həmişə "Əmin" kimi tanımamışdımı?! O, o qədər etibarlı sayılırdı ki, zənnimcə, Əbu Cəhlin yanına gedib "İsmət və namusun da daxil olmaqla ən qiymətli şeylərini kimə əmanət edərsən?" deyə soruşsaydılar, hər halda "əl-Əminə" cavabını verərdi. Bəli, ilk ağlına gələn insan Məhəmmədul-Əmin (s.a.s.) olardı. Allah Rəsulunun bütün həyatı bu cür əminlik, etibarlılıq məhvərində keçmişdi.

O qədər etibarlı insandı ki, bir qadının "Gəl, gör sənə nə ve­rəcəyəm!" deyə uşağını çağırdığını eşidər-eşitməz dərhal: "Nə verəcəksən?" deyə soruşmuşdu. Qadın "Bir neçə xurma verəcəyəm, ya Rəsulullah" deyincə: "Əgər ona bir şey verməyəsi olsaydın, yalan danışmış olacaqdın" buyurmuşdu.[7]

Çünki Allah Rəsulu yalanı münafiqlik əlaməti sayırdı. Münafiqin üç əlaməti vardı ki, biri də yalan danışmaqdı. Digər ikisi isə əmanətə xəyanət və verilən sözə əməl etməmək kimi günahlar idi.[8] Münafiqlik Allah Rəsulundan necə və nə qədər uzaqsa, əmanətə xəyanət etmək də o qədər uzaq idi.

Allah Rəsulunun əminlik ruhu və etibar anlayışı təkcə insanlarla münasibətdə özünü göstərmirdi. Onun əminlik dünyası bütün varlığı əhatə edirdi. Bir səhabə əlini ot varmış kimi göstərib atını yanına çağırmışdı. Bunu görən Rəsulullah onu yanına çağırıb xəbərdarlıq etmişdi. Bəli O, heyvanlara qarşı belə etibarlı, doğru-dürüst olmağın zəruruliyini söyləyirdi.

Yenə bir dəfə döyüşdən qayıdırdılar. Bir-iki səhabə bir quşun balalarını yuvadan götürüb oxşayırdılar. Elə o əsnada ana quş gəldi. Balalarını yuvada görməyib çırpınmağa başladı. Narahat halda qalxıb enir, dayanmadan sağa-sola dövrə vururdu. Allah Rəsulu vəziyyətdən xəbərdar olunca dərhal quş balalarını yerinə qoymağı, ana quşa əziyyət verməməyi əmr etdi. Bununla sanki bu hərəkətin yer üzündə əminliyin, etibarın təmsilçiləri olan insanlara – müsəlmanlara yaraşmadığını bəyan edirdi.[9]

Onun nuru ilə nurlanmış o işıqlı səhabələr də belə idi. Bu işıqlı insanlardan biri də "ümmətin əmini" Əbu Ubeydə b. Cərrahdır. Həzrət Ömər dövründə Şamda vali idi. İrakli Şam şəhərini geri qaytarmaq üçün qoşunla gələndə Əbu Ubeydənin yanında az sayda ordu vardı. Bu ordu ilə şəhəri müdafiə etmək mümkün görünmürdü. Dərhal Şamın əhalisini bir yerə topladı və bunları söylədi:

"Sizdən cizyə yığdıq. Bu cizyənin əvəzində şəhəri qorumalı idik. Ancaq indi buna qüvvəmiz yoxdur. Yəni sizi qoruya bilməyəcəyik, yığılan cizyənin hamısını geri qaytaracağıq. Çünki bunu haq­qımız olmadan saxlamağımız doğru deyil."

Beləcə yığılan cizyələr yiyələrinə qaytarıldı. Bu müdhiş mənzərə qarşısında heyrətə gələn ruhani və keşişlər kilsələrə doluşub "Müsəlmanları başımızdan əskik etmə" deyə Allaha dua etdilər. Müsəlmanları yola salarkən də "İnşaallah geri qayıdar və bizi İraklinin zülmündən qurtararsınız," dedilər.[10]

Əbu Ubeydə əminlik, etibar təlqin etmiş, əmin insan kimi yaşa­mış və Xristianların belə könlündə taxt qurmuş bir rəbbani idi. Bu gün Qərb bizi dinləmirsə və Avropaya göndərdiyimiz insanların sözlərinə qulaq asmırsa, bu, tamamilə bizə aid qüsurdan qaynaqlanır. Şübhəsiz ki, bizim ən böyük qüsurlarımızdan biri əmin və etibar çatışmazlığıdır. Biz bu vəsfə yiyələndiyimiz gün bütün bəşəriyyət etibarlı bir milləti tapmış olacaq. Biz də dövlətlər arasında layiqli yerimizi yenidən tutmaq istiqamətində ən iri addımı atmış sayılacağıq.

