Son söz

Çəyirdəkdən çinara

Övladlarımızın parlaq gələcəyimiz olmasını istəyiriksə, onları bir zərgər dəqiqliyi və həssaslığı ilə sabaha hazırlamalıyıq. Kitabın bura qədərki qismində əsasən bu məsələni izah eləməyə çalışmışıq.

Həmçinin nikahdan ailəyə, ata-anaya, məktəb və dost mühitinə qədər bir çox amilin uşağın tərbiyəsində mühüm rol oynadığını xatırlatmışıq. Mövzunun yekununu “Ölçü və ya yoldakı işıqlar” adlı kitabda qeyd etdiyimiz bəzi meyarlarla daha da zənginləşdirmək istəyirik:

Uşaq

Bir ağacın nəsil və növünü davam etdirməsində çəyirdək və toxum necə əhəmiyyətlidirsə, insan nəsli və növünün davam et­mə­sin­də də uşaq eyni dərəcədə önəmlidir. Övladlarına biganə yanaşan millətlər məhv olmağa, onları yad əllərə və yad mədəniyyətlərə əmanət edənlər də köklərindən qopmağa məhkumdurlar.

* * *

Hər otuz-qırx ildən bir millətin ən fəal və ən məhsuldar təbəqəsini təşkil edən nəsillər bugünkü uşaqlardır. Uşaqlarına səhlənkar olanlar millətin həyatında necə mühüm amilə etinasızlıq etdiklərini bir düşünüb ürpərsinlər.

* * *

Bugünkü nəsillərdə gördüyümüz bir çox nöqsanların, bəzi ida­rəçilərdə müşahidə edilən çatışmazlıqların və millət olaraq çəkdiyimiz sıxıntıların məsulları otuz il əvvəl rəvacda olan amillərdir. İyirmi-iyirmi beş il sonranın nəsillərində özünü göstərən hər cür faciə və ya fəzilətlər də bugünkü nəsillərin təlim və tərbiyəsi ilə məşğul olanlara aiddir.

* * *

Gələcəyini təminat altına almaq istəyən hər bir millət boş şeylərə sərf etdiyi zaman və enerjini sabahın böyük insanları olan övladlarının tərbiyəsinə həsr etməlidir. Başqa yönlərə sərf edilən enerjinin və zamanın böyük bir qismi bihudə gedir. Ancaq nəsillərin insanlıq mərtəbəsinə yüksəldilməsi naminə ayrılan zaman və enerji isə bitib-tükənməyən bir gəlir qaynağı kimi davam edir.

* * *

Bu gün cəmiyyətin üz qarası olan səfillər, fitnəkarlar, anarxistlər, əyyaşlar, narkomanlar... dünən tərbiyəsinə etinasız yanaşdığımız övladlarımızdır. Bilmirəm, bugünkü səhlənkarlığımız ucbatından sabah küçələrimizdə necə insanların gəzəcəyini heç düşünmüşükmü?

İzdivac

Gələcəyin taleyinə texniki və texnoloji üstünlüyə malik millətlər deyil, ailə institutunu ciddi qəbul edən və öz nəsillərini insanlıq mərtəbəsinə yüksəldə bilən millətlər hakim olacaq. Evlilik və doğum məsələsinə ciddi yanaşmayan, öz tərbiyə anlayışı ilə nəsillərinə sahib çıxa bilməmiş millətlər bu gün olmasa da, sabah zamanın insafsız çarx­ları arasında məhv olub gedəcək.

* * *

Ailə zövq və həzz üçün qurulmur. Ailə yuvasını təşkil etmək, xalqın gələcəyi və varlığını davam etdirmək, fərdin duyğu və dü­şüncələrini əsl qayəyə doğru cəmləmək və cismani hislərə hakim olmaq üçün qurulur. Burada həzz fitrətin bir çox məsələsində olduğu kimi bir “avans” və “həvəsləndirmə”dən ibarətdir.

