Amansız Təqiblər Dövrü
12 Mart Çevrilişi
Xoca Əfəndi bütün vəzlərində insanları ictimai asayişi qorumağa çağırdığı bir zamanda küçələrdə cərəyan edən hadisələr qarşısıalınmaz hala gəlir. Nəhayət, 12 Mart 1971-ci ildə hərbi çevriliş baş verir. Çevrilişdən dərhal sonra bir çox insan günahsız yerə həbs edilir. Gunahkarlarla günahsızlar arasında heç bir fərqin qoyulmadığı bu zaman kəsimi Xoca Əfəndi üçün də sıxıntılı bir dönəmin başlandığının xəbərçisi idi.
Bir gün Xoca Əfəndi evə gəldikdə, içəridə polislərin olduğunu görür. Polislər Xoca Əfəndiyə:
- Xoş gəldin, -deyirlər.
Xoca Əfəndi həm az da olsa bir tikə yeyərək aclığını yatırtmaq, həm də onların gəliş məqsədini öyrənmək üçün polislərdən:
- Bir loğma alsam, gecikmərəm ki? -deyə soruşur. Polislər ona:
- Qarnını doyur, nə vaxt qayıdacağını bilmək olmaz, -deyə cavab verərək Xoca Əfəndini uzun müddət saxlayacaqlarını sezdirən cavab verirlər.
Xoca Əfəndi bir-iki tikə yedikdən sonra polislərlə gedir. Polis şöbəsində ilk rəsmi sənədləşmə aparıldıqdan sonra Xoca Əfəndi:
- Mənə bir az su gətirin, dəstəmaz alacağam, -deyir və su gətirildikdən sonra dəstəmaz alaraq gecə namazını qılır.
Daha sonra dindirilmə başlayır. Şərait çox cansıxıcı olsa da Xoca Əfəndi namazını qıldığı üçün çox rahat idi və içindən:
- Heç olmasa gecə namazımı qıldım, səhərə qədər hər hansı bir namazımın qəzaya qalması ehtimalı yoxdur. Nə edirlər etsinlər, -deyərək namazlarının ona ediləcək hər şeydən daha vacib olduğunu dilə gətirir.
Beləliklə, dindirmə başlayır. Müstəntiq ona qarşı bir çox əsassız ittihamlar irəli sürür. Xoca Əfəndi bütün bu ittihamlar qarşısında heyrətə düşür. Çünki sadalananlarla heç bir əlaqəsi yox idi. Müstəntiq bütün bu ittihamlardan sonra Xoca Əfəndidən soruşur.
- Bütün bunlara qarşı nə deyəcəksən?
Xoca Əfəndi isə:
- Sizin bu dediklərinizdən mən heç bir şey başa düşmədim. Mövzu mənə çox qarışıq gəldi, -deyərək irəli sürülən ittihamlarla heç bir əlaqəsi olmadığını söyləyir.
Heç bir ittihamın sübut olunmamasına baxmayaraq, Xoca Əfəndi və yaxın dostları həbs edilirlər. Orada da bir tərəfdən mənəvi yaşantısını son dərəcə həsaslıqla davam etdirir, digər tərəfdən də dinlə və mənəviyyatla heç bir əlaqəsi olmayan insanlara İslam dininin gözəlliklərini izah edir.
Həbsxananın qeyri-münasib şərtlərinə baxmayaraq, o, Allahı və Peyğəmbəri (s.ə.s.) insanlara anlatmaqdan bir an belə olsun yorulmur. Belə ki, o, hər fürsəti qənimət bilərək dindən bixəbər nə qədər insana Allahdan bəhs edir. Bunun nəticəsində isə onlarla insan Allahı inkar etməkdən vaz keçir və həyatını İslam dininin əmrlərinə uyğun yaşamağa başlayır.
Bir gün atası həbsxanaya Xoca Əfəndini ziyarət etməyə gəlir. Xoca Əfəndi: Ata, necəsən, anam necədir? -deyə soruşur. Atası:
- Anan kəndə getdi, -deyir. Bunu eşidən Xoca Əfəndi:
- Niyə, nə olub ki? deyə soruşanda atası:
- Ənvər ağır xəstədi, -deyərək hönkür-hönkür ağlayır. Atasının bu vəziyyətindən Xoca Əfəndi əmisinin vəfat etdiyini anlayır və o da ağlamağa başlayır.