Osmanlının dünya hakim olmasında da eyni əminlik abı-havasının təsirini görmək mümkündür. Döyüşə gedəndə bağbağçalarda yedikləri meyvələrin pulunu budaqlara asan bu etibar təmsilçiləri, soylu və nəcib insanlar ölkələri qılıncla fəth etməzdən əvvəl bu əminlik ruhu və cömərdliklə könüllərə yol tapmışdılar. Yoxsa nə o qorxunc səlib zehniyyəti qarşısında Avropaya girə, nə də uzun müddət orada qala bilərdilər. Şamın şahid olduğu Əbu Ubeydə ədalətini Balkan yarımadası və Şərqi Avropa düz dörd əsr Osmanlı ilə gördü. Buna görə də, o şanlı yüksəliş dövründə çox az tələfatla Vyana qapılarına qədər gedib çıxmış və əsrlər boyu da getdikləri yerlərdə əmin-amanlıq və hüzurun təmsilçisi olmuşlar. Zənnimcə, son yarım əsrin Türkiyəsində əmin-amanlığın təsisi üçün tökülən qan beş əsr boyunca, həm də əcnəbi millətlər arasında asayişin təmini üçün tökülməmişdir. Bəli, aparılan araşdırmalar və statistikalar altı yüz illik Osmanlı dövründə baş verən bütün çarpışmalarda ölənlərin son yarım əsrdə ölənlərdən az olduğunu göstərir. Elə isə Osmanlı fəthlərinin sırf hərbi qüvvə ilə həyata keçirildiyini iddia etmək qətiyyən doğru deyil. Digər tərəfdən, ogünkü nəqliyyat vasitələrini nəzərə alsaq, bu qədər böyük ərazinin sırf dövlət hakimiyyəti və hərbi güclə idarə edilməsi açıq-aşkar qeyri-mümkündür.

Bəli, onlar məhz könülləri fəth etdikləri üçün fərqli millətləri bir dövlətin hakimiyyəti altında, həm də uzun müddət və heç bir problem çıxarmadan idarə edə bilmişlər.

c. Ümmətini etibarlılığa dəvət etməsi

Nəbilər Sultanı Allahdan gələn bəyanları etibarla hifz edir və eti­bar halqasına da bütün varlığı daxil edirdi. Ümmətini də eyni əxlaqa yiyələnməyə çağırır, insanlar arasında əmin və etibarlı yaşamağa səsləyirdi. Onun yanında ən kiçik xəyanət və qeybətə yer yox idi. Belə hallarda dərhal qarşısındakına xəbərdarlıq edir və ruhuna qeybətin tozunun belə qonmasına imkan vermirdi.

"Filan qadının ətəyi nə uzundur" deyən Həzrət Aişə anamıza (r.a.): "Onun qeybətini etdin və ətini dişlədin" deməsi,[11] Maizin arxasınca danışan bir başqa səhabəyə də oxşar xəbərdarlığı etməsi[12] – hamısı Onun əmin, etibarlı olmasından və əminlik haləsinin ruhlara necə hüzur, itminan gətirəcəyini bilməsindən qaynaqlanırdı.

Daim bu duanı oxuyur və ümmətinə də tövsiyə edirdi: "Allahım, aclıqdan Sənə sığınaram, o, nə pis yoldaşdır. Xəyanətdən də Sənə sığınaram, o, nə pis sirdaşdır."[13]

Əmanətə riayət etmək nə qədər əhəmiyyətlidirsə, xəyanət et­məmək də o dərəcə önəmlidir və bunlar bir-biri ilə sıx bağlıdır.

Əhdinə vəfa göstərməyib xəyanət edən insanlar haqqında buyurulan bu tükürpərdici ifadə də yenə Allah Rəsuluna aiddir: "Allah qiyamət günü əvvəl-axır bütün insanları bir yerə toplayanda hər vəfasız üçün bir bayraq sancılacaq və: "Baxın, filankəsin oğlu filankəsin vəfasızlığı budur" deyiləcək."[14]

Pislik Rəsulullahın ruh dünyasına nəinki ayaq basa, heç yaxın dura bilməzdi, o qapılar pisliklərin üzünə əbədi bağlanmışdı. Ən kiçik yaxşılığa, hətta təfərrüat sayılana da ürəyini geniş açır və yaxşılıq hissi ilə oturub-dururdu. O, güvən, əminlik və etibar ab-havasında ömür sürdü. Bəşəriyyət də Ona güvəndi, etimad etdi. Ona arxa çevirənlər yanılıb yollarda qaldılar. Ancaq O, daima qoruyucu mələk kimi ümmətinin üstündə titrədi. Kim, nə vaxt və hansı şəraitdə Onun qapısını döydüsə, Ondan "Ləbbeyk!" (Buyur) səsini eşitdi.

O, necə etibarlı insan idisə, Allaha da o cür etibar və etimad bəsləyirdi. Onun Allaha güvənib etimad etməsi əminlik vəsfinin Nəbidən Allaha yüksəlməsi deməkdir. Əminlik Allahdan nazil olaraq peyğəmbərdə etibarlılıq və itminan şəklində zühur edir. Bu iki qövsün ucu birləşəndə də ümumi əmina-amanlıq, etibar və etimad hasil olur.

