Əsgərlik

Əsgərlik Xoca Əfəndinin nəzərində çox mühüm bir vəzifə idi. Ona görə də hərbi xidmətə sevinclə gedir. İlk xidmətə Ankara Mamakda başlayır. O illərdə 27 May 1960-ci ildə baş verən hərbi çevrilişin davamı mahiyyətində bəzi qarışıq hadisələr cərəyan etməkdə idi. Bu hadisələr Anakaradakı hərbi birliklərə birbaşa təsir edirdi. Xoca Əfəndi də bu qarışıqlıqların arasında qalan bir hərbi birlikdə xidmət edirdi. Məhz buna görə də çox sıxıntı çəkirdi.

Xoca Əfəndiyə digər əsgərlərə nəzərən daha asan vəzifə verilir. Bu səbəbdən Xoca Əfəndi digər əsgərlərə pulsuz ve­ri­lən əsgər paltarlarını qəbul etməyərək öz pulu ilə yeni paltar alır. Dövlətin pulsuz payladığı paltarı almağın düzgün olmadığını düşünəcək qədər həssas davranan Xoca Əfəndi orada verilən yeməkləri də yeməyə razı olmur. Çünkü o digər əsgərlər qədər əziyyət çəkmədiyini düşünürdü. Onsuz da çox yeməzdi. Yemək vaxtı kənardan şəxsi büdcəsi ilə az miqdarda bəzi şeylər alıb yeyirdi.

Onun üzərinə götürdüyü vəzifəsinin icrasında göstərdiyi həssaslıq komandirlərinin nəzərindən yayınmır. Bir gün bir qrup əsgərə köhnə və kirli qabları yumaq cəzası verilir. Bu əsgərlərin arasında Xoca Əfəndi də var idi. Əsgərlər həvəssiz qabları yumağa başlayırlar. Ancaq Xoca Əfəndi ona tapşırılan vəzifəni layiqincə yerinə yetirmə düşüncəsi ilə bu kirli və köhnə qabları çox təmiz və səliqə ilə yumağa başlayır. Xoca Əfəndinin bu həssaslığı təftişə gələn bir komandirin diqqətini çəkir və:

- O çox işlədi, getsin, -deyərək Xoca Əfəndinin cəzasının qurtardığını söyləyir.

Xoca Əfəndinin çalışqan və nizam intizamlı olması ilə yanaşı, dinini təmsildəki səmimiyyəti də komandirlərin diqqətini çəkmişdi. Bir gün bölük komandiri Xoca Əfəndinin yanına gələrək:

- Xoca sənsənmi? -deyə soruşur.

Xoca Əfəndi:

- Bəli, mənəm, -cavabını verir.

Komandir:

- Mənim həyat yoldaşım xəstədi. Gətirim ona bir dua oxu, -deyir.

Xoca Əfəndi:

- Mən elə oxuma zad bilmirəm. Qaldı ki, əgər siz oxumağın təsiri olduğuna inanırsınızsa, sizin oxumağınız daha faydalı olar, -deyərək maddi mənfəət qarşılığında insanlara dua oxumadığını ifadə edir.

Xoca Əfəndinin bu səmimi davranışı komandiri çox məmnun edir və buna görə də sonrakı günlərdə onu müəyyən dərəcədə himayə edib qorumağa çalışır.

* * *

Ankarada 4 ay xidmət etdikdən sonra Xoca Əfəndini xidmətini davam etdirmək üçün İskəndəruna göndərirlər. İskəndərun Ankaraya nisbətən daha rahat bir yer idi. Cümə günləri mülki geyimlə vəz etmə imkanı da yaranır. Zahiri şərtlər bir az yüngülləşsə də, Xoca Əfəndi daxili dünyasında ciddiliyindən zərrə qədər olsun ayrılmırdı. Daha sonra şərtlərin ağırlaşması və şəxsi yaşayışına qarşı göstərdiyi böyük həssaslıq üzündən Xoca Əfəndi yatağa düşür. Ağır bir xəstəlik keçirir. Xəstəlik vücudunu həddindən artıq z­ə­­if­lədir. Müalicə məqsədilə 3 aylıq məzuniyyət verilir.