Çətin həbsxana şəraitinin verdiyi narahatçılıqla yanaşı, çox sevdiyi Ənvər əmisinin vəfatı Xoca Əfəndini dərin hüznə qərq edir.
Əmisinin vəfat etməsinin səbəbi isə, Xoca Əfəndinin günahsız yerə tutulması idi. Xoca Əfəndinin həbs edilməsi xəbərini eşidəndə, evə gəlir və:
- Hacını həbs ediblər, -deyərək dərdli-dərdli bir ah çəkir. Daha sonra isə otağına keçir, yatağına girir və bir daha qalxmır.
Xoca Əfəndi uzun məhkəmə prosesindən sonra, nəhayət, 1972-ci ildə həbsdən azad edilir.
Həbsdən çıxarkən çox kədərlənir Öz-özünə:
- Görəsən, hara gedim? -deyə fikirləşir. Gedəcək yeri yox idi. Çünki həyatı boyunca azacıq belə olsun mal, və ya mülk sahibi olmamışdı, ev-eşik sahibi olmağı heç ağlına da gətirməmişdi. Əlində çantası ilə tək qalan Xoca Əfəndi bir müddət düşündükdən sonra, nəhayət:
- Ana kimi yar olmaz, -deyərək Ərzuruma getmək qərarına gəlir.
Ərzuruma gələn Xoca Əfəndi burada çox az qalır. O, həyatını İslama xidmətə həsr etmişdi. Odur ki, qısa müddət sonra İzmirə geri qayıdır. İzmirdəkilər Xoca Əfəndinin yolunu gözləyirdi. Hər kəs onun öz rayon və ya qəsəbəsinə gəlməyini arzu edirdi. Xoca Əfəndini öz qəsəbələrinə dəvət etməyə gələn Edremitin tanınmış simalarından Arif Çağan və Edremit müftisi Xoca Əfəndiyə:
- Xocam, nə olar Edremitə gəl, burada da fəaliyyət göstərə bilərsən, -deyərək onu Edremitə dəvət edirlər.
Xoca Əfəndi bir müddət düşündükdən sonra, Edremitə təyinat istəməyə razılıq verir və elə də olur.
Edremitlilər Xoca Əfəndini əvvəlcədən tanıyırdılar. Belə ki, Xoca Əfəndi İzmirdə fəaliyyət göstərdiyi zaman, Edremitə vəz verməyə gəlir. Arif Çağan Xoca Əfəndini dinləməyə gedir və vəzi dinlədikcə onun xitabətinə və elmi dünyagörüşünə heyran olur. Vəzdə bəhs edilənlər ona çox təsir edir. Lakin hələ Xoca Əfəndini yaxşı tanımırdı. Bu vəzi dinləyənlər arasında Edremitin o dövrdə mənəviyyat böyüklərindən olan Sarı Xoca da var idi. Vəzdən sonra Arif Çağan Sarı Xocanın yanına gedərək:
- Xocam, Xoca Əfəndi gəldi. Neyləməliyik? Ona sahib çıxaqmı? -deyə soruşur. Bunun cavabında Sarı Xoca:
- Öğlum, bu nə sözdü!? Bu, dərin dini elmə sahib bir adamdır. İman həqiqətlərini izah edir, deyərək Xoca Əfəndinin önəmli bir insan olduğunu dilə gətirir. Məhz bu vəz, Xoca Əfəndinin Edremitdə tanınmasına səbəb olmuşdu. Odur ki, onun bura gəlməsi insanlar üçün böyük sevincə çevrilir. Təxminən iki il fəaliyyət göstərdiyi Edremitdə də boş dayanmayan Xoca Əfəndi, insanların mənəvi xəstəliklərinə dərman olmaq üçün yorulmadan çalışır.
Edremitdən sonra, təyinatı Manisaya verilən Xoca Əfəndi burada da eyni ruh və eyni coşqunluqla və İslama xidmət etməyə davam edir.