Hər bir peyğəmbər Allaha etimadla şərəflləndirilmişdir. Bu, onların ayrılmaz xüsusiyyətlərindən və uca vəsflərindən biridir. Quran bunu bu ayələrdə bəyan edir:

وَاتْلُ عَلَيْهِمْ نَبَأَ نُوحٍ إِذْ قَالَ لِقَوْمِهِ يَا قَوْمِ إِنْ كَانَ كَبُرَ عَلَيْكُمْ مَقَامِي وَتَذْكِيرِي بِآيَاتِ اللّٰهِ فَعَلَى اللّٰهِ تَوَكَّلْتُ فَأَجْمِعُوا أَمْرَكُمْ وَشُرَكَاءَكُمْ ثُمَّ لاَ يَكُنْ أَمْرُكُمْ عَلَيْكُمْ غُمَّةً ثُمَّ اقْضُوا إِلَيَّ وَلاَ تُنْظِرُونِ
"(Ya Rəsulum!) Onlara Nuhun xəbərini söylə. Bir zaman o öz ümmətinə belə demişdi: "Ey ümmətim! Əgər aranızda qalmağım və Allahın ayələri ilə öyüd-nəsihət verməyim sizə ağır gəlirsə, mən (sizin mənə qarşı bütün pis niyyətlərinizdən) Allaha təvəkkül edirəm. Şə­riklərinizlə birlikdə (mənim barəmdə) nə edəcəyinizi qərarlaşdırın. Gö­rəcəyiniz iş gizli qalmasın (onu mənə də bildirin), sonra mənə heç möh­lət də verməyib haqqımda istədiyinizi edin (istədiyiniz hökmü çı­xarın!)" (Yunus surəsi, 10/71)

Həzrət Nuh (ə.) Rəbbinə güvənir, etimad edir və bütün kafirlərin qarşısında mətanətlə dayanaraq: "Əgər aranızda olmağım, davranışım, mövqeyim və əmri təbliğim sizə ağır gəlirsə, həzm edə bilmirsinizsə, istədiyinizi edin. Mən bu vəziyyətdə Allaha (c.c.) güvənib arxalandım, bu siz, bu da mən. Siz bir dəstə insan, mən isə təkəm. Lakin bilin ki, Allah (c.c.) məni sizin qarşınızda tək qoymayacaq. Siz indi bir yerə yığışın, baş-başa verib məsləhətləşin, məşvərət edin və mənim əleyhimə müxtəlif planlar qurun, bunu edəndə də bütün şəriklərinizi, ortaqlarınızı və köməyə gələcək hər kəsi çağırın. Bir yerə yığın ki, sonra içinizdə bir peşmançılıq, bir narahatçılıq qalmasın. "Kaş ki bunu da edəydik!" deməyin və əlinizdən nə gəlirsə, edin, nəyi düşünürsünzsə, hamısını ortaya qoyun! İndi mən sizdən hər şey gözləyirəm, edə bilirsiniz, edin!" deyir və onlara meydan oxuyurdu.

Həzrət Nuh (ə.) bunları Allaha fövqəladə güvən və etimadla söyləyirdi. O, əmin idi ki, Rəbbi onu qoruyub hifz edəcək. Gəmisinə neçə insan mindi, bilmirik, lakin bir şeyi bilirik ki, Həzrət İbrahim (ə.) də daxil nə qədər peyğəmbər varsa, hamısı Onun soyundan gəlmişdir. Çünki Quran Həzrət İbrahimi Onun millətindən sayır və belə deyirdi:

وَإِنَّ مِنْ شِيعَتِهِ لَإِبْرَاهِيمَ
"Həqiqətən, İbrahim də Nuhun millətindən idi" (Saffat surəsi, 37/83)

Həzrət İbrahimin (ə.) halı, təslimiyyəti və təvəkkülü bu şəkildə dilə gətirilir:

قَدْ كَانَتْ لَكُمْ أُسْوَةٌ حَسَنَةٌ فِي إِبْرَاهِيمَ وَالَّذِينَ مَعَهُ إِذْ قَالُوا لِقَوْمِهِمْ إِنَّا بُرَآءُ مِنْكُمْ وَمِمَّا تَعْبُدُونَ مِنْ دُونِ اللّٰهِ كَفَرْنَا بِكُمْ وَبَدَا بَيْنَنَا وَبَيْنَكُمُ الْعَدَاوَةُ وَالْبَغْضَاءُ أَبَداً حَتَّى تُؤْمِنُوا بِاللّٰهِ وَحْدَهُ إِلَّا قَوْلَ إِبْرَاهِيمَ لِأَبِيهِ لَأَسْتَغْفِرَنَّ لَكَ وَمَا أَمْلِكُ لَكَ مِنَ اللّٰهِ مِنْ شَيْءٍ رَبَّنَا عَلَيْكَ تَوَكَّلْنَا وَإِلَيْكَ أَنَبْنَا وَإِلَيْكَ الْمَصِيرُ
"İbrahim və onunla birlikdə olanlar (möminlər) sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: "Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə (bütlərlə) heç bir əlaqəmiz yoxdur. Biz sizi (dininizi) inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə düşmənçilik və nifrət olacaqdır!" Ancaq İbrahim öz atasına: "Mən (öz Rəbbimdən) mütləq sənin bağışlanmağını diləyəcəyəm. Mən heç vəchlə səni Allahdan (Allahın əzabından) qurtara bilmərəm!" – deməsi istisnadır. (Onlar həmçinin belə demişdilər:) "Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə tərəf qayıtdıq. Axır dönüş də ancaq Sənin hüzurunadır." (Mumtəhinə surəsi, 60/4)

Bəli, İbrahim və yanında olanlar küfrə və kafirlərə meydan oxuyurdular. "Biz − deyirdilər, − sizin Allahdan başqa tapındığınız hər şeydən çox uzağıq. Biz sizi və bütün bütlərinizi inkar etdik. Ara­mızdakı düşmənçilik isə get-gedə şiddətləndi". Onsuz da bu düş­mənçilik Həzrət Adəmdən günümüzə qədər davam etmişdir. İman və küfr ilk gündən bir-birinin düşmənidir. Eyni yer və məkanda ola bilməzlər. Başqa sözlə, küfrün imana tələ qurması, imanın varlığından narahat olması təbiidir. "Rəncidə olar dideyi-xuffaş ziyadan"[15] bəli, gözləri işığa alışmadığı üçün yarasalar kimi, iman və peyğəmbərlik nurunda qamaşıb narahatlıq duyurlar.