* * *

Ailə qurmaq istəyənlər bir-birinin əyin-başına, geyim-keciminə, hətta maddi imkan və xarici gözəlliyinə deyil, daxili gözəlliyinə, namus və əxlaq anlayışına, fəzilət və xarakterinə baxıb qərar verməlidir.

* * *

Evlilik ərəfəsində lazımınca baş yormayan, yüz ölçüb bir biç­məyən və ya buna imkan tapmayan insanlara iş gəlib boşanma həd­dinə çatanda ən aqilanə fikirlər belə kömək etmir. Bəli, əsas məsələ ailədəki “yanğın”dan az zərərlə qurtulmaq deyil, “yanğın” törədən amillərin ailəyə girməsinə imkan verməməkdir.

* * *

Fərdlərin Haqqa sığınaraq, məntiq və mühakimə ilə qurduğu elə gözəl ailələr var ki, ömür boyu məktəb kimi işləyir və yetişdirdiyi övladlarla millətin gələcəyini təminat altına alır.

* * *

Düşünüb-daşınmadan qurulan ailələrin nəticəsi küçə­lərə düşən gözüyaşlı ər-arvadlar, uşaq evlərinə atılan yetimlər və ürəkləri yaralayan cinayətlər olur.

* * *

Ailənin fərdə aid fayda və mənfəəti birdirsə, xalqa aid xeyri mindir. Beləliklə, bünövrəsiz qurulan ailə kimi, heç ailə qurmamaq da qızları səfil, oğlanları rəzil edib millətin belini bükən bir xoleradır.

Ailə yuvası

Sağlam özül üzərində ucalan və maddi-mənəvi səadətə çatan­ bir ailə millətin güclü dayağı, fəzilətli fərdlər yetişdirən bir mək­təbdir. Evlərini məktəblər qədər feyzli və bərəkətli, məktəblərini də evləri kimi şəfqət və sevgi ilə dolu bir məkana çevirən millətlər ən böyük “İslah” hərəkatını həyata keçirmiş, gələcək nəsillərin səadət və xoşbəxtliyini təminat altına almış sayılırlar.

* * *

Millət ailəni təşkil edən fərdlərdən formalaşır. Beləliklə, ailələr yaxşıdırsa, millət də yaxşı, ailələr pisdirsə, millət də pisdir. Kaş millətin düzəlməsini istəyənlər hər şeydən öncə evlərini düzəltməyə çalışaydılar!..

* * *

Evə içindəki insanlara görə ev deyilir. Bir evin sakinləri insani dəyərləri nə səviyyədə yaşayır və bölüşürlərsə, o dərəcədə məsud sayılırlar. Bəli, insan evində insan kimi yaşayırsa, ev də içindəki insanlarla ev olur.

* * *

Ailə kiçik bir millət, millət də böyük bir ailədir. Böyük-kiçik hər hansı bir ailəni xətasız-bəlasız idarə etməyi bacaran və ailə üzvlərini insanlıq mərtəbəsinə yüksəldən bir insan azacıq səy göstərməklə daha böyük müəssisələri müvəffəqiyyətlə idarə edə bilər.

Ata-ana

İnsan nəsli ancaq insanla davam edər, qəlb və ruhun üfüqlərinə doğru pərvazlanmış insanla... Tərbiyə görməmiş, mənən inkişaf etməmiş və dolayısilə, insanlıq mərtəbəsinə yüksəlməmiş nəsillər Adəmin soyundan gəlsələr də, insanlığını itirmiş qəribə məxluqlardır. Belələrinin valideynləri isə qoynunda canavar bəs­ləyən bəd­bəxtlərdir.

* * *

Valideyn övladını nə qədər fəzilətli yetişdiribsə, o qədər “Övladım” deməyə haqqı çatır. Ancaq övladlarının tərbiyəsinə biganə qalmış valideynlərin bu sözü ağızlarına almağa əsla haqları yoxdur. Üstəlik uşaqlara çirkin əməllərin yollarını öyrədir, onu insanlıqdan uzaqlaşdırırlarsa...