Xoca Əfəndi 4 illik fasilədən sonra yenidən Ərzuruma qayıdırdı. Ailəsi üçün çox darıxmışdı. Elə ailəsi də onu böyük həsrətlə gözləyirdi. Ərzuruma gəlib evinə çatanda oğlunu qarşısında görən anası:

- Sən Fəthullahsan? -deyərək çaşğınlığını və sevincini dilə gətirir.

Xoca Əfəndi də anasını gördüyü üçün çox sevinir. O, istirahət etmək üçün gəldiyi Ərzurumda yenə boş dayanmır. Hər fürsətdən istifadə edərək İslam dinini anlatmağa da­vam edir. Ərzurumun müxtəlif məscidlərində vəzlər verir, Ədirnədə olduğu kimi burada da böyük marağa səbəb olur. Verdiyi vəzlərdən birində xoşagəlməz bir hadisə baş verir.

Ərzurumdakı kino zallarından birində Həzrəti Aişənin həyatından bəhs edən bir film nümayiş etdirilməli idi. Filmdə Həzrəti Aişənin rolunu isə normal həyatında dini həsasslığı və yaşantısı olmayan bir qadın oynayacaqdı. Şəhərin hər yerində filmin reklamları gedirdi. Xoca Əfəndi bu hadisəni kürsüdə səsləndirir və vəzində:

- Sizin dininizi, peyğəmbərinizi ələ salacaqlar, siz də quzu kimi burada oturub məni dinləyəcəksiniz. Onlar əcdadımızın əziz ruhu ilə əylənəcəklər, siz də müsəlman olduğunuzu iddia edəcəksiniz, -deyərək həyəcanlı bir ş­ə­kil­də duyğularını dilə gətirir.

Xoca Əfəndinin bu sözləri söyləməkdə məqsədi müsəlmanları daha da şüurlu olmağa çağırmaq idi. Yoxsa hər hansı bir hadisənin baş verməsini istəmirdi. Çünkü həyatı boyunca hər zaman insanlara sabitliyin tərəfdarı olmağı tövsiyə etmişdi. O gün də sabitiliyi zədələmək kimi bir niyyəti yox idi. Lakin xitabəti çox güclü olduğu üçün təsirli sözləri camaat arasında böyük əks-səda doğurur və camaat məsciddən çıxaraq kinoteatra yürüyür. Xoca Əfəndi camaatın qarşısını almağa çalışaraq :

- Xeyr, xeyr, bizim küçələrə tökülmək kimi niyyətimiz olmamalıdır. Bu məsələni başqa yolla həll etmək lazımdır, -deyə səslənir.

Lakin izdihamın qarşısını almaq mümkün olmur. Camaat kinoteatra çatanda Ərzurumun məşhur qoçusu olan Qanlı Fuad oradan keçirdi. Kinoteatrın müdiri Qanlı Fuadı görüb onun bu izdihamı dağıda biləcəyini düşünərək dərhal yanına qaçır və:

- Xoca Əfəndi belə deyib, halbuki, filmdə heç bir problem yoxdur. Müfti də fətva verdi, -deyərək ondan izdihamın qarşısını almağı xahiş edir.

Qanlı Fuad Xoca Əfəndini tanıyan bir insan idi və ona böyük hörməti vardı. Onun adını eşidib dərhal:

- Xoca Əfəndi deyibsə, doğrudur, deyərək müdiri oradan qovur.

Xoca Əfəndinin heç istəmədiyi halda cərəyan edən bu hadisə xoşbəxtlikdən problemsiz qurtarır.

Ərzurumda olduğu dövrdə şəhərin mədəniyyət mərkəzində Həzrəti Mövlana ilə əlaqəli bir tədbir keçirilir. Tədbirdə Xoca Əfəndi də natiq qismində iştirak edir. Digər natiqlər Həzrəti Mövlananın dini həssaslığını anlatmaq ye­ri­nə, onu qərbli humanist bir insan kimi qələmə verməyə çalışarkən, Xoca Əfəndi Mövlananın Peyğəmbər Əfən­di­mizə (s.ə.s.) olan sevgisindən bəhs edir. Oxuduğu ərəbcə və farsca beytlərin tərcüməsini verərək izah etməsi ondan 40-50 yaş böyük universitet müəllimlərini təəccübləndirmiş və heyran qoymuşdu.