"Bəli, siz də bizim kimi Allaha iman və etimad etmədikcə aramızdakı düşmənlik heç vaxt susmayacaq" – dedilər. Çünki küfrün mahiyyətində azğınlıq və laqyedlik vardır. Kafir canlı-cansız bütün varlığa düşmən nəzəriylə baxır. Möminin ruhunda isə mürüvvət və insanlıq yatır. O, bütün kainatı bir qardaşlıq beşiyi kimi görür. Hər kəslə bir birləşmə nöqtəsi, ortaq məxrəc və hər kəslə dialoq yolu axtarır. Möminin əksinə kafir hər kəslə vuruşdurmaqdan zövq alır. Halbuki bütün insanlar Allaha iman edib Ona qəlbən inanarsa, ümumi sülh və sabitlik bərqərar olar. Bu sülhü kafirdən və küfrdən gözləmək isə qafillik və sadəlövhlükdən başqa bir şey deyil. Çünki küfrün millətləri düşmən edib bir-biri ilə çəkişdirməkdən başqa insanlığa verəcəyi bir şey yoxdur. Ona görə də Qurani-Kərim Həzrət İbrahimin atasına söylədiklərini bir istisna kimi bəyan edir. Həzrət İbrahimin söylədiyi isə sadəcə bir rica idi və onun hədsiz mərhəmət və şəfqətindən irəli gəlirdi. Ancaq o da Allah qatında atasına kömək edə bilməyəcəyini açıqca ifadə edirdi. Və sonra Həzrət İbrahim: "Sənə güvəndik, Sənə yönəldik" deyərək Allaha bəslədiyi güvən, etimad və təvəkkül hissini dilə gətirirdi. Məhz bütün peyğəmbərlərin həyatını tədqiq və təhqiq etsək, onlarda Allaha təvəkkül və etimad kəfəsinin daha ağır gəldiyini görərik. Onların təvəkkülü sadə insanların təvəkkül və etimad hissi ilə eyni deyil. Üstəlik bu təvəkkül Peyğəmbərlər Sultanının təvəkkülüdürsə... Bəli, İki Cahan Sərvərinin təvəkkül və etimadı bütün peyğəmbərlərin etimad və təvəkkülündən daha əngin və daha dərindi.

Allah (c.c.) Ona "Hasbiyallah" deməyi öyrətmişdi.[16] Rəsuılullah da bütün həyatını Ona etimad, təvəkkül və əminlik hissi ilə keçirmişdi. Düşünün ki, Həzrət Əli (r.a.) kimi heydəri-kərrar, qəhrəman və şücaətli bir insan belə deyirdi: "Biz hərb meydanlarında dara düşəndə və içimizi qorxu alanda dərhal Allah Rəsulunun arxasına sığınar, nəfəsimizi dərib özümüzə gələrdik."[17]

ç. Hicrətdəki etibarlılığı

Hicrət ərəfəsində evinin dörd tərəfinin canına qəsd niyyəti ilə gələn düşmənlər tərəfindən mühasirəyə alındığını görüb: "Biz onların önlərinə və arxalarına sədd çəkib (gözlərini) bağlamışıq" (Yasin surəsi, 36/9) ayəsini oxumuş, onların üstünə bir ovuc torpaq atmış və rahatca ara­larından keçib getmişdi.[18] Bəli, O, bu qədər cəsarətli və qorxu bilməzdi.

Daha sonra yolu Sevr mağarasından düşdü. Sevr dağın hündür bir yerində idi, gənclər belə, çətinliklə çıxırdı. O, düz əlli üç yaşında bu zirvəyə dırmaşdı. Onsuz da, bütün həyatı əziyyət və iztirabla keçmişdi, bu da məşəqqətlərdən biri idi. İndi də bu xoş­bəxt mağaranın öz diliylə etdiyi dəvəti yerə salmır, mağarada bir ne­çə gün qonaq qalıb oranı təşrifi ilə şərəfləndirirdi.