* * *

Bir millət yaxşı yetişdirilmiş nəsillər sayəsində var olur, milli varlığı və milli ruhu kamala çatmış gözəl nəsillərlə... Millət gələcəyini əmanət etməyə mükəmməl bir nəsil yetişdirməyibsə, onun istiqbalı qaranlıqdır. Bu vəzifənin məsuliyyəti də, təbii ki, ata və anaların çiynindədir.

* * *

Valideynlər övladlarına sahib çıxıb onların duyğu və düşüncələrini həm özlərinə, həm də cəmiyyətə faydalı şəkildə inkişaf etdirə bilirlərsə, millətin bünövrəsini möhkəmlətmiş olurlar. Əksinə, onun insani hislərinə biganə qalıblarsa, cəmiyyətə bir həşərat böyüdüblər, demək.

* * *

Ruhları ayna kimi parlaq olan, gördüyünü dərhal hafizəyə gön­dərən uşaqların ilk məktəbləri evləri, ilk mürəbbiyələri də ana­larıdır. Anaların orda-burda korlanmadan yaxşı bir tərbiyəçi kimi yetişdirilməsi bir millətin varlığı və gələcəyi üçün olduqca əhə­miy­yət­lidir.

* * *

Uşaqların təlim-tərbiyəsi, evin səliqə-sahmanı, səadəti və ahəngi ba­xımından insanlıq məktəbinin müəllimi qadındır. İlahi qüdrətin qadına bəxş etdiyi bu müstəsna mövqeyin bir daha xatırladılması, qə­naətimcə, ona əbəs yerə yeni məqam axtarışlarının qarşı­sını alacaq.

* * *

Ruhən kamilləşmiş bir qadının yetişdirdiyi xeyirli övladlar sa­yə­sində evi buxurdanda yanan buxur kimi daima xoş rayihələr saçar. Bu cür rayihələrin yayıldığı üxrəvi bir ailə də Cənnətin bir bağçasıdır.

* * *

Qəlbini iman nuru, ağlını da elm və ictimai tərbiyə ilə cilalamış bir qadın evini hər gün təzədən inşa edirmiş kimi, yeni-yeni gözəlliklərlə bəzəyər. Səfeh və tərbiyə görməmiş qadınlara gəlincə, mövcud ailələri belə, dağıdıb xarabaya, qapqara qaraldıb məzara çevirərlər.

Tərbiyə və gənc

Tərbiyə öz-özlüyündə bir gözəllikdir və kimdə olur-olsun, təq­dirlə qarşılanır. Bəli, cahil belə olsa, tərbiyəsi, ədəbi varsa, sevilir. Milli mədəniyyət və milli tərbiyədən məhrum xalqlar qaba, cahil və sər­səri adamlara bənzəyirlər. Onların nə dostluğunda vəfa, nə də düşmənçiliyində ciddilik olur. Onlara arxalananlar dayaqsız, bel bağlayanlar da “şamsız” qalarlar...

* * *

Bir ustada şəyirdlik etməmiş və sağlam bir mənbədən tərbiyə almamış mürəbbi və mürəbbiyələr başqalarının yoluna çıraq tutan korlar kimidir. Uşaqda müşahidə edilən ədəbsizlik və ərköyünlük onu yetişdirən tərbiyə “çeşməsi”nin bulanıqlığındandır. Ailədə duyğu, düşüncə və davranışlar uşağın ruhuna qat-qat artıq sirayət edir. Təbii ki, ondan da cəmiyyətə...

* * *

Gənc yetişdiyi mühit, həvəs və zövqün pərvanəsi, elm, bəsirət və məntiqdən uzaqlarda dolaşan bir dəliqanlıdır, ta tərbiyə ilə onun imdadına çatana qədər. Gənci keçmişi ilə bütünləşdirib istiqbala hazırlayan yaxşı bir tərbiyə onu gələcəyin Ömərləri edəcək.

* * *

Bir millətin yüksəliş və tənəzzülü gənc nəsillərə üfürülən ruh və şüurdan, verilən təlim-tərbiyədən asılıdır. Gəncləri yaxşı tərbiyə görmüş millətlər hər zaman tərəqqi edib ucalmağa namizəd, onlara lazımınca qayğı göstərməyən millətlər isə məhv olmağa məhkumdur.