Manisaya gəlməsindən bir müddət sonra atası Ramiz Əfəndi vəfat edir. Atasının Xoca Əfəndi ilə son görüşü vəfatından bir neçə gün əvvəl olur.
Təyinatı Manisaya verilən Xoca Əfəndi oraya getməzdən əvvəl atasına baş çəkir. Bu ziyarətin sonunda atasına:
- İcazə verirsinizsə, gedim işimə başlayım, -deyir. Atası əvvəlcə:
- Getmə. Qarşıdan gələn cümə axşamından sonra gedərsən, -deyərək ondan getməməyini istəyir. Lakin daha sonra gözü yol çəkir və hüznlə ona baxır və:
- Get! Burada bir cüt göz, orada isə minlərlə göz səni gözləyir -deyərək icazə verir.
Bu vidalaşmadan sonra Xoca Əfəndi İzmirə qayıdır. Atasından ayrılandan sonra heç bir həftə keçmir ki, Ərzurumdan atasının vəfat xəbəri gəlir. Həyatı boyu böyük sevgi bəslədiyi və ehtiram göstərdiyi, hətta kölgəsinə belə ayaq basmadığı atasının vəfatı onu çox məyus edir. Ancaq o həyatını İslama xidmətə həsr etdiyi üçün bu ağrını da qəlbinə gömür və atasının Ərzurumda dəfnindən sonra vəzifəsinin başına qayıdır.
Rəsmi işi Manisada olmasına baxmayaraq, o hər yerdə sözünün keçdiyi bütün xeyirxah insanlara, millətin mənəvi xəstəliklərinin qarşısını almaq üçün, müxtəlif müəssisələr açmağın əhəmiyyətindən bəhs edir. Beləliklə, də müxtəlif rayonlarda bu məqsədə xidmət edən bir neçə müəssisə açılır. O, yalnız rəsmi vəzifəsini icra edib digər işlərdən əl-ətəyini çəkmirdi. Tez-tez başqa rayon və qəsəbələrə gedir və vəzlər verirdi.
Xoca Əfəndi milləti mənəvi xəstəliklərdən xilas etməyə çalışarkən, ölkənin tərəqqisini istəməyən bəzi daxili və xarici qüvvələr anarxiya və özbaşınalıq meydana gətirməyə çalışırdı. 1977, 1978 və 1979-cu illər küçəyə çıxmağın belə, demək olar ki, qeyri-mümkün olduğu ən çətin illər idi.
Küçələr başqalarının tələsinə düşən, vətəni və milləti üçün xeyirli işlər görmək yerinə, bir-biri ilə didişən gənclərlə dolu idi. Hər yanda anarxiya və özbaşınalıq hökm sürürdü. Bu vəziyyət Xoca Əfəndi üçün də çox üzücü idi. Özbaşınalıq o qədər böyük vüsət almışdı ki, anarxist gənclər dükanlara hücum edir və xüsusilə də, xeyirxah fəaliyyətlərə maddi dəstək verən sahibkarlara:
- Dükanınızı bağlayacaqsınız və beləcə hakimiyyəti boykot edəcəksiniz. Biz necə istəyiriksə, elə davranacaqsınız. Yoxsa, sizə və dükanınıza zərər verərik, -deyərək onları təhdid edirdilər.
Bu vəziyyəti Xoca Əfəndiyə danışan iş adamlarına Xoca Əfəndi:
- Nəbadə, bir qrup həddini bilməyən anarxistin təhdidinə boyun əyərək, dediklərini edəsiniz. Dükanlarınızı açın və ticarətinizlə məşğul olun. Əgər mallarınızı müdafiə edərkən ölsəniz, şəhid olarsınız, -deyərək ölkənin qarışıqlığa sürüklənməməsinin, bunun üçün isə insanların var gücü ilə mübarizə etməsinin zəruri olduğunu bildirir.
Xoca Əfəndinin sözləri təsirli olur və anarxistlər bu sahədəki məqsələrinə çata bilmirlər. Lakin ölkənin xaosa sürüklənməsi üçün qurulan plan o qədər ustalıqla hazırlanmışdı ki, nəhayət, 12 sentyabr 1980-ci ildə hərbi çevriliş olur.