Məkkə müşrikləri mağaranın ağzına qədər yaxınlaşdılar. Arada bir metrlik məsafə olmazdı və Həzrət Əbu Bəkir (r.a.) təşvişə düşdü. Çünki Allah Rəsulunun ona əmanət olduğunu düşünür və: "Birdən bu əmanəti yerinə çatdırmadan başına bir iş gələr..." deyə narahat olurdu. Üzü sapsarı saralmış. Halbuki Allah Rəsulunun dodaqlarındakı təbəssüm zərrə qədər dəyişməmişdi. O itminan və əminlik timsalı dostu Həzrət Əbu Bəkrə təsəlli verərək: "Qəm yemə, Allah bizimlədir!" (Tövbə surəsi, 9/40) deyir və təkrar edirdi: "Sən bu iki adama görə narahat olma, onların üçüncüsü Allahdır."[19]

d. Müharibə meydanında əminliyi

Huneyn döyüşünün başlanğıcında İslam ordusunda qarışıqlıq düşdü. Belə ki, bütün səhabə sağa-sola qaçışır və artıq hər kəs İslam ordusunun məğlub olduğunu düşünürdü. Elə bu əsnada göz­lənilməz hadisə oldu. Allah Rəsulu (s.a.s.) Həzrət Abbasın dayandırmağa çalışdığı mübarək miniyinin üstündə düşmən cərgələrinə doğru atıldı. O gur və heybətli səsiylə hayqırdı: "Mən Al­lahın Rəsuluyam, bunda yalan yoxdur! Mən Əbdülmüttəlibin nəvəsiyəm, bunda da yalan yoxdur!"

Onun bu davranış və şücaəti qısa zamanda İslam ordusu­nun­­­ özünə gəlməsini təmin etdi. Və o dönmüş tale zəfərlə gülümsədi.[20]

e. Möhtəşəm təslimiyyət

Rəsullallah (s.a.s.) bir ağacın altında istirahət edirdi. Elə bu zaman Qavrəs adlı bir kafir Onun yatmasından istifadə edib yaxınlaşır, budaqdan asılmış qılıncını götürür və az qala boğazına dirəyib istehzalı bir əda ilə: "İndi səni mənim əlimdən kim qurtaracaq?" deyir. Bunu görən Allah Rəsulu zərrə qədər təşvişə düşmür. Çünki Onun Allaha (c.c.) tam etimadı var. Arxayın-arxayın və qətiyyətlə "Allah!" deyə hayqırır. Onun hayqırtsından kafirin ürəyi ağzına gəlir, qılınc əlindən düşür və yerində donub qalır. Bu səfər də qılıncı Allah Rəsulu əlinə alır və soruşur: "Bəs indi səni kim qurtaracaq?" Kafir qızdırmaya tutulmuş xəstə kimi titrəməyə başlayır. O əsnada Allah Rəsulunun səsini eşidənlər də özlərini yetirirlər. Gördükləri mənzərə onları da heyrətə salır. Daha sonra baş verənləri öyrəndikdə Allaha qarşı iman və etimadları daha da qüvvətlənir, Qavrəs də Onun Allaha etimadını görüb "əl-Əmin"ə Müsəlmanlarla döyüşməmə sözü verir və oradan ayrılır.[21]

Qərbin məşhur mütəfəkkiri Bernard Şou deyir: "Həzrət Mə­həm­məd heyrətamiz və ağlasığmaz üstünlüklərə malik bir insandır. Bu əsrarəngiz insanı tam anlamaq mümkün deyil. Onun xüsusilə bir üstünlüyünü başa düşmək olduqca çətindir ki, o da Allaha olan güvən və etimadıdır." Şou doğru deyirdi...

O, Allaha elə etimad və təslimiyyət hissi bəsləyirdi ki, Onu məlum bəşəri meyarlarla nə ölçmək, nə də qiymətləndirmək müm­kündür. Və Onun Allah dərgahında yeri, dəyəri, nazı da Allaha güvən və etimadı səviyyəsindədir. Onun istəyi, diləyi və arzu­suyla gecələr gündüzə dönər, zülmətlər nur olar, kömür almaza çevrilər və dilənçilərə sultanlıq mülkü bağışlanar. Burada Həsən Bəsri Həzrətlərinə istinad edilən bir hadisəni nəql etmək istəyirəm. Peyğəmbərimizə hörmət və sevginin əhəmiyyəti baxımından, məncə, olduqca mühüm hadisədir. Hadisə hədis meyarlarına uyğun gəlməyə bilər, amma o qədər oxşar hadisə var ki, nəql edilməsində heç bir qəbahət yoxdur. Hadisə belədir:

Bəsrəli bir gənc yaşlı atası ilə həccə getmək üçün yola çıxır. Məkkəyə gedərkən yolda atası vəfat edir və sifəti dəyişərək çox çirkin şəklə düşür, hətta xoşagəlməz bir məxluqa bənzəyir. Bu vəziyyət yazıq gəncə o qədər toxunur ki, çaşıb qalır və nə edə­cə­yini bilmir: İndi kimi çağırıb bu cənazəni göstərəcək və kömək istəyəcəkdi? Bu dərd içində çabalayarkən birdən üzərinə bir ağırlıq çökür və yuxu ilə oyaqlıq arasında çadır qapısının açıldığını və günəş üzlü birinin içəriyə girdiyini görür. Bu gözəl simalı şəxs atasının başı üstə dayanır, onun bütün bədəninə əlini çəkir, əli dəyən hər yer əvvəlki halına qayıdır və cənazə tərtəmiz nurani bir insanın nəşinə çevrilir. Gənc heyrətdən donub qalır. Gələn şəxs elə çadırdan çıxhaçıxda irəli atılıb: "Allah xatirinə söylə, sən kimsən?" deyir.

"Sən məni tanımadınmı? Mən Məhəmmədəm." Bunu eşidən gənc az qala sevincdən uçur. "Ya Rəsulullah, bu olanlar nədir? Nə üçün atamın şəkli dəyişmişdi?" Allah Rəsulu: "O, həmişə içki içirdi. Buna görə sifəti dəyişmişdi" deyir. Gənc: "Bəs təşrifinizin səbəbi?" deyə soruşduqda da Allah Rəsulu bu cavabı verir: "Çünki sənin atan nə vaxt adım çəkilirdi, mənə salavat gətirirdi."