* * *

Bir xalqın gələcəyi haqqında qeybdən xəbər gətirmək istəyənlər həmin xalqın gənclərinə verilən tərbiyəyə nəzər salsalar, yüz faiz düz xəbər verərlər.

* * *

Bir millətin islahına pisləri məhv etməklə deyil, yeni nəsilləri milli mədəniyyət və milli tərbiyə sayəsində insanlığa yüksəltməklə xid­mət etmək lazımdır. Din, tarix şüuru və adətlər xəlitəsindən ibarət müqəddəs toxumu vətənin dörd bir tərəfində cücərtməsək, məhv edilən hər bir tikanın yerində bir neçəsi bitəcək.

* * *

Məktəblərdə tərbiyə və milli mədəniyyətə də ən az digər fənlər qədər ciddi yanaşılmalıdır ki, vətəni Cənnətlərə çevirən sağlam ruhlu və sağlam xarakterli nəsillər yetişsin. Təlim başqa, tərbiyə başqa şeydir. İnsanların çoxu müəllim ola bilər, amma mürəbbilik hər kəsə nəsib olmur.

* * *

Ən vacib olduğu halda, ən az əhəmiyyət verilən dərslər milli mədəniyyət və milli tərbiyə dərsləridir. Bu dərslərə layiqincə dəyər versək, millətin tərəqqisi naminə ən düzgün qərarı vermiş olarıq.

* * *

Hər bir insanın gələcəyi uşaqlıq və gənclik dövrünün təəssüratları ilə sıx bağlıdır. Uşaqlar və gənclər insana ali duyğular aşılayan bir mühitdə yetişərsə, zehin və fikircə fəal, əxlaq və fəzilətcə də nü­mu­nəvi olarlar.

* * *

İnsanın hisləri lüzumsuz şeylərdən nə qədər uzaqdırsa, o, o qə­dər insandır. Qəlbi pis duyğuların təsiri altında, ruhu nəfsaniliyin əsarətində qalmış kəslər surətcə insan kimi görünsələr də, onların əsl mahiyyəti haqqında qərar vermək çətindir. Tərbiyənin vücuda aid qismini demək olar, hər kəs bilir, fikri və hissi tərbiyəni anlayan isə çox azdır. Halbuki, birinci tərbiyə qolu qüvvətli insanlar, ikinci isə ruh və məna qəhrəmanları yetişdirir.

Yaxşı dost

Bəli, dost deyil, yaxşı dost seçməliyik. Ata-babalarımızın köh­nəl­məyən bu sözləri nə gözəldir: “Mənə dostunu göstər, sənə kim olduğunu deyim”, “Üzüm üzümə baxa-baxa qaralar”, “Gül güllər arasında bitər”, “Yaxşı dost insanı Cənnətə, pis dost da Cəhənnəmə aparar”, “Yaxşı yoldaş müşk satana oxşayır, heç olmasa, qoxusundan faydalanırsan. Pis yoldaş isə körükçüyə bənzəyir. Heç bir cəhətindən narahat olmasanız da, qoxusu kifayət edir”. Bəli, hər insan dostlarından yaxşı-pis, – mütləq nəsə götürür.

* * *

Ağac budandıqca, canlılar da qulluğunda durulduqca həm sə­mərə verir, həm də nəslini davam etdirir. Baxılmayan ağac cırlaşır, canlılar da yararsız olur. Bəs min bir istedad və qabiliyyətlə dünyaya göndərilən insan necə? Görəsən, onun heç olmasa bir ağac qədər, qulluq görməyə haqqı yoxdur?

* * *

Ey insan oğlu, övladı dünyaya gətirən sənsən! Göylərdən də uca aləmlərə yüksəltmək də sənin vəzifəndir. Onun fiziki sağlamlığına əhəmiyyət verdiyin kimi, mənəviyyatı üçün də titrə, mərhəmət et, qurtar o biçarəni Allah üçün! Və puç olub getməsinə imkan vermə!

* * *

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.