12 Sentyabr Çevrilişi
Çevrilişdən sonra Xoca Əfəndi vəzifəsini icra etmək imkanından məhrum olur. Eynilə 12 Mart çevrilişində olduğu kimi, əsassız iddialarla ittiham olunur, lakin əməllərində heç bir cinayət ünsürü tapılmır. Bununla yanaşı, vəz verməkdən məhrum edilir. Vəz kürsüləri onun üçün könül verdiyi İslam həqiqətlərini yaymaq üçün bir vasitə olduğundan çox vacib idi. Xoca Əfəndinin yeganə amalı Allah və Rəsulunun tanıdılması idi. Kürsülər onun bu qayəsinə xidmət etdiyi üçün çox dəyərli idi. Onun insanların marağını cəlb etmək və xitabət gücünü göstərmək kimi bir məqsədi əsla olmamışdı. O, kürsülərdə daima yaşadığını anlatmış, yaşamadığı bir şeyi əsla səsləndirməmişdi.
Ancaq onun vəz verməkdən məhrum edilməsi əsla Allah və Rəsulunu (s.ə.s.) anlatmaqdan vaz keçirməmişdi. Belə ki, qarşısına çıxan hər fürsətdə könül verdiyi müqəddəs dəyərlərin gözəlliyini insanlara anlatmağa çalışırıdı.
* * *
1986-cı ildə ikinci dəfə Həcc ziyarətinə gedir. Həcc zamanı onunla əlaqəsi olmayan bir hadisədə ittiham edilir və haqqında həbs qəti imkan tədbiri seçilir. Bu xəbəri eşidəndə, oradakı dostları:
- Xocam, Türkiyəyə qayıtsanız, günahsız olduğunuz halda, sizi məyus edə biləcək bəzi hadisələr baş verə bilər. Günahsız yerə sizi məhkəməyə çıxara bilərlər. Yaxşısı budur, siz burada qalın, -deyirlər.
Lakin Xoca Əfəndi:
- Xeyr, təklifiniz üçün çox sağ olun. Ancaq əgər qayıtmasam, bu, mənə qarşı irəli sürülən əsassız ittihamı qəbul etmək demək olar. Üstəlik, biz bu yola Haqqa xidmət üçün baş qoyduq. Anadolu insanı bizdən fəaliyyət gözləyir. Qayıtmalıyıq, -deyərək öz rahatlığını deyil, millətini düşündüyünü göstərir.
Məkkədə qalsa, bəlkə də, çox rahat ömür sürəcəkdi. Lakin bütün əziyyətlərə sinə gərərək Türkiyəyə qayıtmağı qərara alır. Suriyadan çətinliklə keçərək Kilisə gedir. Oradan da İzmirə gələrək könüllü surətdə Fövqəladə Hal Komandanlığına təslim olur. İfadəsi alınır və günahsız olduğuna qərar verilərək azadlığa buraxılır.
Xoca Əfəndi kürsüyə 1986-cı ildə qayıdır. Təxminən altı illik ayrılıq ona böyük üzüntülər yaşatmışdı . İlk vəzi bir Merac gecəsi ilə üst-üstə düşmüşdü. O, hər zamankı kimi gözüyaşlı halda kürsüyə çıxmışdı. Bir yandan Allah və Onun Rəsulundan (s.ə.s.) bəhs etməyin verdiyi həyəcan, digər yandan isə, altı ildir həsrətini çəkdiyi insanlara yenidən xitab etmənin verdiyi həyəcan bütün qəlbini bürümüşdü. Məsciddə böyük bir mənəvi ab-hava yaranır. Hər kəs altı illik ayrılıqdan sonra çox sevdiyi bir səsi yenidən eşitmək sevincinə qovuşmuşdu. Xoca Əfəndi vəzinə ümid dolu bu cümlələrlə başlayır:
- Zaman dayanmadan dövran edir. Lakin o düz bir xətt kimi daima bir istiqamətdə cərəyan etmir. Bir gün bəzilərinə bayram olur, o biri gün isə, bir başqasına. Bu gün dərənin dibində çırpınanlar, sabah zirvələrdə gəzməyə namizəddirlər.