Göründüyü kimi, bu adamın salavat gətirməsi cavabsız qalmır və ən möhtac anında, ən dar məqamında Allah Rəsulu şəfaəti ilə onun dadına yetişir. Öldüyünü bilən kimi Allahın izni ilə dərhal orada hazır olur.

İnsanlar arasında etibar və etimada ən layiq Zat Rəsulullahdır. Ümməti də eyni etimada layiq olmalıdır. Bu səbəbdəndir ki, bir ayədə belə buyurulur:

إِنَّ اللّٰهَ يَأْمُرُكُمْ أَنْ تُؤَدُّوا اْلأَمَانَاتِ إِلَى أَهْلِهَا وَإِذَا حَكَمْتُمْ بَيْنَ النَّاسِ أَنْ تَحْكُمُوا بِالْعَدْلِ إِنَّ اللّٰهَ نِعِمَّا يَعِظُكُمْ بِهِ إِنَّ اللّٰهَ كَانَ سَمِيعاً بَصِيراً
"Allah sizə əmanətləri layiq olanlara verməyi və insanlar arasında ədalətlə hökm etməyi əmr edir. Həqiqətən, Allahın bunun­la sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah (hər şeyi) eşi­dən­dir, görəndir " (Nisa surəsi, 4/58)

Təfsir kitabları bu ayənin nüzul səbəbini belə izah edir:

"Məkkə fəth edilincə Peyğəmbərimiz Kəbənin açarlarını hələ yeni müsəlman olmuş Osman b. Talhadan alıb Kəbəni şəxsən özü açdı. Bu əsnada Həzrət Abbas gəlib açarları istədi. Ehtimal, Osman b. Talha o əmanətə daha layiq idi və eyni zamanda açarların ona verilməsi onun könlünü İslama daha da isindirəcəkdi. Və elə də oldu. Bəli, bu ayə nazil olunca Kəbənin açarları təkrar Osman b. Talhaya əmanət edildi.[22] Ancaq ayənin hökmü ümumidir. Çünki Allah Rəsulu əmanətin ortadan qalxmasını qiyamət əlaməti sayır və belə buyurur: "Əmanət hədər ediləndə qiyaməti gözləyin!" Səhabələr soruşur: "Ya Rəsulullah! Əmanət necə hədər edilir?" Cavab verir: "İş layiq olmayana tapşırıldıqda!"[23]

Bəli, əmanət çox əhəmiyyətlidir. İşi mütəxəssisinə həvalət et­mək­ bir əmanətdir, bu da dünya nizamının qorunub saxlanmasında ən mühüm amillərdən biridir. Əmanətin layiq olmayanalara verilməsi, yəni hədər edilməsi ümumi tarazlığın və nizamın pozulması deməkdir. Belə bir dünyanın isə varlığı ilə yoxluğu arasında fərq yoxdur. Allah Rəsulu başqa bir hədisində belə buyurur:

كُلُّكُمْ رَاعٍ وَكُلُّكُمْ مَسْؤُولٌ عَنْ رَعِيَّتِهِ. اَلْإِمَامُ رَاعٍ وَمَسْؤُولٌ عَنْ رَعِيَّتِهِ. وَالرَّجُلُ رَاعٍ فِي أَهْلِهِ وَهُوَ مَسْؤُولٌ عَنْ رَعِيَّتِهِ، وَالْمَرْأَةُ رَاعِيَّةٌ فِي بَيْتِ زَوْجِهَا وَمَسْؤُولَةٌ عَنْ رَعِيَّتِهَا. وَالْخَادِمُ رَاعٍ فِي مَالِ سَيِّدِهِ وَمَسْؤُولٌ عَنْ رَعِيَّتِهِ وَكُلُّكُمْ رَاعٍ وَمَسْؤُولٌ عَنْ رَعِيَّتِهِ
"Sizin hər biriniz rai (çoban) və hamınız əlinizin altında olanlara cavabdehsiniz: Dövlət başçısı bir raidir, əlinin altında olanlara görə mısuliyyət daşıyır. Hər fərd əhli-əyalının raisidir (rəisidir) və rəiyyətinə görə məsuliyyət daşıyır. Qadın ərinin evinin raisi və öhdəliyində olan şeylərə cavabdehdir. Xidmətçi ağasının malının ra­isi və əlinin altında olanlara cavabdehdir. Hər biriniz raisiniz və hər biriniz rəiyyətinizə görə məsuliyyət daşıyırsınız."[24]

Bu hədisdə geniş perspektivdə hər kəsin bir-birinə əmanət olmasından bəhs olunur. Varlıq bütünlüklə Allaha əmanətdir. Quran əvvəlcə Cəbrailə, sonra da Həzrət Məhəmməd Mustafaya əmanətdir. Quran həqiqətləri və Həzrət Məhəmməd Mustafanın nü­büvvət məfkurəsi ümmətə əmanətdir. Yenə bütün ümmət Allaha (c.c.) əmanətdir.

