Son söz
Bu kitabı yazarkən möhtərəm Gülənlə görüşmə və onunla yaşadığı inziva məkanında iki dəfə yemək yemə fürsətim oldu. Bizə qarşı çox nəzakətli, çox alicənab davrandı və ağır xəstə olmasına baxmayaraq, bizim üçün xeyli vaxt ayırdı. Bəzi suallarımı cavablandırdı, bu zaman orada olanlar da onunla aktual məsələləri müzakirə etdilər və onun fikirlərini həyəcanla dinlədilər. Əlbəttə, bu kitabın yazılma dövrünü Gülənlə mətni mənada birlikdə “yaşadım”. Onun fikirlərindən ilham aldım, amma məhz onunla görüşəndən sonra təxminən üç nəsildir, türk insanına yeni bir dünya qurmaqda necə ilham verdiyini anladım. O, dərin mənəviyyat, səmimiyyət və şəfqət insanıdır və bu halı onun özündə və əsərlərində açıq-aşkar əks olunur.
Gülənin görüşlərini Kant, Platon, Konfutsi, Mill və Sartrın fikirləri ilə müqayisə etdim. Çünki bu mütəfəkkirlərin Gülənlə, Gülənin də onlarla müqayisə, müzakirə səviyyəsində olduğuna inanıram. Bütün bu mütəfəkkirləri dərin biliyə sahib, insanın mövcudluğuna dair ən çətin və daimi problemlərə maraq duyan və bu cür məsələlərə bütün mənlikləri ilə, doğru-dürüst və səmimiyyətlə yanaşan şəxsiyyətlər olaraq şərh edirəm. Bu şəxsiyyətlər bəşəri elmlərə vaqif olan ən yaxşı alimlərin, fikirlərini dünyaya və öz həyatlarına tətbiq etməklə təkmilləşdirən alimlərin ən görkəmli təmsilçiləridir. Beləliklə, yaxşı bir həyat modelinin hansı ünsürlər əsasında təşəkkül tapdığını öyrənə və bu həyatı özümüz və gələcək nəsillər üçün reallaşdıra bilərik. Bunu əsas qayə kimi mənimsəməyən elm aləmi həqiqi elm aləmi deyildir.
Burada fikirlərin paralellik təşkil etməsindən ilham aldım. Amma bu ilham burada təqdim edilən dünyagörüşlərin hər hansı biri ilə tamamilə razılaşmağımdan qaynaqlanmırdı. Daha çox dialoqun özündən və bu cür söhbətlərin yalnız bir kitabın səhifələrində deyil, real həyatda təmsillə həyata keçirilməsinin verəcəyi imkanları düşünməkdən ilham aldım.
Olduqca məhdud şəkildə təhlil edilən terminləri, mövzuları və paraqrafları dialoqun iştirakçıları arasında oxşarlıq qurmaq məqsədi ilə mənaca genişləndirdiyimi bilirəm. Bir çox nümunədə bu oxşarlığın, əlaqənin zəifliyini və iki tərəfdən dartan fərqlərin ağırlığı üzündən çox keçmədən qopa biləcəyini də bilirəm. Amma bu əlaqə qısa müddət varlığını davam etdirsə belə, heç olmasa, bir neçə saniyə mütəfəkkirlər arasında ünsiyyəti reallaşdırmış olacaq. Bu mətnin səhifələrində və illərlə əvvəl vəfat etmiş mütəfəkkirlər arasında qurulan əlaqə yalnız mücərrəd bir əlaqə olacaqdır. Yaşayan iştirakçılara, bu işlə məşğul olmaq, müdaxilə etmək istəyənlərə və dünya, hər kəs və hər şey qarşısında məsul olanlara zorla uzadılaraq qurulan bu əlaqə mücərrəd deyil, konkretdir, gerçəkdir. Bəlkə də, bu əlaqə bizi incə iplər qopduqdan sonra da, bir-birimizi simvolik və sözün həqiqi mənasında pisləməkdən və öldürməkdən çəkindirə bilər. Üstəlik radikal fərqlərlə üz-üzə olduğumuza baxmayaraq.
Kəskin fərqlər və məhdudlaşan təbii qaynaqlar fonunda təşəkkül tapan müasir dünyada sülh şəraitində birgəyaşayış, var olma strategiyaları və qabiliyyətləri təkmilləşdirmək ən aktual problemlərdən biridir. Bunu həll etmək üçün əlimizdən ən yaxşı nə gəlirsə, onu etməliyik. Əks halda dünyanı nifrət və zorakılıqla partladarıq ki, bu yerdə də bütün digər müvəffəqiyyətlərin bir mənası yoxdur. Sonsuzluğun (namütənahiliyin) çağırışını eşidən insanlar olaraq özümüzü aşmağı və öz içimizdə bir xoşgörü, sayğı və şəfqət dünyası qurmağı mümkün edən xarakterin bütün formalarını tapmaq diləyi ilə.
- tarixində yaradılmışdır.