Göz yaşları içində söylədiyi bu sözlər, həm camaata ümid verir, həm də həsrətin sonu çatdığını müjdələyirdi.
1989-cu il idi. Xoca Əfəndi həyatının hər anında hər fürsətdə bəhs etdiyi Həzrəti Peyğəmbər (s.ə.s.) haqqında danışacağı vəzlər silsiləsinə başlayır. Bu vəzlər 53 həftə davam edir. Xoca Əfəndi o günə qədər ən gözəl sözlərlə vəsf edilən Peyğəmbəri (s.ə.s.) yenə şəkildə, amma tamamilə yeni üslubla və fərqli yönlərilə anladır. Onun vəzlərini fərqləndirən ən böyük cəhət Həzrəti Peyğəmbərə (s.ə.s.) qarşı duyduğu bənzərsiz sevgi idi. O, ismini hər andıqda sanki qəlbini riqqətə gətirəcək Peyğəmbərini İnsanlığın İftixarı kimi hər kəsə sevdirməyə çalışırdı.
Bu illərdə Xoca Əfəndi Sevgili Peyğəmbərimizi (s.ə.s.) anlatdığı vəzlərlə yanaşı, Süleymaniyyə Məscidi başda olmaqla bir çox digər böyük məscidlərdə də vəz verir. Vəzlərində on minlərlə insan iştrak edirdi. Bu vəzlərində ən çox üzərində durduğu xüsus isə, Anadolu insanının dindaşlarına və soydaşlarına sahib çıxmalarının vacibliyi idi.
1990-cı illərin əvvəllərində Sovet İttifaqı dağılır, türk xalqları müstəqilliyə qovuşur. Hələ heç kim Orta Asiyada yaşanan sıxıntılardan bəhs etmədiyi bir vaxtda, Xoca Əfəndi ətrafındakı insanlara:
- Gedin oralarda yataqxana, məktəb açın və darda olan soydaşlarınıza yardım əlinizi uzadın, onlara sahib çıxın, -deyərək onları Orta Asyadaki Türk cümhuriyyərtlərinə getmələri üçün təşviq edir.
Xoca Əfəndinin bu tövsiyəsini yerinə yetirən xeyirxah iş adamları, böyük çətinliklərə baxmayaraq, oralara gedərək məktəblər açır və oradakı insanlarla dostluq və qardaşlıq körpüləri qururlar.
1993-cü il Xoca Əfəndi üçün çox ağır olur. Anası vəfat edir. Onun dünyasında anasının xüsusi bir yeri var idi. O analar haqqındakı fikirlərini belə ifadə etmişdi:
- Ana fanilər arasında ən əziz varlıqdır. Cənnət onun ayaqları altındadır. Ananın ayaqqabısının tozu, gözlərə çəkilən sürmə qədər əziz, ayaqlarına qoyulan başlar da ərşə yüksələn başlar qədər ucadır. Ana inləyən bir varlıqdır. Bir ömür boyu dərd və iztirab çəkən bir varlıq.
Öz anası isə onun ilk müəlliməsi olmuşdu. Anasının son günlərini və vəfat etdikdən sonra içində meydana gələn boşluğu belə ifadə edirdi:
- Anam vəfat edərkən yanında ola bilmədim. İstanbula getmişdim. Anamın ölümünə dözə bilmərəm deyərək hər zaman ondan daha əvvəl ölməyi arzulayırdım. Lakin sonra ağlıma gəldi ki, anam mənim ölümümə dözməz. Odur ki, elə dua etməkdən vaz keçdim. Nə vaxt onu görməyə gəlsəm, o xəstə halı ilə yanıma gələr, ayaqlarıma toxunar, corablarımı yoxlayar və “yəqin ayaqların üşüyür” deyərdi. Çox bəsirətli bir insan idi. Bəzən dostlarım haqqında suallar verər, fəaliyyətlərimizlə maraqlanardı. Suallardan xoşlanmadığımı hiss edincə dərhal mövzunu dəyişdirər və yanımızdakılara “nə durmusunuz, Hacıya bir çay dəmləyin” deyərdi. İndi heç cür onun boşluğunu doldura bilmirəm.
- tarixində yaradılmışdır.