Həyatı meydana gətirən və cəmiyyəti təşkil edən bütün ünsürlər bir-biri içinə girmiş dairələr kimidir. Bunlardan birinin azacıq zədələnməsi dərinləşib digər dairələrə də sirayət edir. Zənn edirəm, buna kimsənin şübhəsi də olmaz. Fərdi bir yara var və bu yara dərhal aradan qaldırılmırsa, çox keçmədən onun qanqrenə çevrilməsi qaçılmaz olur. Elə isə hər bir dairə öz öhdəsinə düşən əmanətə layiqincə riayət etməlidir ki, ehtimal olunan bütün qə­za­ların, zədələrin qarşısı alınmış olsun.

Hədisi-şərifdə də məhz bu əlaqəyə və bütünlüyə işarə edilir. Qa­pıçıdan dövlət başçısına qədər milləti meydana gətirən bütün fərdlər əmanət mövzusunda öz məsuliyyətlərinin şüurunda olsalar, insanlıq utopyalarda axtardığını bu "əmin"lər cəmiyyətində ta­par.

Əmanət o qədər əhəmiyyətlidir ki, Allah Rəsulu: "Əmanətə riayət etməyənin imanı da yoxdur" buyurur. Əmanətə riayət etməyən və əmanətin haqqını qorumayan insanın imanı da tam və kamil deyil.[25]

Yəni bir mənada imanla əmanət bir-birinin səbəb və nəticəsidir: Əmanətə riayət etməyən bir insan kamil mömin sayılmadığı kimi, kamil möminlər istisna, digər insanlarda sağlam əmanət düşüncəsi tapmaq da çətindir. Bəli, əgər insan kamil mömindirsə o, əmanətdə də etibarlı olacaq, əgər əmanətdə etibarlı ola bilmirsə, deməli, imanı da kamil olmayacaq.

Allah Rəsulu başqa bir hədisində mömini belə təsvir edir: "Hə­qiqi mömin odur ki, insanlar ondan mallarına və canlarına zərər gələməyəcəyinə əmin olurlar."[26]

Peyğəmbərimizin sədaqətindən danışarkən ərz etdiyim bir hədisi mövzumuzla bağlı olduğu üçün təkrar etmək istəyirəm. Allah Rəsulu belə buyurur: "Siz mənə altı məsələdə söz verin, mən də sizə Cənnəti vəd edim"[27]

1. "Danışarkən doğru danışın!" Bəli, nə hərəkət, nə də sözlərinizdə yalana yol verməyin və ox kimi dümdüz olun!

2. "Verdiyiniz sözü yerinə yetirin!" Bunun əksi münafiqlik əlamətidir ki, yuxarıda haqqında bəhs edilmişdi.

3. "Əmanətə riayət edin!" Sizi etibarlı sayıb bir şey əmanət et­mişlərsə, onların etibarını doğruldun! Hətta onların hüsnü-zənnini axirətdə də yanıltmamağa çalışın!

4. "İffətli olun!" İsmət və namusunuzu qoruyun, başqalarının ismət və namusunu öz namusunuz kimi mühafizə edin! (Bu mövzu haqqında iffət bəhsində ətraflı danışılacaq)

5. "Gözlərinizi haramdan çəkin!" Sizə aid olmayan şeylərə baxmayın və istifadəsinə icazəniz olmayan şeylərə göz dikməyin!

Harama baxmaq qəlbin ahəngini pozur. Bir qüdsi hədisdə belə buyurulur: "Harama baxmaq şeytanın zəhərli oxlarından biridir. (Sizin iradə yayınızdan çıxıb ürəyinizə saplanar. Və ya şeytana aid bu yay sizin iradənizin əlindədir). Kim Mənə hörmətinə görə harama baxmaqdan əl çəkərsə, onun qəlbinə elə bir iman salaram ki, onun ləzzətini bütün qəlbində hiss edər."[28]

6. "Başqalarına əllə zərər verməkdən uzaq olun!" Heç kimə və heç bir şəkildə pislik etməyin!

Bir mənada etibarlılığın şərtləri sayılan bu maddələrə riayət edən şəxs əmin, etibarlı insan kimi yaşayar, axirət səadərini də bu yolla təmin etmiş olar. Elə Allah Rəsulu da bu məsələlərə əməl etməyə söz verənə Cənnəti vəd etmişdir.

Bəli, yer üzündə əmin-amanlığın bərqərarı və davam etməsi etibarlı və əmin insanların söz sahibi olmasından asılıdır. Əgər bütün İslam aləmi əmanətə riayət etsə, yer üzündə etibar və güvənin timsalı olsa, dünya da yenidən əsl müvazinət və tarazlığını tapacaqdır. Yoxsa hal-hazırda təkcə Türkiyə deyil, bütün dünya acınacaqlı vəziyyətdədir. Akif bu tablonu nə gözəl dilə gətirir:

Həya sıyrılmış, enmiş: Elə üzsüzlük ki, hər yerdə...
Nə çirkin üzlər örtərmiş məgər o incəcik pərdə!
Vəfa yox, əhdə hörmət heç, əmanət ləfzi-bi-mədlul;
Yalan rəvacda, xəyanət zərurət hər yerdə, haqq məchul.
Nə tüklər ürpərir, ya Rəbb, nə qorxunc inqilab olmuş!
Nə din qalmış, nə iman.. din xarab, iman turab olmuş![29]

ə. Ey ümid tumurcuqları!