Xoca Əfəndi Ərzuruma bu gəlişindəki son vəzini vermək üçün kürsüyə çıxır. Məscid ağzınacan dolu idi. Camaat hər zamankı kimi onu dinləməyə gəlmişdi. Xoca Əfəndi vəzini bitirdikdən sonra:

- Sizə bu qədər vəz etdim, vəzifəmi yerinə yetirdimmi, -deyə cammatdan soruşur. Camaatın hamısı bir ağızdan:

- Allah şahiddir ki, sən vəzifəni yerinə yetirdin, -deyərək təqdir və məmnuniyyətlərini izhar edir.

Ərzurumda olduğu bu aylarda ailəsi Xoca Əfəndini evləndirmək istəyir. Anası ona "səni evləndirək" mənasında:

- Artıq başını bağlasaydıq, yaxşı olardı, -deyir.

Xoca Əfəndi:

- Ana, mənim başım onsuz da İslama xidmət etməklə bağlanıb. Üstəlik siz də bağlasanız, mən hərəkət etməkdən məhrum olaram, -deyərək bu təklifi qəbul etmir.

Məzuniyyətdən sonra yenidən İskəndəruna qayıdan Xoca Əfəndi yenə də boş dayanmır. Vaxtaşırı müxtəlif məscidlərdə vəzlər verir. Burada da xalqın böyük marağına səbəb olur. Lakin gözü götürməyənlər komandirlərini ona qarşı təhrik edirlər. Bir gün yenə vəz vermək üçün məscidə gedir. Vəz verir və Cümə namazını qıldırır. Məsciddən çıxdıqda çox fərqli bir mənzərə ilə qarşılaşır. Məscid hər tərəfdən əsgərlərlə əhatə olunmuşdu. Komandirlərdən biri:

- Vurun bu adamı, -deyə bağırır.

Elə bu vaxt Xoca Əfəndi qaçaraq gəlir və bölük komandirinə təslim olur. Beləcə onu gözü götürməyən bir neçə zabitin təhriki ilə planlanan bir qarışıqlığın qarşısı alınmış olur.

Planladıqları qarışıqlığı törədə bilməyənlərin Xoca Əfəndiyə qarşı kin və nifrəti hədsiz dərəcədə artır. Xoca Əfəndi nəzarət altına alınır və istintaqa cəlb edilir. İstintaq zamanı onunla şəxsi qərəzliyi olan bir neçə mənfur niyyətli insandan başqa hər kəs Xoca Əfəndi haqqında təqdirəlayiq fikirlər söyləyir və onun günahsız olduğunu bildirir. Hətta dinə baxışı çox müsbət olmayan bir komandir belə onun haqqında:

- O, bu qarnizonda əxlaqı ilə seçilən yeganə insandır. Onun kimi ikinci bir insanı göstərmək mümkün deyil -deyərək Xoca Əfəndi haqqında heyranlığını dilə gətirir.

Digər zabitlərin də oxşar ifadələri nəticəsində Xoca Əfəndi sərbəst buraxılır və hərbi xidmətini davam etdirir. Böyük bir həssaslıq, çalışqanlıq və sevgi ilə yerinə yetirdiyi əsgərlik xidmətini başa vuraraq Ərzuruma qayıdır.

Ərzurum onun həyatında müstəsna bir yerə malik idi. Lakin o, çox sevdiyi səhabələrin həyatını nümunə götürmüşdü. Səhabələr dinlərini yaymaq üçün doğulub böyü­dük­ləri və bütün qohum əqrabalarının olduğu yerdən başqa diyarlara getmişdilər. Xoca Əfəndi də bu niyyətlə Ərzurumda qalmayıb Ədirnəyə dönür.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.