Din həqiqətinin yer üzündə yenidən ucaldılması sizlərin çiyninə düşür. Siz elə bir kökün pöhrələri və elə bir işıq qaynağının şüalarısınız ki, onlar tarixin qaranlıq bir dövründə dünyaları işığa qərq etmiş və bir "şəcəreyi-tuba" kimi budaq, yarpaq və çiçəkləri ilə hər yana şaxələnmişdi. Və məhz o dövrdə soylu və nəcib millətimiz dövlətlər arasında hər sözü əmr qəbul edilən bir dövlətə çevrilmişdi. İnşaallah, sizlər başımızın üstünü almış bu qaranlıq günləri – tezliklə keçəcəyinə inanıram – sovuşduraraq o işıqlı çağları yenidən canlandıracaqsınız.Yerin altındakılar da, üstündəkilər də sizdən bunu gözləməkdə.. və xüsusilə, ruhaniyyətı ilə həmişə aranızda gəzən.. bəzən siz hiss etməsəniz də, görməsəniz də başınızı oxşayıb, kürəyinizə vuran Həzrət Məhəmməd Əleyhissalam da o ümid dolu baxışları, şəfqət busəli təbəssümləri ilə sizdən bunu gözləyir.

Siz əmin və etibarlı insanlar kimi doğru yoldan ayrılmasanız, ətrafınıza daima etibar və itminan saça bilsəniz.. bəli, bunu bacara bilsəniz, bütün insanlığın qəlb qapıları üzünüzə taybatay açılacaq və ilklər kimi siz də o könüllərdə taxt quracaqsınız. Unutmayın ki, bu nəticəni əldə etmək, daha doğrusu bu zirvəyə çatmaq ilk növbədə əmanətə riayətən asılıdır.

Əgər dünya müvazinətində yenidən müvazinət amili və dünyanın taleyüklü məsələlərinin həllində sözükeçən bir millət olmaq istəyiriksə, – buna məcburuq – o zaman haqqın, ədalətin, istiqamət və etibarın təmsilçiləri olmalıyıq...

[1] Buxari, Həcc 132; Müslim, Həcc 147; Əbu Davud, Mənasik 57.
[2] Əhzab surəsi, 33/37.
[3] Buxari, Tövhid 22; Müslim, İman 288.
[4] Pak zövcələr: Rəsulullahın xanımları nəzərdə tutulur
[5] Buxari, Etikaf, 8; Bədül-xalq, 11; Müslim, Salam, 24-25; Təbərani, əl-Mücəmül-kə­bir, 24/72.
[6] Əhməd b. Hənbəl, əl-Müsnəd, 3/425; Hakim, əl-Müstədrək, 1/628; İbn Hişam, əs-Siratun-nəbəviyyə, 1/323; İbn Sad, ət-Tabaqatul-kübra, 1/121.
[7] Əbu Davud, Ədəb 80; Əhməd b. Hənbəl, əl-Müsnəd, 3/447.
[8] Buxari, İman 24; Müslim, İman 107.
[9] Əbu Davud, Cihad 112; Ədəb 164; Əhməd b. Hənbəl, əl-Müsnəd, 1/404.
[10] Bəlazuri, Fütuhul-büldan, 1/143.
[11] Əbu Davud, Ədəb, 35; Tirmizi, Qiyamə, 51; Əhməd b. Hənbəl, əl-Müsnəd, 6/189.
[12] Əbu Davud, Hüdud, 23.
[13] Əbu Davud, Vitr, 32; Nəsayi, İstiazə,19, 20.
[14] Buxari, Ədəb, 99; Müslim, Cihad, 9-16 (İfadə Müslimdəndir.)
[15] Yarasa gözü işıqdan narahat olar
[16] Baxın.: Tövbə surəsi, 9/129.
[17] Əhməd b. Hənbəl, əl-Müsnəd, 1/156; Əbu Yala, Müsnəd, 1/258.
[18] İbn Hişam, əs-Siratün-nəbəviyyə, 3/8-9; Təbəri, Tarixul-üməm vəl-müluk, 1/567.
[19] Buxari, təfsir (9) 9; Müslim, Fəzailüs-səhabə 1.
[20] Buxari, Cihad, 52; Müslim, Cihad76-80.
[21] Buxari, Cihad, 84; Məğazi 31; Müslim, Fəzail 13; Hakim, əl-Müstədrək, 3/29.
[22] İbn Kəsr, Təfsirul-Quranil-azim, 1/516-517.
[23] Buxari, Elm 2; Əhməd b. Hənbəl, əl-Müsnəd, 2/361.
[24] Buxari, cümə 11; Vəsaya 9; Müslim, İmarə 20.
[25] Əhməd b. Hənbəl, əl-Müsnəd, 3/135; Təbərani, əl-Mücəmül-kəbir, 8/195; Beyhaqi, əs-Sünənul-kübra, 4/97.
[26] Tirmizi, İman 12; Nəsayi, İman 8.
[27] Əhməd b. Hənbəl, əl-Müsnəd, 5/323; Təbərani, əl-Mücəmül-kəbir, 8/262; əl-Mucəmul-övsat, 3/77; Beyhaqi, əs-Sünənul-kübra, 6/288.
[28] Təbərani, əl-Mücəmül-kəbir, 10/173.
[29] Yerlə bir olmaq

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.